S****miş dünyanın sonu () – Çarlz Forsmanın eyniadlı qrafik romanına əsaslanan Böyük Britaniya qara komediya teleserialı. Səkkiz seriyadan ibarət ilk mövsümü 24 oktyabr 2017-ci ildə Böyük Britaniyada Channel 4 vasitəsilə yayımlanmağa başlamış, daha sonra bütün seriyalar All 4 kanalı vasitəsilə buraxılmışdır. Netflix-in əməkdaşlığı ilə istehsal olunan serial 5 yanvar 2018-ci ildə Netflix platformasında buraxılmışdır. Teleserial özünü psixopat hesab edən 17 yaşlı Ceyms (Aleks Louter) və Ceymsin onu bərbad həyatından xilas edəcəyinə inanan üsyankar sinif yoldaşı Alissanın (Cessika Barden) macəralarından bəhs edir. Cemma Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri və Barri Uord köməkçi rollarda çıxış edirlər.

Teleserial Forsmanın 2013-cü ildə kitab şəklində buraxılmış "Sikilmiş dünyanın sonu" adlı mini-komiksinə əsaslanır. Serialın yaradıcısı Conatan Entvistl əvvəlcə onla film barədə görüşmüşdür. Lakin əvəzində teleserial çəkilməsinə qərar verilmişdir. Çəkilişlər 2017-ci ilin aprelində başlamışdır. Ssenaristi Çarli Kovell, rejissorları Entvistl və Lüsi Çernyakdır. 2018-ci ilin avqustunda Channel 4 teleserialın 2-ci mövsümünü anons etmişdir.

Teleserial tənqidçilərin müsbət rəylərini qazanmışdır. Ssenarisi, mövzusu və Louter ilə Bardenin performansları bəyənilmişdir. 2018-ci ildə Ən yaxşı dram nominasiyasında Britaniya Akademiyası Televiziya Mükafatına namizəd olmuşdur.

Məzmun Ceyms özünün psixopat olduğunu düşünən 17 yaşlı gəncdir. Hobbi kimi heyvanları öldürür, lakin axırda bundan sıxılır. İnsan öldürməyə qərar verir. Bunun üçün hədəf kimi sinif yoldaşı, problemli, üsyankar şəxsiyyətli 17 yaşlı Alissanı seçir. Alissa ona birlikdə qaçaraq bu sıxıcı həyatdan qurtulmağı və macəraya atılmağı təklif edir. Ceyms yolda onu öldürmək şansı əldə etmək ümidi ilə təklifi qəbul edir. Onlar bütün İngiltərə boyunca səyahətə çıxırlar və hekayənin gedişi zamanı aralarında münasibət qururlar.

Personajlar Əsas Aleks Louter Ceyms rolunda: özünün psixopat olduğunu düşünən 17 yaşlı gənc. Alissaya qarşı sevgi münasibəti də bəsləyir. Cek Vil gənc Ceymsi canlandırır. Cessika Barden Alissa rolunda: üsyankar gənc qız. Əvvəlcə Ceymsin qurbanı, sonra isə onun sevdiyi qız olur. Holli Biçi gənc Alissanı canlandırır. Cenna Uilan polis Yunis Nun rolunda: Dareqonun polis partneri. Vunmi Mosaku polis Teri Dareqo rolunda: Nunun polis partneri. Stiv Oram Fil rolunda: Ceymsin atası. Kristin Bottomli Qven rolunda: Alissanın anası. Nevin Çoudri Toni rolunda: Alissanın əxlaqsız ögey atası. Barri Uord Lesli Foli rolunda: Alissanın narkotik satıcısı olan atası.

Qonaq personajlar Kyerston Vareinq Debbi rolunda: Leslinin keçmiş sevgilisi. Onun Leslidən bir uşağı var. Ceff Bell Martin rolunda: Alissa və Ceymsi maşınına mindirən ailə adamı. Aleks Soyer Tofer rolunda: Alissanın tanış olduğu və onunla sekslə məşğul olmağa çalışdığı gənc. Conatan Eris həkim Klayv Kox rolunda: müəllif, professor və seriyalı qatil. Ceymsin ilk insan qurbanı. Eylin Deyvis Flora rolunda: Klayvın anası. Örl Keyv Frodo rolunda: yanacaqdoldurma məntəqəsinin işçisi. Felisiti Montaqu yanacaqdoldurma məntəqəsinin meneceri. Aleks Bekket Conno rolunda: Leslinin müştərilərindən biri. Leon Annor Emil rolunda: Alissanı yaxalayan paltar mağazası işçisi. Mett Kinq polis Eddi Onslou rolunda. Kelli Herrison Ceymsin ölü anası rolunda. Zerina İmsiroviç Alissanın körpə bacısı rolunda.

Seriya siyahısı

Qeydlər

Kateqoriya:Böyük Britaniya teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:2017-ci ilin teleserialları