Vatslav Danitski () — Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi (1964–1985), Azərbaycan SSR-nin əməkdar mühəndisi.
Həyatı Milliyyətcə polyak olan Vatslav Vikentyeviç Danitski 1918-ci il dekabrın 7-də Ukraynanın Xmelnitski vilayətinin Bojikovets kəndində anadan olub. O, 1938-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutuna daxil olub. “Dəniz donanmasının istismarı” fakültəsində təhsil alıb.
Fəaliyyəti Əmək fəaliyyəti Universiteddə təhsil aldığı illərdə Danitski bir müddət Odessa gəmi təmiri zavodunda çəkicvuran işləyib. 1943-cü il iyulun 23-də təhsilini başa vuraraq göndərişlə Bakıdakı “Xəzərtanker” idarəsinə gəlib. 1943-1948-ci illərdə dispetçer, dəniz agenti, özü hərəkət etməyən gəmilərdə kapitan işləyib. Daha sonra 1949-cu ildən etibarən əmək fəaliyyətini Xəzər Dəniz Neft Donanması İdarəsində davam etdirib.
O, 1949-1964-cü illərdə mühəndis, dispetçer, İstimar xidmətinin rəisi vəzifələrində çalışıb. Vatslav Vikentyeviç 1964-cü ildə Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi təyin edilib və 1985-ci ilədək bu vəzifədə çalışıb. V.Danitskinin Xəzər Dəniz Neft Donanması İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və müxtəlif təyinatlı gəmilərin modernləşdirilməsində əvəzsiz olub.
Mükafatları Vatslav Vikentyeviç Danitski “Qırmızı Əmək Bayrağı” ordeni, “Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə” və “Yanğınsöndürmədə igidliyə görə” medalları ilə təltif olunub. “SSRİ-nin fəxri neftçisi” və “Azərbaycan SSR-nin əməkdar mühəndisi” fəxri adlarına layiq görülüb. SSRİ Nazirlər Soveti mükafatının laureatı olub.
İstinadlar
Kateqoriya:Azərbaycan polyakları