Darya Romanovna Sorokina () — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Darya Sorokina Azərbaycanı 2017, 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Darya Sorokina həm də 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva , Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə etdi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.
Həyatı Darya Romanovna Sorokina 2002-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub Ocaq İdman Klubunun üzvüdür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.
Subaydır.
Karyerası Darya Sorokina 2011-ci ilin noyabrında Azərbaycan Birinciliyində 2002-ci il təvəllüdlü gimnastlar arasında iplə turnirdə qızıl medala sahib oldu. 2012-ci ilin fevralında Darya Sorokina Bakı Birinciliyində 2002-ci il təvəllüdlü gimnastlar arasında turniri gümüş medalla başa vurdu. Həmin ilin iyulunda isə Darya Sorokina İstanbul şəhərində topla turnirdə gümüş medala sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Daha sonra Darya Sorokina Bakı Çempionatında və Azərbaycan Birinciliyini gümüş medallarla başa vurdu.
2016-cı ilin mayında Darya Sorokina gənclər arasında Azərbaycan Çempionatında iplə turnirdə bürünc medala sahib oldu. Daha sonra Darya Sorokina iyunda Astana şəhərində (Qazaxıstan) "ZHULDYZ-CUP" beynəlxalq turnirində mübarizə apardı və gürzlərlə turnirdə qızıl, topla turnirdə isə gümüş medallara sahib oldu.
2017-ci il: Gənclərdən ibarət qrupda debüt Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevanın qərarına əsasən Darya Sorokinanın qrup turnirlərində çıxış eləməsi daha məqsədəuyğun hesab edildi. 2017-ci ildə Darya Sorokina gənclərdən ibarət qrupun heyətinə daxil edildi. Qrupun heyəti Darya Sorokina, Fatimə Əsgərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirovadan ibarət oldu. Qrupun birinci turniri 2017-ci ilin aprelində İtaliyanın Pezaro şəhərində baş tutan gənclər arasında FIG World Cup beynəlxalq turniri oldu. Həmin turnirin nəticələrinə əsasən qrup 10 gürzlə proqramın icrasına əsasən turnirin bürünc medallarına sahib oldu.
Daha sonra qrup 2–4 mayda Bolqarıstanın Sofiya şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Ümumi turnirin nəticələrinə əsasən qrup 31.800 balla Rusiya və Bolqarıstan gimnastlarından sonra üçüncü pillədə qərarlaşdı və turniri bürünc medalla başa vurdu.
İlin birinci nüfuzlu turniri 18–22 mayda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatı oldu. Həmin turnirdə Azərbaycanı gənclərdən ibarət qrup da təmsil etdi. Çempionatın qaydalarına əsasən hər bir qrup 2 dəfə 10 gürzlə proqramı icra eləməli idi. Komandanın birinci çıxışı referilər tərəfindən 15.150 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup yeddinci pillədə qərarlaşdı. Komandanın növbəti çıxışı isə uğursuz oldu və 15.000 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup 13-cü pillədə qərarlaşdı. Ümumi nəticədə Azərbaycan gimnastları 30.150 balla Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.
2018-ci il: Dünya Çempionatında debüt 2018-ci ilin əvvəlində 15 yaşlı Darya Sorokinanın bir müddət fərdi turnirlərdə çıxış eləməsi qərara alındı. Həmin ilin mayında Darya Sorokina əvvəl Fransada, sonra isə Rusiyada baş tutan beynəlxalq turnirlərdə çıxış eləsə də, medala sahib ola bilmədi.
2018-ci ilin əsas turniri 10–16 sentyabrda Bolqarıstanın Sofiya şəhərində baş tutan Dünya Çempionatının. Komandanın baş məşqçisi Mariana Vasileva bu turnirdə Azərbaycan Darya Sorokina, Vera Qudis və Zöhrə Ağamirovanın təmsil eləməsini qərara aldı. Darya Sorokina Dünya Çempionatının təsnifat mərhələsində halqa ilə proqramda 15.500 balla 52-ci, topla proqramda 15.800 balla 48-ci, lentlə proqramda isə 11.800 balla 78-ci pillələrdə qərarlaşdı.
Dünya Çempionatından sonra Darya Sorokina Çexiyanın Brno şəhərində baş tutan beynəlalq turnirdə çıxış etdi və gürzlərlə proqramı beşinci pillədə başa vurdu.
2019-cu il: Doğma divarlarda Dünya Çempionatı və lisenziya Darya Sorokinanın 2019-cu ilin martında əvvəl Fransada, sonra isə Latviyada baş tutan beynəlxalq turnirlərdə çıxış eləsə də, heç bir turnirdə medala sahib ola bilmədi. Apreldə Bolqarıstanda FIG World Cup beynəlxalq turnirində mübarizə aparsa da, bu səfər də turniri medalsız başa vurdu.
Bədii gimnastlardan ibarət Azərbaycan qrupunun 2019-cu ildə birinci nüfuzlu turniri 20–30 iyunda Belarusda baş tutan II Avropa Oyunları oldu. Apreldə zədələnən Siyana Vasilevanın zədəsi ciddi olduğuna görə qrupa yeni üzv cəlb edilməli idi. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qrupa 16 yaşlı Darya Sorokinanın daxil edilməsini qərara aldı. Bununla da II Avropa Oyunlarında Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komanda əvvəlcə 5 topla turnirdə çıxış etdi. Komandanın çıxışı referilər tərəfindən 20.700 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup yeddinci pillədə qərarlaşdı. Daha sonra qrup 3 halqa / 2 gürzlə proqramı icra etdi. Komanda bu səfər 24.275 balla altıncı pillədə qərarlaşdı. Ümumi nəticədə isə gimnastlar 44.975 balla 8 qrup sırasında Avropa Oyunlarını altıncı pillədə başa vurdu. Turnirdə ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutmadı və təsnifat mərhələsinin nəticələri əsas alındı. Nəticədə qrup II Avropa Oyunlarını medalsız başa vurdu.
Avropa Oyunlarında sonra qrup 16–18 avqustda Belarusda baş tutan FIG World Challenge Cup beynəlxalq turnirində mübarizə apardı. Komanda 5 topa ilə proqramın icrasında uğursuz çıxış etdi və 25.650 balla təsnifat mərhələsini doqquzuncu pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazana bilmədi. 3 halqa / 2 gürzlə turnirdə Azərbaycan təmsilçiləri üçün uğursuz oldu. Komanda 25.500 balla doqquzuncu pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ümumi nəticədə isə gimnastlar 51.150 balla turniri doqquzuncu pillədə başa vurdu.
Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrupun növbəti turniri 22–25 avqustda Rumıniyanın Kluj şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Komanda əvvəlcə 5 topla turnirdə çıxış etdi və 24.450 balla üçüncü pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 3 halqa / 2 gürzlə proqramı icra etdi. Kompozisiyası referilər tərəfindən 25.400 balla qiymətləndirilən qrup mərhələni birinci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan təmsilçiləri 49.850 balla turnirin gümüş medalına sahib oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlər üzrə final mərhələsi baş tutdu. Komanda əvvəlcə 5 topla proqramı icra etdi. Komandanın çıxışı 26.100 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup turniri gümüş medalla başa vurdu. 3 halqa / 2 gürz turnirində də gimnastlar uğurla çıxış etdi və 24.650 balla turnirin bürünc medalına sahib oldu.
İlin əsas turniri 16–22 sentyabrda Azərbaycanda baş tutan bədii gimnastların 37-ci Dünya Çempionatı oldu. Bu turnir həm də 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarında lisenziya verirdi. Bu turnirdə Azərbaycanı Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komandaın əsas məqsədi olimpiya lisenziyasına sahib olmaq idi. Bunun üçün qrup ümumi nəticədə top-5-də qərarlaşmalı idi. Komanda əvvəlcə 5 topla turnirdə çıxış etdi. Kompozisiyası referilər tərəfindən 26.400 balla qiymətləndirilən qrup doqquzuncu pillədə qərarlaşdı. Daha sonra qrup 3 halqa / 2 gürzlə proqramı icra etdi. Komandanın çıxılışı 26.700 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup yeddinci pillədə qərarlaşdı. Ümumi nəticədə isə Azərbaycan təmsilçiləri 53.100 balla turniri 24 qrup arasında 8-ci pillədə başa vurdu. Yaponiya Olimpiya Oyunlarının ev sahibi olduğuna görə, Rusiya, Bolqarıstan və İtaliya nümayəndələri isə olimpiya lisenziyasını hələ 2018-ci il Dünya Çempionatında təmin etdiyinə görə olimpiya lisenziyası Belarus, İsrail, Çin və Ujrayna gimnastlarına verildi. Bununla da Azərbaycan gimnastları 12 ildən sonra Olimpiya Oyunlarının qrup turnirində təmsil olunmaq hüququna sahib oldu. Turnirin növbəti günü isə 3 halqa / 2 gürz turnirində final mərhələsi baş tutdu. Komandanın bu turnirdə çıxışı 26.450 balla qiymətləndirildi və qrup yeddinci pillənin sahibi oldu.
2020-ci il: Avropa Çempionatında gümüş medal 2020-ci ilin əsas turniri avqustda Yaponiyada baş tutmalı olan XXXII Yay Olimpiya Oyunları idi. Olimpiadada mübarizə aparmaq üçün lisenziyalar 2019-cu ilin sentyabrında Azərbaycanda baş tutan Dünya Çempionatında verildi. Həmin tunirdə mübarizə aparan Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup nəticələrə əsasən olimpiya lisenziyasına sahib oldu.
2020-ci ilin əvvəlindən bütün dünyanın COVID-19 pandemiyası cənginə aldı. Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul etdi. Həmçinin 20–24 mayda Kiyev şəhərində baş tutmalı olan Avropa Çempionatı da təxirə salındı. Bundan sonra olimpiadada debüt üçün daha bir il gözləməli olan Azərbaycanın əsas yığmasının bir sıra — Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylinin yığmadan uzaqlaşdı. Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva tərəfindən yeni qrup formalaşdırıldı. Köhnə qrupun heyətindən sadəcə Darya Sorokina və Zeynəb Hümmətova yeni qrupun heyətində də yer aldı. Qrupun digər üzvləri isə gənclərdən ibarət qrupun əsas üzvləri Ləman Əlimuradova, Məryəm Səfərova və Yelizaveta Luzan oldu.