Xose Xuan Tablada (; ) – Meksika şairi və jurnalisti. İspan dilindəki şeirlərinin çoxunu Yaponiya haykularına əsaslanaraq yazmışdır. İnnovativ şeirləri Latın Amerikası ədəbiyyatına təsir göstərmiş, Latın Amerikasında Yaponiya haqqında rəyin formalaşmasına kömək etmişdir.
Həyatı və karyerası Xose Xuan Tablada ədəbi karyerasına Meksikanın "El Universal" qəzetində başlamışdır. Pyer Loti, Jüdit Qotye və Qonkur qardaşlarının əsərlərini oxuduqdan sonra Yaponiya mədəniyyəti ilə maraqlanmağa başlamışdır. 1900-cü ilin mayında Meksikanın "Revista Modema" jurnalının müxbiri kimi Yaponiyaya səyahət etmiş və bir neçə ay Yokohamanın Çin şəhərciyində yaşamışdır. Bu, onun Yaponiyaya yeganə səyahəti olmuşdur.
Meksikaya qayıtdıqdan sonra şərab taciri olmuş, ədəbi fəaliyyətinə fasilə vermişdir. 1911-ci idə başlayan Meksika inqilabından sonra bir neçə ay Parisdə yaşamışdır. Burada Asiya mədəniyyətinə, xüsusilə də, Yaponiya haykularına böyük maraq göstərmiş, ədəbi karyerası yenidən canlanmışdır. Meksikaya qayıtdıqdan sonra Yaponiya incəsənəti və rəssamları haqqında bir çox esse, eləcə də, ukiyo-e sənətçisi Hiroşiqe haqqında kitab yazmışdır. 1914-cü ildə siyasi sürgün kimi Nyu-York şəhərinə köçsə də, 1918-ci ildə Meksikanın Kolumbiya və Venesuela səfirliklərinin ikinci katibi təyin olunmuşdur.
Tablada 1919-cu ildə hayku formatında olan qısa şeirlər kolleksiyasını "Un Dia" adı ilə yayımlamışdır. 1900-cü ildə Yaponiyada yaşayarkən yazdığı esseləri də həmin il "En el Pais del Sol" adı altında nəşr etdirmişdir. Çin heroqliflərinin vizual potensialından təsirlənən Tablada bunu 1920-ci ildə yazdığı "Li-po y utros poemas" əsərində ispan dili üçün yoxlamışdır. Həyatının qalan hissəsini Nyu-York şəhərində keçirmiş, Meksika və Yaponiya mədəniyyətlərinin diffuziyası ilə məşğul olmuşdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Meksika yazıçıları Kateqoriya:Meksika şairləri Kateqoriya:Meksika jurnalistləri Kateqoriya:Hayku şairləri