Əbdülhəmid ağa Cavanşir () — azərbaycanlı aqronom, Cümhuriyyət tələbəsi.
Fransada kənd təsərrüfatı üzrə təhsil alıb, Azərbaycan SSR Xalq Torpaq Komissarlığında çalışıb və Gəncədə Zaqafqaziya maşın-sınaq stansiyasına rəhbərlik edib.
Həyatı
İlk illəri Əbdülhəmid ağa Həmid ağa oğlu Cavanşir 1897-ci il sentyabrın 7-də Şuşa şəhərində anadan olub. Atası pravoslavlığı qəbul etdiyindən ilk sənədlərində adı Georgi Həmidoviç Cavanşir kimi göstərilib. 1919-cu il iyunun 5-də Bakı qazısının yanında islamı qəbul edib və Əbdülhəmid xan Həmid ağa oğlu Cavanşir adını götürüb. Bu barədə həmin il oktyabrın 12-də ona şəhadətnamə verilib.
1915-ci il sentyabrın 1-də Gəncə kişi gimnaziyasına daxil olub. 1918-ci il fevralın 20-də gimnaziyanın səkkizsiniflik tam kursunu bitirib.
1919-cu il avqustun 28-də və noyabrın 10-da atası Həmid ağa Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə müraciət edərək oğlunun dövlət təqaüdü ilə Almaniyanın Saksoniya əyalətindəki Frayberq Dağ-Mədən Akademiyasında oxumasına şərait yaradılmasını istəyib. Əbdülhəmid Cavanşir xaricə göndəriləcək tələbələrin sırasına daxil edilib.
1920-ci il yanvarın 15-də təhsilini bitirdikdən sonra hökumətin müəyyənləşdirəcəyi yerdə dörd il işləyəcəyinə və oxuyacağı ölkədə siyasi fəaliyyətə qoşulmayacağına dair öhdəliklər verib. Həmin gün dövlət hesabına xaricdə təhsil alması haqqında vəsiqə də alıb.
Fransanın Nansi və Paris şəhərlərində kənd təsərrüfatı və aqronomluq üzrə təhsil alıb.
Aprel işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini araşdıran Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illərə aid məlumatında onun təhsilini bitirməsinə bir il qaldığı qeyd olunub.
Sonrakı illəri Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb. Azərbaycan SSR Xalq Torpaq Komissarlığında işləyib, daha sonra Gəncədə Zaqafqaziya maşın-sınaq stansiyasının direktoru olub. 1957-ci ildə də bu vəzifədə çalışıb.
1962-ci ildə Bakıda vəfat edib.
Ailəsi Atası Həmid ağa Paşa ağa oğlu Cavanşir ticarətlə məşğul olub, sonradan meşə təsərrüfatı sahəsində çalışıb. Cavanşirlər nəslindən olub və pravoslavlığı qəbul edib.
Əbdülhəmid Cavanşirin Kamal ağa adlı oğlu olub.
Mənbə
İstinadlar
Ədəbiyyat
https://www.academia.edu/31008958/%D0%98%D0%B7%D0%B2%D0%B5%D1%81%D1%82%D0%B8%D1%8F_%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B3%D0%BE_%D0%B8%D1%81%D1%82%D0%BE%D1%80%D0%B8%D0%BA%D0%BE_%D1%80%D0%BE%D0%B4%D0%BE%D1%81%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%BE%D0%B3%D0%BE_%D0%BE%D0%B1%D1%89%D0%B5%D1%81%D1%82%D0%B2%D0%B0_%D0%92%D1%8B%D0%BF%D1%83%D1%81%D0%BA_7?auto=download
https://web2.anl.az/read/page.php?bibid=439752&pno=16
Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Cavanşirlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1897-ci ildə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri