– Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür.
İlk illəri Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur. Valideynləri ənənəvi mehmanxana sahibləri idilər. Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır.
Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır. Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur. O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur.
Karyerası 1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır. Burada hər ay 40-a yaxın stil işləyirdi. 1964-cü ildə Paris şəhərinə köçmüş və burada yaşamağa başlamışdır. O, Parisdə opera kostyumları dizayn etməyə başlamışdır. Onun 30 dizaynlıq yeni seriyası Lui Ferou tərəfindən qəbul edilmişdir. Növbəti bir neçə il ərzində Pisanti və Relations kimi bir neçə mağazada işləmişdir.
Takada 1970-ci ildə "Jungle Jap" adlı ilk butikini açmışdır. O, ilk dəb şousunu da butikdə keçirmişdir. Daha sonra butiki Parisin başqa küçəsinə köçürmüşdür. 1971-ci ildə ABŞ-nin "Vogue" jurnalı onun dizaynlarını yayımlamışdır. 1983-cü ildə ilk kişi kolleksiyasını yaratmışdır. 1988-ci ildə "Kenzo de Kenzo", "Parfum d'été", "Le monde est beau" və "L'eau par Kenzo" adlı qadın ətirləri satılmağa başlanmışdır. 1991-ci ildə "Kenzo pour Homme" adlı ilk kişi ətrini yaratmışdır. 2000-ci ildə yaratdığı "FlowerbyKenzo" ətri isə Kenzo Parfums brendinin əsas məhsulu olmuşdur. 2001-ci ildə KenzoKI adlı dəriyə qulluq məhsulları xəttini yaratmışdır.
Kenzo brendi 1993-cü ildə LVMH şirkətinə satılmışdır. Takada 1999-cu ildə təqaüdə çıxdığını açıqlamış və moda evinin idarəçiliyini köməkçilərinə vermişdir. 2020-ci ildə Parisdə K3 adlı yeni brend yaratmışdır.
Stili Takada rəngli motivlərinə və orijinal siluetlərinə görə tanınır. O, kimono kimi Yaponiya elementlərindən ilhamlanmışdır. "New York Times" onun 1973-cü ildəki dəb şousunu təsvir edərkən onu "dünyanın ən zəngin təsəvvürlü dizayneri" adlandırmışdır.
İstinadlar
Xarici keçidlər Kenzo brendinin saytı
Kateqoriya:Yaponiyada LGBT şəxslər Kateqoriya:LGBT modelyerlər Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:Yaponiya modelyerləri Kateqoriya:Yaponiya dizaynerləri Kateqoriya:Fransa modelyerləri