Vasif Kərim oğlu Allahverdiyev () — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2010), Azərbaycan Respublikasının xalq artisti (2019), professor (2016), prezident mükafatçısı (2019), bəstəkar, tarzən, pedaqoq.

Həyatı Vasif Kərim oğlu Allahverdiyev 16 oktyabr 1963-cü il Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. Vasifin atası Kərim Allahverdiyev mühəndis idi. 60-70 ci illər Azərbaycan inşaat sektorunun dinamik artımında Kərim Allahverdiyevin də payı vardır. Kərim müəllimin Gəncə alüminium zavodu, Qaradağ sement zavodu, Lənkəran konserv zavodu eləcə də Naxçıvan televiziya ötürücü mərkəzinin televiziya və radio yayım ötürücülərinin ötürücü antenalarının (teleqüllə) quraşdırılmasında yüksək xidmətləri olmuşdur. Kərim Allahverdiyev əməyinin qarşılığını alaraq, Heydər Əliyev tərəfindən əməkdar inşaatçı fəxri adına layiq görülmüşdür.

Vasif ilk musiqi təhsilini Sumqayıt şəhər 2 nömrəli uşaq musiqi məktəbində almışdır. Burada o, bu gün də ehtiramla xatırlayıb, minnətdar olduğu sevimli müəllimi Əlislam Aslanoğludan tarın sirlərini öyrənir. Qeyd etmək lazımdır ki, ilk dəfə tarda çalmağı ona dayısı Naxçıvan Muxtar Respublikasının tanınmış tarzəni, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tağı Tağıyev öyrətmiş və hər zaman gənc bəstəkara öz dəstəyini göstərmşdir. Tağı Tağıyev adı Allahverdiyevlər ailəsində təkcə qohumluq əlaqələrinə görə deyil, eyni zamanda bu şəxsiyyət, ailədə böyüyən iki gənc musiqiçinin - Vasif, Ceyhun Allahverdiyevlərin yaradıcılıq həyatında mühüm və müstəsna yeri, xidmətləri olmuş, daim qürurla yada saldıqları ilk müəllimləri kimi hörmətlə qəbul etdikləri ziyalıdır.

Məktəb illərində bir sıra müsabiqə və festivallara qatılmış, dəfələrlə laureat adına layiq görülmüşdür. Təhsilini müvəffəqiyyətlə başa vuran Vasif, 1979 cu ildə Naxçıvan musiqi texnikumuna tar ixtisası üzrə qəbul olur. Bir il təhsil aldıqdan sonra təhsilini 1980 cil ildə Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirir. Texnikumda təhsil alan Vasif, eyni zamanda fakultativ olaraq Vasif Adıgözəlovun sinifində bəstəkarlıqla da məşğul olur. 1983 cü ildə buranı fərqlənmə ilə bitirən gənc musiqiçi elə həmin il, Üzeyir Hacıbəyov adına Azərbatycan Dövlət Konservatoriyasına daxil olur. Vasif konseravotoriyada bəstəkarlıq üzrə hər zaman hörmətlə xatırladığı müəllimi, Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi olan bəstəkar İsmayıl Hacıbəyovdan, tar ixtisası üzrə isə dəyərli müəllimi Afət Novruzovdan dərsi alır. Azərbaycan bəstəkarlıq məktəbinə nəzər saldıqda böyük əksəriyyət bəstəkarlarımız sənət karyerasına tar ilə gəlmiş, lakin heç bir Azərbaycan bəstəkarı tar ixtisası üzrə ali təsil almamışdır. Vasif Allahverdiyev Azərbaycan bəstəkarları arasında ilk bəstəkardır ki, O, məhs tar ixtisası üzrə ilk ali təhsil almışdır. Vasif 1983 cü ildə Konservatoriyanın tar ixtisasına daxil olmuş, 1984-86 ci illərdə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmış, sovet ordusunun sıralarında qulluq etmişdir. 1986 cı ildə geri dönüb təhsili davam etdirmiş, iki il sonra 1988 ci ildə bəstəkarlıq fakultəsinə keçid alan Vasif, 1992 ci ildə bəstəkarlıq, 1994 cü ildə isə tar ixtisası üzrə bu ali ocağı müvəffəqiyyətlə bitirmişdir. Bəstəkarlıq üzrə təhsilini 1992 ci ildə başa vuran Vasif, öz istəyi ilə Naxçıvana ezam olunmuş, müəllimlik fəaliyyətinə başlayaraq elə gəldiyi gündən nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır (eyni zamanda qiyabi olaraq tar ixtisası üzrə təhsilini Bakıda davam etdirmişdir). Bəstəkar burada yaşadığı dövrdə yetişdirdiyi tələbələri ilə yanaşı özünün də, yaradıcılıq yolunu cızır. Naxçıvan musiqi həyatına töhfələrini verməklə bərabər, burada o, tələbələrlə təkcə müəllimlik fəaliyyəti ilə deyil, həm də konsert tədbirlərin keçirilməsində də, mühüm xidmətlər göstərmişdir. Bu fəaliyyət heç də cavabsız qalmamışdır. 1994 cü il Azərbaycan bəstəkarlar ittifaqının idarə heyətinin sədri Tofiq Quliyev, Naxçıvan bəstəkarlar təşkilatının sədri Ramiz Mirişli, ittifaqın katibi Ramiz Zöhrabov Naxçıvana gələrək, Naxçıvanda fəaliyyət göstərən bəstəkarlar təşkilatının işi ilə yaxından tanış olaraq, təşkil olunmuş konserti dinləmişlər. Tədbirdən sonra ittifaqın idarə heyətinin sədri Tofiq Quliyev şəxsən Vasif Allahverdiyevi Azərbaycan Bəstəkarlar ittifaqına üzv qəbul edir və onu Naxçıvan bəstəkarlar təşkilatının məsul katib vəzifəsinə layiq bildiyi üçün, bu məsul vəzifəyə təyin edir.

Üzeyir Hacıbəyov tərəfindən yaradılan Azərbaycan Bəstəkarlar ittifaqının fəaliyyət istiqamətini özündə əks etdirən Azərbaycan Bəstəkarlar İttifaqının nizamnamə tələbinə bir sıra formalar daxildir. Bəstəkar irəli sürdüyü tələb üzrə ittifaqa müraciət etməli, əsərləri dəfələrlə dinlənilib müzakirə edilməli, konsert tədbirlərdə ifa olunaraq, bəstəkar və musiqişünaslar tərəfindən rəy yazılmalıdır. İdarə heyəti tərəfindən qərar qəbul edildikdən sonra təqdimat möhürlənib təsdiq olunmalıdır. Üzvlüyə bu kimi uzun proses keçdikdən sonra, təsdiq üzrə bəstəkar ittifaqa dəvət olunub, üzvlük kitabçası ilə təltif edilir. Lakin Vasif Allahverdiyevin ittifaqa üzvlüyü də yaradıcılığı kimi maraqlıdır (Sözsüz ki, Vasifin əsərləri bu dövrə qədər dəfələrlə ölkənin bir sıra konsert salonlarında ifa olunmuş, dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır). Maraqlısı ondadır ki, üzvlük kitabçasını Tofiq Quliyev, Naxçıvan səfərində şəxsən özü bəstəkara təqdim etmişdir. Belə təqdimatlar Azərbaycan Bəstəkarlar İttifaqının istisna hallarındandır. Bununla deyə bilərik ki, bu dahi bəstəkar Tofiq Quliyevin Vasif yaradıcılığına bir mənalı münasibəti və ona verdiyi dəyər idi.

1992 ci il Azərbaycanın ictimai siyası həyatının çətin zamanlarında Naxçıvana getmək istəyi gənc musiqiçi üçün məqsədsiz deyildi. Doğma torpağına, millətinə bağlılığı Naxçıvanda təhsil alan gənc musiqiçilərin yetişməsinə xidmət etmək istəyi elecə də görüşünə tələsdiyi ulu öndər Heydər Əliyev şəxsiyyətinə hörməti dururdu. 1992 ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevlə görüşə gedən Vasif, Heydər Əliyev şəxsiyyətinə hörmət ehtiramını bildirmış, gətirdiyi diplom işi olan "Atatürk" simfoniyasını ona təqdim edərək, gələcəkdə ona da, böyük formalı simfonik əsər yazmaq istəyini deyir. Heydər Əliyev, bunun bəstəkarın gələcək karyerası üçün yaxşı addım olmadığını bildirərək ona, " mənə görə başın ağrımasın, sən gənsən və sənin gələcəyin qarşıdadır" cavabını verir. Vasif məqsədinin bu gün deyil, uzun zaman bu fikrə düşdüyünü və əlbəttə bu amalı kimlərinsə rəyinə görə dəyişdirməyəcəyini qətiyyətlə bildirir. Heydər Əliyevlə daha geniş söhbətləşdikdən sonra onun həqiqətən prinsipial gənc olduğunu, əlində gətirdiyi "Atatürk" simfoniyasının not varaqlarına baxaraq, adicə not sətrlərinin necə çətinliklə çəkdiyini və zaman sərf edən ağır iş olduğunu qiymətləndirir. Vasifin onun haqqinda qələmə almaq istədiyi simfonik poemasının öncədən xeyir duasını verir. Beləliklə Vasif, Heydər Əliyev şəxsiyyətinə ithaf olunan Azərbaycan musiqisində ilk böyük əsərin üzərində işləməyə başlayır. Vasif bu çətin yolda heç bir vaxt pessimizmə boyun əymədi, hansı vəziyyətdə olsa belə uzun zaman xəyallarında olan Heydər Əliyev şəxsiyyətinin portretini, "Ömür yolu" simfonik poemasını lampa işiğında, sərt qışın keçdiyi Naxçıvan soyuqunda, yayın havasız, tozlu istisində qələmə alaraq və beləliklə böyük məqsədinə nail olur. Bu əsər sonralar bir çox drijorların rəhbərliyi ilə ifa olunur. Qeyd edək ki, əsərin ilk drijoru Yalçın Adıgözəlov olmuşdur. Və sonralar Rauf Abdullayev, Fəxrəddin Kərimovun da idarəçiliyi ilə dəfələrlə ifa olunmuş və bu gün də sevə-sevə ifa olunmaqdadır. Simfonik poemanın uğuru təkcə ifası ilə yekunlaşmır, 2000-ci ildə publisist, yazıçı Nazim Əkbərov tərəfindən simfoniyaya uyğun ssenari yazılmış və bu ssenari üzərində film yaradılması ilə bağlı uzun zaman işlənilmiş, Heydər Əliyevi ehtiva edən sujetlər yığılaraq video formatında film hazırlanmışdır.

Vasif Allahverdiyev ailəlidir 2 övladı, bir qız nəvəsi vardır. Övladları Türkan Nəcəfqulubəyli - Allahverdiyeva musiqiçi pianoçudur. Atası və əmisi Ceyhun Allahverdiyevin bir sıra əsərlərinin mahir ifaçısıdır. Milli Konservatoriyada konsermeystrlik eləcə də solo pianoçu olaraq fəaliyyətindədir.

Oğlu Fərman Allahverdiyev, Bədən tərbiyyəsi və idman akademiyasını bitirmişdir. Polis orqanlarında çalışır.

Həyat yoldaşı Reyhan xanım Allahverdiyeva xalçaçı rəssamdır. Azərbaycan SSR xalq rəssamı, xalçaşünas, xalçaçı rəssam Lətif Kərimovun tələbəsi olub. Reyhan xanım xalçaçı rəssam olaraq sənət fəaliyyətindədir. Azərbayacan rəssamlıq məktəbinə əlvan xalça rəngləri, koloritli naxışvari dünyasını yeni yetişməkdə olan nəslə aşılayaraq bu gün rəssam olmaq istəyən kiçik rəssamlara rəng dünyasını çalışdığı Kaspi məktəbinin şagirdlərinə sevə-sevə öyrətməkdədir.

Bəstəkar, pianoçu Ceyhun Allahverdiyevin qardaşıdır.

Yaradıcılığı Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçıları olan bəstəkarlarımız, Azərbaycan mədəniyyəti tarixinə yeni yetişməkdə olan gənc musiqiçi bəstəkarlara Hacıbəyli yolunu layiqincə ötürərək, professional musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmişlər. Belə bəstəkarlar sırasında Vasif Allahverdiyevin adı layiqincə yer alır. O, musiqi xəzinəmizə dəyərli əsərlər bəxş etməklə yanaşı pedaqoq kimi Azərbaycan professional musiqiçılərin yetişməsində xidmətlərini verməkdədir. Vasifin musiqisi mürəkkəb ideyalı, dərin şəfqəti, obrazlarının həyatılığı, emosional məna daşıyan, dərin və bitkin təfəkkürü, müxtəlif musiqi alətləri ilə vermək bacarığı təkcə onun simfonik və kamera musiqisində deyil hətta mahnı janrındakı zənginliyi sanki 4 hissəli simfoniya forması qədər çətin, kantrapunktludur. Əsərlərini sadəliydən tamamiylə uzaq, yaradıcılığını hər daim çətinliklə bir sırada uzlaşdırmışdır. Onun təhtəlşüurundan gələn hissləri, ruhu ilə haşıyələnən melizmi, qələmindən çıxan bütün notları, hər bir ölçüsü, dinamikası ilə sanki bir- birini dərin monumental rəngli, forma gözəlliyilə əvəzləyir. Bəstəkarın hər bir əsəri silsilə formalı, eyni zamanda sondərəcədə cilalanmış, melodiyanın ifadəliliyi ilə cəzbedici axıcılığı, dinləyici zövqünə əks səda verir. Üslubu, musiqi dili zəngin və çoxcəhətlidir. Müraciət etdiyi janrlar, yaratdığı obrazlar aləmi öz müxtəlifliyi, yeniliyi ilə fərqlənir. Musiqisindəki Azərbaycan xalq musiqisi ilə bağlılığı onun mahir tar ifaçılığından, muğamı dərindən bildiyindən qaynaqlanır. Yeni axtarışlara, müasir səslənişlərə yeni tembr-sonor meyarlarına, öncəki dövrlərdən fərqlənən sənətlərarası sintez ideyalarını birləşdirərək yalnız ən-ənəviliylə, sintez improvizasiyalara meyillilik yaradıcı potensialının bacarığını bir daha ortaya qoyur. Dövrün hər tələbinə cavab verən, səsləyən mövzulara müraciət etməsi onun eyni zamanda vətəndaş mövqeyini təsdiq edir. İctimai siyasi proseslərin bəstəkar yaradıcılığına təsiri yan keçməmişdir. Demək olar ki, Azərbaycan xalqının bütün ağrı acısını ehtiva edən hüzn günlərindən yara alan Qarabağ müharibəsi, qəhrəman şəhidlərin xatirəsi, şücaət qəhrəmanlığını tərənnüm edən nəaliyyətlərini, bayram, elşənliyini, ümumi bəşəri mövzuları, Azərbaycan tarixində xidmətləri olmuş şəxslərə ithaf etdiyi əsərləri ilə yanaşı bir sıra müxtəlif mövzu janrlara müraciət edərək, bu gün də yaradıcılığının yüksək zirvəsində irəliləməkdədir.

Vasif yaradıcılığa lap kiçik yaşlarından başlamışdır. Musiqiyə olan məhəbbəti onun kiçik qəlbinə hakim olmuş, dayısı Tağı müəllimin ifaçılığı ilə daha da təzahürünü tapmışdır. Hələ uşaqlıqdan musiqi bəstələmək istedadı formalaşmış, müxtəlif alətlər üçün kiçik pyeslər yazmışdır. Vasif, Ceyhun qardaşları musiqiyə böyük şəxsiyyət dahi musiqiçi, drijor maestro Niyazinin xeyr duası ilə başlamışdırlar. Bəstəkarın maestro Niyazi ilə ilk görüşü dayısı Tağı müəllimin vasitəçiliyi ilə baş verir. Görüşdən olan xatirələrini, Vasif bu gün də sevgi ilə anır. Niyazi qardaşların əsərlərini təmkinlə dinləyərək yüsək qiymətləndirmış, Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçıları olacaqlarını qeyd etmişdir.