Ülvü Möhsün oğlu Hüseynov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Ülvü Möhsün oğlu Hüseynov 1988-ci il, aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub.

1995–2003-cü illərdə Ordubad rayonu Sabir kənd tam orta məktəbində təhsil alıb. 2003-cü ildə sənədlərini Heydər Əliyev adına hərbi liseyə verib və 2006-cı ildə oradan məzun olub. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində qərargah bölüyünün tank əleyhinə taqımının komandiri, motoatıcı bölüyün motoatıcı taqımının komandiri, motoatıcı bölüyün komandiri, motoatıcı taborun (BMP-2) motoatıcı bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-2) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BTR-82A) qərargah rəisi — tabor komandirinin müavini vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Şücaətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 7-də Şuşa şəhərində istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Nihat adında bir oğlu var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar