İran girov böhranı () — İran ilə Amerika Birləşmiş Ştatları arasında baş vermiş diplomatik böhran. Aralarında gələcəkdə İranın Müdafiə naziri olacaq Hüseyn Dehqan, gələcəkdə İnqilab Keşikçiləri Korpusunun baş komandanı olacaq Məhəmməd Əli Cəfəri və gələcəkdə İran Silahlı Qüvvələri Baş Qərargah rəisi olacaq Məhəmməd Baqirinin də daxil olduğu, İran İnqilabını dəstəkləyən “İmamın Xəttinin Müsəlman Tələbə İzləyiciləri” adlı silahlı universitet tələbələrindən ibarət olan bir qrup, Tehrandakı ABŞ səfirliyini ələ keçirərək 53 amerikalı diplomat və vətəndaşı girov götürdülər. Girovlar 4 noyabr 1979-cu ildən 20 yanvar 1981-ci ilə qədər, yəni 444 gün müddətində saxlanılmışdırlar. Bu böhran ABŞ–İran münasibətləri tarixində əhəmiyyətli bir dönüş nöqtəsi hesab olunur.
thumb|Vaşinqtonda İranlıların deportasiya edilməsini tələb edən pankart tutan şəxs, 1979
Qərb mediası böhranı “intiqam və qarşılıqlı anlaşılmazlıqdan yaranmış qarışıqlıq” kimi xarakterizə etmişdir. ABŞ Prezidenti Cimmi Karter bu hadisəni “şantaj” aktı, girovları isə “terrorizm və anarxiyanın qurbanları” kimi təsvir etmişdir. İranda isə bu hadisə İran İnqilabını zəiflətmək cəhdlərinə və 1979-cu ildə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə ABŞ-nin uzun müddət verdiyi dəstəyə qarşı yönəlmiş bir addım kimi qəbul edilmişdir. Şah devrildikdən sonra ABŞ onun sığınacaq istəyini qəbul etmiş və şahın xərçəng xəstəliyinin müalicəsi üçün onu ABŞ ərazisinə qəbul etmişdir. Yeni İran hakimiyyəti isə şahın hakimiyyət başında olduğu zaman İran xalqına qarşı gizli polis vasitəsilə törətdiyi cinayətlərinə görə mühakimə olunmasını və istintaq prosesinə cəlb olunmasını tələb edirdi. İranın bu tələbləri ABŞ tərəfindən rədd edildikdən sonra İran, ABŞ-ni bu cinayətlərdə şərik olmaqda günahlandırmışdır. ABŞ isə öz növbəsində girov böhranını diplomatlara toxunulmazlıq verən və diplomatik nümayəndəlikləri mühafizə edən Vyana Konvensiyası kimi beynəlxalq hüququn prinsiplərinin ciddi pozuntusu kimi qiymətləndirmişdir.Kinzer, Stephen (2003). All The Shah's Men: An American Coup and the Roots of Middle East Terror. Hoboken, New Jersey: John Wiley & Sons. Şah 1979-cu ilin dekabr ayında ABŞ-ni tərk edərək Misirdə özünə sığınacaq tapmışdır. O, 27 iyul 1980-ci ildə, 60 yaşında xərçəng xəstəliyinin onda yaratmış olduğu fəsadlara görə vəfat etmişdir.
Girov götürülməkdən xilas olmuş altı amerikalı diplomat 27 yanvar 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə Kanadanın həyata keçirmiş olduğu müştərək əməliyyat nəticəsində gizli bir şəkildə xilas edilmişdirlər. Diplomatik danışıqların uğursuz olması ilə böhran 1980-ci ilin əvvəlində özünün pik nöqtəsinə çatmışdır. Prezident Karter, ABŞ Ordusuna İran yaxınlığında patrul əməliyyatlarını icra edən ABŞ donanmasının USS Nimitz və USS Coral Sea döyüş gəmilərindən istifadə etməklə xilasetmə əməliyyatı – "Qartal pəncəsi əməliyyatı"nı həyata keçirməyi əmr etmişdir. Lakin 24 aprel 1980-ci ildə əməliyyatda iştirak edən helikopterlərdən birinin nəqliyyat təyyarəsinə çırpılması nəticəsində əməliyyat uğursuz olmuşdur. Baş vermiş bu qəza nəticəsində bir iranlı mülki vətəndaş və səkkiz amerikalı hərbçi həyatını itirmişdir. ABŞ Dövlət katibi Sayrus Vens uğursuzluqdan sonra istefa vermişdir. 1980-ci ilin sentyabr ayında İraqın İranı işğal etməsi ilə İran-İraq müharibəsi başlamışdır. Bu hadisələr İran hökumətini ABŞ ilə danışıqlara başlamağa və Əlcəzairin vasitəçiliyini qəbul etməyə vadar etmişdir.
Siyasi analitiklər bu böhranın Prezident Karterin hakimiyyətinin daha da zəifləməsində və 1980-ci ildəki prezident seçkilərində böyük bir fərqlə uduzmasında mühüm rol oynadığını qeyd etmişdirlər."Reagan's Lucky Day: Iranian Hostage Crisis Helped The Great Communicator To Victory". CBS News. January 21, 2001. Girovlar Əlcəzair Sazişi imzalandıqdan bir gün sonra, ABŞ-nin yeni prezidenti Ronald Reyqanın and içib vəzifəyə başlamasından yalnız bir neçə dəqiqə sonra rəsmi şəkildə azad edilmişdirlər. Böhran İranda Ayətullah Ruhullah Xomeyninin nüfuzunu və Qərblə münasibətlərin normallaşmasına qarşı çıxan teokratların siyasi gücünü artırmışdır.Mackey, Sandra (1996). The Iranians: Persia, Islam and the Soul of a Nation. New York: Dutton. p. 298. Böhran eyni zamanda, ABŞ-nin İrana qarşı iqtisadi sanksiyalar tətbiq etməsinə səbəb olmuş və iki ölkə arasındakı əlaqələri daha da zəiflətmişdir.
Hadisə, eyni zamanda 2012-ci il istehsalı olan "Arqo" əməliyyatı adlı bir filmin mövzusu olmuşdur.
Sonrası
İran–İraq müharibəsi
İraqın İranı işğal etməsi, səfirlik əməkdaşlarının girov götürülməsindən bir il keçməmiş baş vermişdir. Jurnalist Stefen Kinzerin fikrincə, ABŞ–İran münasibətlərindəki müttəfiqlikdən düşmənçiliyə doğru yaşanmış dramatik dəyişikliklər, İraq lideri Səddam Hüseyni cəsarətləndirmiş və ABŞ-nin İrana qarşı duyduğu qəzəb, müharibənin gedişində İranın üstünlük qazanmasından sonra İraqa yardımların edilməsi ilə nəticələnmişdir. ABŞ, İraqa digər məsələlərlə yanaşı “helikopterlər və bombardman hədəflərinin seçilməsində istifadə olunan peyk kəşfiyyatı” təqdim etmişdir. Bu dəstək isə öz növbəsində, “İranda Amerika əleyhinə olan hissləri daha da dərinləşdirmiş və genişləndirmişdir”.
İran üçün nəticələri
thumb|4 noyabr 2015-ci ildə Tehranda təşkil edilmiş, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı əleyhinə etiraz
thumb|2015-ci ilin noyabr ayında Tehranda baş tutmuş etiraz.
thumb|Hadisənin birinci gününün simulyasiyası, 3 noyabr 2016, Tehran.
ABŞ ilə aparılmış danışıqlar nəticəsində əldə olunan razılaşma, İranın ilkin tələblərinin heç birini qarşılamadığı üçün girov böhranı İran baxımından əsasən uğursuz hesab olunur. İran, İraqa qarşı apardığı müharibədə beynəlxalq dəstəyi itirmişdi.Keddie, Nikki (2003) Modern Iran: Roots and Results of Revolution. Yale University Press. p. 252. Bununla belə, İranda Amerika əleyhinə mövqelər güclənmişdir.Bakhash, s. 236 Xomeyni və Bəhzad Nəbəvi kimi siyasətçilər daha güclü mövqelər əldə etdikləri kimi, ABŞ ilə əlaqəli olan və ya əlaqədə olmaqda ittiham edilənlər isə siyasi səhnədən uzaqlaşdırılmışdılar. Xomeyninin bioqrafiyasını yazan Baqir Moin, bu böhranı “Xomeyninin həyatındakı dönüş nöqtəsi” kimi xarakterizə etmiş və onu “ehtiyatlı, praqmatik bir siyasətçidən təkbaşına bir doqmanın ardınca gedən müasir inqilabçıya” çevirdiyini qeyd etmişdir. Xomeyninin çıxışlarında imperializm və liberalizm “mənfi sözlər” olduğu halda, inqilab isə “müqəddəs sözə çevrilmiş, bəzən İslamdan da əhəmiyyətli olmuşdur.”Moin, s. 229
İran hökuməti bu hadisəni hər il keçmiş ABŞ səfirliyində nümayiş keçirməklə və bir Amerika bayrağının yandırılması ilə anır. Lakin 4 noyabr 2009-cu ildə demokratiya tərəfdarı olan etirazçılar və islahatçılar Tehran küçələrində nümayiş keçirmişdilər. Rəsmilər onlardan “Amerikaya ölüm” şüarları səsləndirməyi tələb etdikləri halda, etirazçılar bunun əvəzinə İranın dini lideri Əli Xameneiyə istinadla “diktatora ölüm” şüarı səsləndirmişdilər.
ABŞ üçün nəticələri
Birləşmiş Ştatlara qayıtdıqdan sonra girovlara, hər hansısa bir ikinci dərəcəli liqaya və ya Major League Baseball oyunlarına ömürlük giriş bileti də daxil olmaqla müxtəlif hədiyyələr verilmişdir. 2000-ci ildə girovlar və onların ailələri, 1996-cı il tarixli Terrorla Mübarizə Qanununa əsasən İrana qarşı məhkəmə iddiası qaldırırlar. İran tərəfi bu iddiada müdafiə olunmadığına görə iddiaçılar bu işi qazansalar da, lakin ABŞ Dövlət Departamenti, beynəlxalq münasibətlərin çətinləşə biləcəyindən ehtiyat edərək məhkəmə işini bağlamağa çalışmışdır. Nəticədə isə federal hakim, ABŞ-nin girovlar azad edilərkən İranla bağladığı razılaşmanı əsas gətirərək onlara təzminatın ödənə bilinməyəcəyinə dair qərar qəbul etmişdir.
Keçmiş ABŞ səfirliyi binası hal-hazırda İran hökuməti və ona bağlı qruplar tərəfindən istifadə olunur. Bina 2001-ci ildən bəri inqilab muzeyi kimi fəaliyyət göstərir. Qapısının kənarında isə bir tərəfdə Azadlıq heykəlinə oxşayan bürünc bir model, digər tərəfdə isə girovlardan birini təsvir edən bir heykəl yerləşir.
The Guardian qəzeti 2006-cı ildə “Qlobal İslamçı Kampaniya Şəhidlərini Anma Komitəsi” adlı bir qrupun bu səfirlik binasından istifadə edərək Qərb və İsrail hədəflərinə qarşı əməliyyatlar keçirmək üçün intiharçı döyüşçülər yığdığını bildirmişdir. Qrupun rəsmi nümayəndəsi Məhəmməd Səmədi, bir neçə gün ərzində bir neçə yüz könüllünün qeydiyyatdan keçdiyini bəyan etmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Ebtekar, Massoumeh; Reed, Fred (2000). Takeover in Tehran: The Inside Story of the 1979 U.S. Embassy Capture. Burnaby, BC: Talonbooks. . Harris, Les (1997). 444 Days to Freedom: What Really Happened in Iran. DVD UPC 033909253390
Sick, Gary (1991). October Surprise: America's Hostages in Iran and the Election of Ronald Reagan. New York: Random House.
Xarici keçidlər
Recently-published pictures of event tarikhirani.ir The Memory Hole hosts a gallery of photographs taken from inside the U.S. Embassy during the crisis. List of hostages and casualties The Iran Hostages: Efforts to Obtain Compensation Congressional Research Service
Məxfilikdən çıxarılmış sənədlər ABŞ Iran Hostage Crisis page on the Office of the Secretary of Defense (OSD) & Joint Staff Freedom of Information Act (United States) Center site.
Böyük Britaniya Records of the Prime Minister's Office, Correspondence & Papers; 1979–97 at discovery.nationalarchives.gov.uk: IRAN. Internal situation in Iran; Attack on British Embassy; Hostage-taking at US Embassy; Freezing of Iranian Assets; US Mission to release hostages; Relations with US & UK following hostage taking at US Embassy.
I hissə II hissə III hissə IV hissə V hissə VI hissə VII hissə
Kateqoriya:İran Kateqoriya:Diplomatik nümayəndəliklərə hücumlar Kateqoriya:1979-cu ildə İran Kateqoriya:1979-cu ildəki münaqişələr Kateqoriya:Diplomatik insidentlər Kateqoriya:ABŞ-nin xarici əlaqələri tarixi Kateqoriya:1979-cu ildə ABŞ Kateqoriya:1980-ci ildə ABŞ Kateqoriya:Siyasi mübahisələr Kateqoriya:1980-ci ildəki münaqişələr Kateqoriya:1981-ci ildəki münaqişələr Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:ABŞ tarixi (1964–80) Kateqoriya:İran girov böhranı Kateqoriya:1979-cu ilin terror hadisələri Kateqoriya:İran tarixi Kateqoriya:İranda siyasət Kateqoriya:Girov götürmə