Xulio İqlesias de la Kueva (; ) — musiqi tarixində ən populyar ispan müğənnisi. Onun 14 dildə ifa etdiyi mahnılardan ibarət 77 albomu 300 milyon nüsxədən artıq satılmışdır. "Sony Music" şirkətinin məlumatına əsasən o, ən çox albom satışı göstəricisinə malik olan 10 müğənni arasında yer alır. Dəfələrlə "Qremmi" mükafatına layiq görülmüş və İspaniyanı 1970-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Bir müddət amerikalı müğənni Dayana Rossla birlikdə çıxış etmişdir.

Tələbəlik illərində Real Madrid futbol klubunun gənclərdən ibarət komandalarından birinin qapıçısı olmuşdur. Lakin 1963-cü il sentyabrın 22-də düşdüyü avtomobil qəzası onun futbolçu karyerasına son qoymuşdur.

Xulio İqlesias 2 dəfə evlənmişdir. Birinci həyat yoldaşı İzabel Preyslerlə evliliyindən 3 uşağı var: qızı Mariya İzabel, oğlanları Xulio İqlesias və atasının yolunu davam etdirən məşhur müğənni Enrike İqlesias. İkinci həyat yoldaşı Miranda Reynsburgerlə 20 il birgə yaşasa da, yalnız 2010-cu ilin avqust ayında rəsmi evlənmişdir. Miranda ilə birgə ailə həyatından Xulionun 5 uşağı dünyaya gəlmişdir: oğlanları Migel Alehandro, Rodriqo və Gilyermo, əkiz qızları Viktoriya və Kristina.

Müğənninin rəsmi saytında verilən məlumata görə, 2010-cu il 1 noyabr tarixinədək onun 300 milyon albomu satılmışdır. 2011-ci ilin martında isə onun ən məşhur hitlərinin toplandığı "Numero 1" adlı albomu satışa çıxarılmışdır.

Müğənni 1999-cu ilin iyul ayında Bakıda iki günlük konsert proqramı ilə çıxış etmişdir.

2013-cü il aprelin 1-də Pekində müğənniyə iki tarixi mükafat verilmişdir. Onlardan biri Ginnesin Rekordlar Kitabının "Ən çox mahnısı satılan ispandilli müğənni" mükafatı, digəri isə "Sony Music China" şirkəti tərəfindən təqdim edilən "Çində bütün dövrlərin Birinci və Ən məşhur beynəlxalq müğənnisi" mükafatıdır.

Diskoqrafiya

İstinadlar

Kateqoriya:İspaniya müğənniləri Kateqoriya:1943-cü ildə doğulanlar Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:İspaniyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Madriddə doğulmuş futbolçular Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları