Yozef Mengele (; ), Ölüm mələyi () və ya Ağ mələk ( və ya )) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir.

Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir. Auşvitzdə o, insan üzərində genetik tədqiqatlar aparmaq imkanı əldə edir. Öz eksperimentlərini əsasən əkizlər üzərində aparmağa fokuslanmış Mengele qurbanlarının sağlamlığını və həyat təhlükəsizliyini nəzərə almır və ya buna çox az əhəmiyyət verirdi.

Müharibədən sonra Cənubi Amerikaya qaçır. 1949-cu ilin iyul ayında keçmiş SS üzvlərindən ibarət bir şəbəkənin köməyi ilə Argentinaya gedir. Əvvəlcə Buenos-Ayres və ətraf ərazilərdə yaşayan Mengele daha sonra 1959-cu ildə Paraqvaya, 1960-cı ildə Braziliyaya qaçır. Bütün bu dövrlər ərzində onun məhkəmə prosesinə çıxarılmasını istəyən Qərbi Almaniya, İsrail və Simon Vizental kimi nasist ovçuları tərəfindən axtarışlar davam etdirilir. Mengele, Qərbi Almaniya hökumətinin ekstradisiya tələblərinə və İsrail xüsusi xidmət orqanı Mossadın gizli əməliyyatlarına baxmayaraq qaçıb qurtula bilir. 1979-cu ildə Bertioqa sahillərində üzərkən insult keçirib boğulur və Volfqanq Gerhard adı altında dəfn edilir. Onun cəsədinin qalıqları 1985-ci ildə məhkəmə ekspertizasına təqdim edildikdən sonra Yozef Mengeleyə məxsus olduğu təsdiq edilir.

İlk illəri Mengele 16 mart 1911-ci ildə Güntsburqda anadan olub. Valburqa Hupfauer və Karl Mengelenin üç oğlundan ən böyüyüdür. Karl və Alois onun kiçik qardaşlarıdır. Atası kənd təsərrüfatı avadanlıqları istehsal edən "Karl Mengele və Oğulları" şirkətinin təsisçisi olub. Mengele məktəbdə əla oxuyur və musiqi, incəsənət, xizəkçiliklə maraqlanırdı. Orta məktəbi 1930-cu ilin aprelində bitirib fəlsəfə üzrə təhsil almaq məqsədilə Nasist Partiyasının qərargahının yerləşdiyi Münhenə gedir. 1931-ci ildə Polad dəbilqə () adlı paramilitar təşkilata qoşulur. Həmin təşkilat 1934-cü ildə nasist Hücum bölüklərinə () daxil edilir. 1935-ci ildə Mengele Münhen Universitetində antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi alır. 1937-ci ilin yanvarında Frankfurtdakı İrsi Biologiya və İrqi Gigiyena İnstitutunda işə başlayır: burada əkizlərin araşdırılmasına xüsusi maraq göstərən alman genetiki həkim Otmar Frayherr fon Ferşuer ilə çalışır.

Ferşuerin köməkçisi kimi, Mengele diqqəti dodaq-damaq yarığı və çənə yarığı ilə nəticələnən genetik amillərə yönəldirdi. Bu mövzuya dair tezisi ona 1938-ci ildə Frankfurt Universitetindən tibb üzrə doktorluq dərəcəsi qazandırmışdı. Hər iki elmi dərəcəsi 1960-cı illərdə müvafiq universitetlər tərəfindən ləğv edilir. Öz rəyində Ferşuer Mengelenin etibar ediləcək biri olduğunu qeyd edir və mürəkkəb materialı şifahi formada aydın şəkildə təqdim etmək bacarığını yüksək qiymətləndirir. Amerikalı müəllif Robert Cey Lifton Mengelenin nəşr olunan əsərlərinin dövrün elmi fəaliyyətlərinə uyğun olduğunu və ehtimal ki, hətta Nasist Almaniyasından kənarda da mötəbər elmi səylər kimi qiymətləndiriləcəyini qeyd edirdi.

28 iyul 1939-cu ildə Mengele Leypsiqdə rezidenturada olarkən tanış olduğu İren Şönbeynlə evlənir. Onların yeganə oğlu Rolf 1944-cü ildə dünyaya gəlib.

Hərbi xidmət dövrü Nasizm ideologiyası antisemitizm, irqi gigiyena və yevgenika elementlərini bir araya gətirir və alman xalqı üçün daha çox yaşayış sahəsi () əldə etmək məqsədi ilə onları pangermanizm və ərazi ekspansionizmi ilə birləşdirirdi. Nasist Almaniyası Polşaya və Sovet İttifaqına hücum edərək burada yaşayan və nasistlər tərəfindən Ari ali irqinə tabe hesab edilən yəhudiləri və slavyanları deportasiya etmək və ya öldürmək niyyəti ilə bu yeni əraziləri ələ keçirməyə çalışırdı.

Mengele 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə (mühafizə eskadronu) üzv olur. İlk əsas təlimini 1938-ci ildə yüngül piyada dağ qoşunları () ilə alır. 1940-cı ilin iyununda İkinci Dünya müharibəsinin başlamasından bir neçə ay sonra Vermaxta (Nasist silahlı qüvvələri) hərbi xidmətə çağrılır. Tezliklə SS-in döyüş qolu olan SS qoşunlarında () könüllü olaraq tibbi xidmətə başlayır. Burada o, 1940-cı ilin noyabrına qədər tibbi ehtiyat taborunda SS-Unterşturmfürer (ikinci leytenant) rütbəsi ilə xidmət edir. Daha sonra Poznanda SS-in irq və məskunlaşma məsələləri üzrə əsas idarəsinə təyin edilən Mengele burada namizədlərin germanizasiyasını qiymətləndirirdi.

1941-ci ilin iyun ayında Mengele II dərəcəli Dəmir xaç ordeninə layiq görüldüyü Ukraynaya göndərilir. 1942-ci ilin yanvarında 5-ci SS Tank Diviziyası "Vikinq"də taborun hərbi həkimi kimi fəaliyyət göstərir. İki alman əsgərini yanan bir tankdan xilas etdikdən sonra I dərəcəli Dəmir xaç ordeni, qara rəngdə "Yaraya görə" döş nişanı və alman xalqına qayğısına görə medalla təltif edilir. 1942-ci ilin ortalarında Rostov-na-Donu yaxınlığında döyüş zamanı ağır yaralandığına görə fəal hərbi xidmət üçün yararsız elan edilir. Sağaldıqdan sonra SS-in irq və məskunlaşma məsələləri üzrə əsas idarəsinin Berlindəki baş qərargahına köçürülür; həmin dövrdən etibarən Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsi və Yevgenika İnstitutunun yeni direktoru Ferşuer ilə əməkdaşlığını davam etdirir. Mengele 1943-cü ilin aprelində SS-Hauptşturmfürer (kapitan) rütbəsinə yüksəlir.

Auşvitz 330px|thumb|right|Birkenaunun girişində Macarıstan yəhudilərinin "seçimi" aparılır. 1944-cü ilin may–iyun ayları.

Əvvəlcə əsir işçilər üçün nəzərdə tutulan Auşvitz II-Birkenau 1942-ci ildə əmək düşərgəsi və məhvetmə düşərgəsi olaraq istifadə edilməyə başlandı. Məhbuslar düşərgəyə Almaniyanın işğalı altında olan Avropanın hər yerindən dəmir yolu ilə daşınır və müşayiət altında gətirilirdilər. 1942-ci ilin iyul ayına qədər SS həkimləri gələn yəhudilərin ayrıldığı yerlərdə "seçimlər" aparırdılar və işləməyə qadir olanlar düşərgəyə daxil olur, əmək qabiliyyəti olmayan hesab edilənlər isə dərhal qaz kameralarında öldürülürdülər. Ölümə göndərilənlər əraziyə gələnlərin dörddə üç hissəsini təşkil edirdi. Onların sırasına demək olar ki bütün uşaqlar, azyaşlı uşağı olan qadınlar, hamilə qadınlar, bütün yaşlılar və SS həkiminin qısamüddətli və səthi aparılan müayinəsinə əsasən tamamilə qeyri-sağlam və yararsız hesab edilən bütün şəxslər daxil idi.

1943-cü ilin əvvəlində, Ferşuer tərəfindən həvəsləndirilən Mengele, həbs düşərgəsinə göndərilmək üçün müraciət edir. Müraciəti qəbul edilir və o, Auşvitzə göndərilir. Burada Auşvitzin baş hərbi həkimi SS-Ştandortarzt Eduard Virts tərəfindən Auşvitz kompleksində yerləşən alt düşərgələrdən birinin — Birkenaudakı qaraçı ailə düşərgəsinin () baş həkimi vəzifəsinə təyin edilir. SS həkimləri Auşvitz dustaqlarını müalicə etmir, sadəcə düşərgənin səhiyyə xidmətində çalışmaq məcburiyyətində qalan dustaq həkimlərin fəaliyyətinə nəzarət edirdilər. Üzərinə qoyulan vəzifələrini icra edən Mengele hər həftə xəstəxana-baraklara baş çəkir və iki həftə ərzində yataqda müalicə aldıqdan sonra sağalmayan hər bir məhkumun qaz kameralarına göndərilməsini əmr edirdi.

Mengele həm də öz eksperimentləri üçün tədqiqat obyekti tapmaq ümidilə, hətta ona belə bir tapşırıq verilməsə də, xüsusi maraq göstərdiyi əkizlərin seçilməsi ilə məşğul olurdu. Seçimləri ən stresli və xoşagəlməz vəzifələrindən biri kimi görən digər SS həkimlərinin əksinə, o, bu vəzifəni gözəbatan tərzdə böyük bir sevinclə, tez-tez gülümsəyərək və ya mahnı zümzümə edərək icra edirdi. O, eyni zamanda Birkenau qaz kameralarında kütləvi qırğınlarda istifadə olunan sianid əsaslı pestisid olan Siklon B-nin istifadəsinə nəzarət edən SS həkimlərindən biri idi. Bu vəzifəsini IV və V krematoriylərdə yerləşən qaz kameralarında icra etmişdi.

1943-cü ildə qaraçı düşərgəsində noma xəstəliyinin (ağız və üzün qanqrenli bakterial xəstəliyi) baş qaldırması ilə Mengele xəstəliyin səbəbini müəyyənləşdirmək və müalicəni inkişaf etdirmək üçün bir araşdırma başladır. Praqa Universitetinin yəhudi əsilli uşaq həkimi və professoru Bertold Epştaynı işə cəlb edir. Xəstələr ayrı bir barakda təcrid edilir. Ağrılara tab gətirə bilməyən bir neçə uşaq öldürülür ki, onların başları və orqanları Qratsdakı SS Tibb Akademiyasına və digər müəssisələrə göndərilsin. Bu tədqiqat qaraçı düşərgəsi ləğv edilənədək və 1944-cü ildə qalan sakinləri öldürülənədək davam etdi.

Qadın düşərgəsindəki tif epidemiyasına cavab olaraq, Mengele altı yüz yəhudi qadının bir blokunu düşərgədən təmizlədi və qaz kameralarında ölümə göndərdi. Bundan sonra bina təmizləndi və dezinfeksiya edildi, qonşu blokun sakinləri yuyuldu, bitdən və bakteriyalardan təmizləndi və təmiz bloka keçməzdən əvvəl onlara yeni geyim verildi. Bu proses bütün baraklar dezinfeksiya olunana qədər təkrarlandı. Bənzər prosedurlar daha sonra skarlatina və digər xəstəliklərin epidemiyaları üçün də istifadə edildi, bu zaman qaz kameralarında yoluxmuş məhkumlar öldürüldü. Bu fəaliyyətinə görə, Mengele Döyüş ləyaqət xaçına layiq görüldü və 1944-cü ildə Birkenau alt düşərgəsinin birinci həkimi vəzifəsinə irəli çəkildi.

İnsanlar üzərində eksperimentlər

250px|thumb|left|Rixard Baer, Yozef Mengele və Rudolf Höss Auşvitzdə. 1944-cü il. 250px|thumb|left|10-cu Blok — Mengelenin Auşvitzdəki "tibbi" palatası.

Mengele Auşvitzi antropoloji tədqiqatları və irsiyyət üzərində araşdırmalarını davam etdirmək üçün bir fürsət olaraq istifadə edərək, təcrübə üçün məhkumlardan istifadə edirdi. Tibbi prosedurları həyata keçirərkən qurbanlarının sağlamlığına, təhlükəsizliyinə və ya fiziki və emosional əzablarına əhəmiyyət vermirdi. Xüsusilə də eyni yumurta əkizləri, heteroxromiyalı insanlar (hər biri fərqli rəngdə gözlərə malik olan şəxslər), cırtdanlar və fiziki pozğunluqları olan insanlarla maraqlanırdı. Qrant, Mengeledən mütəmadi olaraq hesabatlar və nümunələr alan Ferşuerin müraciəti əsasında Almaniya Tədqiqat Birliyi () tərəfindən təmin edilirdi. Qrant Auşvitz II-Birkenauda II Krematoriyə aid patologiya laboratoriyasının tikintisinə sərf edilir. 29 may 1944-cü ildə Auşvitzə gələn Macarıstan yəhudisi həkim-patoloq Mikloş Nisli bu laboratoriyada meyidləri yararaq nümunələr götürür və çatdırılması üçün hazır edirdi. Əkizlər üzərində aparılan araşdırma qismən də irsiyyətin ətraf mühit üzərində üstünlüyünü sübut etmək və beləliklə də ari irqinin üstünlüyü ilə bağlı nasistlərin mövqeyini gücləndirmək məqsədi daşıyırdı. Nisli və digərləri, əkizlər üzərində aparılan araşdırmaların, eyni zamanda, irqi baxımdan arzuolunan insanların əkiz olma şanslarını artıraraq alman irqinin artma faizini yüksəltmək niyyəti ilə əlaqəli olduğunu bildirmişdi.