Məhəmməd Cavad Zərif Xunsari (; ) — İran siyasətçisi, diplomatı, akademiki və dövlət xadimi. İran İslam Respublikasının xarici işlər naziri (15 avqust 2013 – 25 avqust 2021). O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləmişdir. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi.
Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik etmişdir. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarmışdır. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulmuşdur.
Zərif bir neçə daxili və beynəlxalq vəzifələrdə də çalışmışdır – xarici işlər nazirinin baş məsləhətçisi, xarici işlər nazirinin qanuni və beynəlxalq işlərdə müavini, BMT-nin Sivilizasiyalar Arasında Dialoq üzrə görkəmli şəxslər qrupunun üzvü, Nyu-York şəhərindəki BMT-nin Silahsızlaşdırma Komissiyasının başçısı, BMT-nin ümumdünya idarəetmə üzrə görkəmli şəxslər qrupunun üzvü və Azad İslam Universitetinin beynəlxalq işlər üzrə vitze-prezidenti.
Həyatı
İlk illəri və təhsili Məhəmməd Cavad Zərif Xunsari 7 yanvar 1960-cı il tarixində İranın paytaxtı Tehran şəhərində anadan olmuşdur. "The New Republic" jurnalının verdiyi məlumata görə, Zərif Tehranda zəngin, dindar və siyasi cəhətdən mühafizəkar olan bir tacir ailəsində anadan olmuşdur. Onun atası İsfahan şəhərinin ən görkəmli biznesmenlərindən biri, anası isə Tehran şəhərinin ən tanınmış biznesmenlərindən birinin qızı idi. O, özəl dini məktəb olan Tehran şəhərindəki Ələvi məktəbində təhsil almışdır.
Zərifin valideynləri onun televiziya, radio və qəzetlərlə maraqlanmasına icazə vermirdi. Onun yerinə Zərif Əli Şəriəti və Səməd Behrənginin kitablarını oxuyaraq inqilabı ideyaları mənimsəmişdir.
Zərif 17 yaşında ikən İrandan ABŞ-yə köçmüşdür. O, Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən və özəl kollec-hazırlıq orta məktəbi olan Drü Kollec Hazırlıq Məktəbində təhsil almışdır. Zərif təhsilini San-Fransisko Dövlət Universitetində davam etdirib və ikisi də beynəlxalq münasibətlər üzrə olmaqla oranı 1981-ci ildə İ. B., 1982-ci ildə isə İ. U. dərəcləri ilə bitirmişdir. Bunun ardından Zərif təhsilini Denver Universitetindəki Cozef Korbel adına Beynəlxalq Elmlər Məktəbində davam etdirib. O, buranı 1984-cü ildə beynəlxalq münasibətlər üzrə ikinci İ. U. dərəcəsini alaraq, 1988-ci ildə isə hüquq və siyasət üzrə fəlsəfə doktoru elmi dərəcəsini alaraq bitirmişdir. Onun tezisinin adı – "Beynəlxalq hüquqda və siyasətdə özünümüdafiə".
Bitirdiyi məktəbdə professor olan və Zərifin dissertasiyasını nəzərdən keçirən komitəyə sədrlik edən Tom Rou Zərif haqda "o, dərs keçdiyim ən yaxşı tələbələrdən biri idi" demişdir. Vaxtilə Zərifə dərs keçmiş və onun dissertasiyasını nəzərdən keçirən komitənin üzvü olan Ved Nanda Zərif haqda "o, sinif otağında yaxşı idi. O vaxtlar… mən fikirləşirdim ki, öz ölkəsinin taleyində böyük rol oynacaq" demişdir.
Şəxsi həyatı Məhəmməd Cavad Zərif evlidir və iki övladı var (1-i qız, 1-i oğlan). Onların ikisi də ABŞ-də anadan olublar. O, indiki həyat yoldaşı ilə 1979-cu ilin yayında bacısı vasitəsilə tanış olmuşdur. Onlar İranda evləniblər, ancaq İran İslam İnqilabı səbəbilə ABŞ-nin Nyu-York şəhərinə köçməli olublar. Zərif ana dili olan farscadan əlavə, ingilis dilində də səlis danışır.
İctimai imici Zərif İranda güclü reputasiya və xalq arasında populyarlıq əldə etmişdir. "İnformasiya və İctimai Fikir Çözümləri MMC"-nin (İİFÇ) 2016-cı ilin mart ayında keçirdiyi sorğuya görə, Zərif İrandakı ən populyar siyasi xadimdir. Sorğuda iştirak edənlərin 76%-i lehinə, 7%-i isə əleyhinədir.
Təltif və mükafatlar IX İran Milli Sənaye Çempionları Festivalıda "Diplomatiya Çempionlar Çempionu": 2014 "KhabarOnline" saytının "İlin siması": 2014 "TIME" jurnalının "dünyanın ən təsirli 100 adamı" (2): 2014, 2015 "Global Risk Insights" saytının "Siyasi riskdə ilin adamı": 2015 "Chatham House Prize": 2016 (Con Kerri ilə)
Milli ordenlər Lent Fərqləndirmə Ölkə Tarix Yer 50pxI dərəcəli "Ləyaqət və İdarəetmə" ordeni8 fevral 2016Tehran50px"And Kondoru" milli ordeni böyük xaçı26 avqust 2016La-Paz50px"Dostluq" ordeni10 sentyabr 2018Tehran
İstinadlar
Həmçinin bax İran xarici işlər nazirlərinin siyahısı Hüseyn Şeyx əl-İslam
Xarici keçidlər
Məqalələr
Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:İran diplomatları Kateqoriya:San-Fransisko Ştat Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:İranın kişi siyasətçiləri Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XXI əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri