İsayev Əhməd Məmməd oğlu () — yazıçı-publisist, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar jurnalisti (1987), "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri.
Həyatı Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Suvagil kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl qiyabi, sonra əyani oxuyub. Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970–1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990–1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiridir.
1957-ci ildən mətbuatda çıxış edir. Tarixi mövzulara, sənədli publisistikaya daha çox üstünlük verir. İki minədək qəzet və jurnal məqaləsinin, otuzdan çox kitabın müəllifidir. Jurnalist axtarışlarına əsasən 1985-ci ildə Leninqrad Sənədli Filmlər Studiyasında "Cəbhədən məktublar" adlı qısametrajlı film çəkilib, "Boş barılar" pyesi (1988) Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Hökumət nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə (1974, 1992), Yunanıstanda (1977), Fransada (1985), Bolqarıstanda (1987), İngiltərədə (1994) olub. İtaliyada (1981) "Unita" qəzetinin festivalında və Misirdə (1995) beynəlxalq informatika kurslarında Azərbaycanı təmsil edib. 1999-cu ildə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib.
Nailiyyətlər Dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə ona SSRİ Jurnalistlər İttifaqı tərəfindən "İlin ən yaxşı jurnalisti" adı verilib. Moskvada çıxan "Jurnalist" jurnalının üç dəfə (1977, 1981, 1982) xüsusi diplomunu alıb. Respublika Ziyalılar Cəmiyyəti İdarə heyətinin qərarı ilə (1999) "XX əsrin fəxri ziyalısı" diplomu, Qafqaz-Media ictimai birliyi tərəfindən "Peşəkar jurnalist" (2008) mükafatı verilib. 1970-ci ildə "Rəşadətli əməyə görə" və 2005-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.
"Azərbaycan Respublikasının ictimai və mədəni həyatındakı böyük xidmətlərə görə" Azərbaycan prezidenti İlham Əliyevin 11 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb. Dəfələrlə Azərbaycan jurnalistlərinin, 1982-ci ildə isə SSRİ Jurnalistlər İttifaqının beşinci qurultayının nümayəndəsi olub. On altı il dalbadal Azərbaycan Jurnalistlər İttifaqının idarə heyətinə üzv seçilib.
Əsərləri Yeniliyin sorağında. 1967 Biz yanmasaq. 1971 Dağlar da baş əyir. 1979 Göyərçin pərvazlanır. 1980 Sevgi saxladı bizi. 1982 Nə yaxşı ki, sən varsan. 1983 Эхо дальных боев. 1985 Bir bulaq çağlayırdı. 1987 Üsyan. 1989 Gəncədən ucalan yol. 1992 Əli bulağı. 1996 Səni kim unudar? 1999 Nigaran qalma ana. 2001 El ağsaqqalı. 2003 Vaxtsız sönən üç ulduz. 2004 İlisu Sultanı Daniyal bəy. 2005 Gəncə şəhidləri. 2006 Gəncə və gəncəlilər. 1991, 1998, 2002, 2008 Saxurların gözü Suvagil. 2008
İstinadlar
Kateqoriya:Saxurlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan jurnalistləri