250 px|thumb|Kasaya qoyulmuş qatıq Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı qidadır. Xüsusilə kalsiumla zəngindir.
Qatıq Qafqazda çox qədim zamanlardan hazırlanan turşudulmuş süd məhsuludur. Bakterial mayadan və texnololi proseslərdən asılı olaraq qatığın Adi, Meçnikov, Cənub, Asidofil, Ryalenka, Varenes və s. çeşidi istehsal edilir. Azərbaycanda əsasən qoyun, inək və camış südündən qatıq hazırlanır.
Adi qatıq istehsalında süd turşusunu qıcqırdan mezofil streptokokk bakteriyalardan hazırlanmış mayadan istifadə olunur. Mayalanma 36–38°Cdə 6 saatadək başa çatır. Adi qatığın yağlılığı 3,2%, turşuluğu 11–12° T-dir.
Meçnikov qatığının istehsalında termofil süd turşusunu qıcqırdan bakteriyalardan əlavə bolqar çöplərindən də istifadə olunur. Mayalanma 40–45°C-də 3–4 saata başa çatır. Yağlılığı 3,2% və 6%, turşuluğu 13–14° T-dir.
Asidofilli qatıq istehsalında süd 85–90°C-də pasterizə edilir, 40–45°C-yə qədər soyudulur, üzərinə asidofil və bolqar çöplərindən hazırlanmış mayadan, südün kütləsinin 5%-i qədər əlavə edilir. 42–45°C-də 4–5 saat termostatda saxlanılır. Müsbət 5–8° C-yə qədər soyudulur. Yağlılığı 3,2%, turşuluğu 10–14° T-dir.
Ryalenka qatığının istehsalında termofil süd turşusunu qıcqırdan streptokokklardan istifadə edilir. Mayalanma 45°C-də 2,5–3 saata başa çatır. Rəngi açıq qəhvəyidir. Ondan 3% zərdab ayrılması normaldır. Yağlılığı 4% və 6%, turşuluğu 11–12° T-dir.
Cənub qatığının istehsalında süd turşusunu qıcqırdan streptokokklardan və bolqar çöplərindən 4:1 nisbətində istifadə edilir. Qıcqırdılma 37°C-də 4–5 saat davam edir. Bunun dadı süd turşulu, konsistensiyası bircinsli, xamayabənzər olmaqla rəngi ağdır. Yağlılığı 3,2%, turşuluğu 9–12° T-dir.
Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir.
Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir.
Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
İstinadlar
Mənbə Ev şəraitində qatıq hazırlamaq
Kateqoriya:Süd məhsulları Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Azərbaycan içkiləri Kateqoriya:Qazaxıstan mətbəxi Kateqoriya:Özbəkistan mətbəxi Kateqoriya:Başqırdıstan mətbəxi Kateqoriya:Tatarıstan mətbəxi Kateqoriya:Türkmənistan mətbəxi Kateqoriya:Türkiyə mətbəxi