Zuxul — Azərbaycan Respublikasının Qusar rayonunun Yuxarı Qələnxur kənd inzibati ərazi dairəsində kənd. Kənd rayon mərkəzindən 83 kilometr şimal-qərbdə, Samur çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, Azərbaycan–Rusiya sərhədində yerləşir.

Tarixi Zuxul kəndinin ilk məskəni qədim dövrlərdə "Pazu" (Razi) adlanan yer olmuşdur. Sonralar kənd əhalisi oradan "Yaran kunt" adlı təpəyə köçmüşdür. Bu təpə qədim zamanlarda əhali üçün müşahidə məntəqəsi rolunu oynamışdır. Kənddəki üçmərtəbəli qəbiristanlığın izləri Qafqaz Albaniyası dövrünə aid edilir. Kənddə, bulaq başında "Cavanlar piri" yerləşir. Onun tarixi xəzərlərin hücumları dövrünə aiddir. Kənd bir zamanlar öz məscidi ilə tanınırdı. İddialara görə, kim bu məscidin binasına zərər vermək istəyirdisə, həmin adamın başına bədbəxt hadisə gəlirdi. Məsələn, bir nəfər məscidin dirəklərini oğurlayıb evinə apardığı gün samovardan çıxan köz onun sol gözünü kor etmişdir, digər biri isə qolunu itirmişdir.

1821-ci ilə aid sənəddə kəndin adı Suxul formasında qeyd olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 1950-ci ildə Zuxulda kolxozlararası su-elektrik stansiyası istifadəyə verilmişdir. 1957-ci ildə SSRİ hökuməti tərəfindən Zuxul kəndi Samur çayının sahilinə köçürülmüşdür.

14 avqust 2012-ci ildə radələrində Zuxul kəndi ərazisində, Qusar rayon sakini Abil Asanbəkov "UAZ-469" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

YAP Qusar rayon təşkilatının Seçki Qərargahının üzvləri tərəfindən rayonun Yuxarı Qələnxur, Zuxul və Yuxarı Zeyxur kənd seçiciləri ilə görüş keçirilmişdir. Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov çıxış etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 10 il ərzində ölkədə sosial vəziyyətin yaxşılaşdırılması, beynəlxalq siyasət və gələcək inkişaf haqqında danışmışdəlar. Zuxul kəndi sakinləri adından çıxış edənlər ölkədəki inkişaf və İlham Əliyevin tədbirlərindən danışmış, 9 oktyabr seçkisinə qatılmaq və İlham Əliyevə səs vermək niyyətində olduqlarını bəyan etmişdilər. 17 iyul 2020-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və millət vəkili Azər Badamov tikinti ərazisinə gəlmiş, layihə haqqında məlumat almışlar. Kənd sakinləri Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirmiş və ona uğurlar arzulamışlar.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin Qusar rayonunun Zuxul kəndindən Xəzər dənizinə qədər olan hissəsinin 67,3 km-lik hissəsinin 1:10 000 və 1:25 000 miqyaslarında işçi demarkasiya xəritələri hazırlanmış və Rusiya tərəfi ilə razılaşdırmışdır. Həmin istiqamətdə sərhəd xətti üzrə 140 nöqtədə quraşdırılacaq dövlət sərhəd nişanlarının yerləri naturada müəyyən edilərək koordinatları təyin edilmiş, Dövlət Sərhəd Xidmətinin nümayəndələri ilə birlikdə 38 nöqtədə dövlət sərhəd nişanları quraşdırılaraq koordinatları təyin edilmiş, sərhəd xəttinin 67 nöqtəsində sərhəd nişanları qoyulacaq yerlərin ətrafları ot və kollardan təmizlənmiş və nişanlararası birbaşa görünüş təmin edilmişdir.

Kənddə Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi yerləşir. Bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq statuslu, sərnişin və piyada hərəkəti üçün nəzərdə tutulmuşdur. Qarşı postun adı Qarax gömrük postudur və 24 saat fəaliyyət göstərir. 2023-cü ildə Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin "Xudat" sərhəd dəstəsinin naryadı tərəfindən dörd nəfər Pakistan vətəndaşı saxlanılmışdır. Onlar Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərmişdilər. Araşdırma nəticəsində onların Azərbaycandan Rusiyaya, oradan Avropa ölkələrinə qeyri-qanuni miqrasiya məqsədilə ölkəyə rəsmi qaydada gəlmədikləri müəyyən edilmişdir.

14 mart 2025-ci ildə Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuş və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunmuşdur. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülmüşdür.

Əhalisi 1915-ci ilə olan "Qafqaz təqvimi"ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Zuxul kəndində 769 nəfər yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 414 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Nazim Tapdıqoğlunun "Qusar Ensiklopediyası" kitabında 2018-ci ilin məlumatına görə, kənd əhalisinin sayı 430 nəfər idi. Kəndin əhalisi, əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, bağçılıq və bostançılıq ilə məşğul olur.

Təhsil Kənddə Qusar rayonu Zuxul kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2017-ci ildə modul tipli məktəb binası quraşdırılmış, şagirdlər və müəllimlər üçün istifadəyə verilmişdir.

İnfrastruktur 2012-ci ildə 22 km-lik Həzrə–Zuxul yolu əsaslı təmir edilmiş, Tahircal çayı üzərində 84 p/m-lik dörd aşırımlı körpü tikilib istifadəyə verilmişdir. 2016-cı ildə qazlaşdırılmışdır. 2016-cı ildə Zuxul kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması və kəndlərin qazlaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsidir. Qazlaşdırma üçün ümumi uzunluğu 8883 metrlik polietilen və metal borularla qaz xətləri çəkilmişdir. Hər bir abonetə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Kəndin 117 abonenti var idi. 2019-cu ildə istifadəyə yararsız dayaqlar dəyişdirilərmiş və hava elektrik verilişi xətləri SİP kabel xətləri ilə əvəz edilmişdir.

Həyətyanı və əkin sahələrinin suvarılmasında su çatışmazlığı problemini həll etmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 may 2020-ci il sərəncamına uyğun tikinti işlərinə başlanılmışdır. Layihə çərçivəsində "Tahircalçay" çayında suqəbuledici qurğu tikilməsi, 2265 p/m magistral beton kanal, 1340 p/m boru kəməri çəkilməsi, nasos stansiyasının qurulması və 2560 p/m torpaq məcralı kanalın yenidən qurulması nəzərdə tutulur. Layihə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə "Aztikintiservis" MMC tərəfindən həyata keçirilmişdir. Plana görə, kəndin 200 hektar həyətyanı və əkin sahəsi 0,2 m³/san suvarma suyu ilə tam təmin olunacaq.

2018–2023-cü illərdə keçirilən səyyar qəbullarda kənd sakinləri torpaqların yuyulub aparılmasının qarşısının alınması üçün Samur çayında sahil mühafizə bəndlərinin quraşdırılması, kənd küçələrinin işıqlandırılması, içməli suya olan tələbatını ödəmək üçün 1 ədəd artezian quyusunun qazılması, kəndin ərazisindən keçən magistral yol kənarı boyu suötürücü arxların çəkilməsi və həmin yolda nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması üçün yol nişanlarının quraşdırılması, internetin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Tanınmış şəxsiyyətləri Rauf Əmirov — professor riyaziyyat elmlər doktoru.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qusar rayonunun kəndləri