Azərbaycanda parlament seçkiləri — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkiləri.

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.

Bu seçkilər Qarabağın işğaldan azad edilməsindən sonra keçirilən ilk seçkilərdir. Beləliklə, Azərbaycanda ilk dəfə parlament seçkiləri Qarabağ daxil bütün Azərbaycan ərazisində baş tutmuşdur.

Zəmin

COVID-19 pandemiyası

II Qarabağ müharibəsi

Boş qalan mandatlar 2020-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra, yanvarın 13-də Mərkəzi Seçki Komissiyası iclas keçirmiş və 80 saylı İmişli-Beyləqan seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 33 saylı Xətai birinci seçki dairəsi üzrə seçki nəticələrini ləğv etmişdir. Daha sonra bu seçki dairələri üzrə təkrar seçkilər keçiriləcəyi gözlənilsə də, bu baş tutmamışdır.

116 saylı Qəbələ seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ölmüşdür.

55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası deputatı Eldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir. Baş Prokurorluq iyulun 30-da deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlatmış və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərmişdir. 2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunmuşdur. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilmişdir. Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunmuşdur. 27 dekabr 2021-ci ildə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Eldəniz Səlimova hökm oxunub, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun deputat mandatına xitam verilib.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçilmiş bitərəf deputat Şahin Seyidzadə 3 mart 2022 tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Mərkəzi Seçki Komissiyasının 17 mart 2022 tarixində keçirilən iclasında Şahin Seyidzadənin deputat mandatına xitam vermişdir.

10 saylı Binəqədi III seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Madər Musayev 14 iyul 2023-cü ildə öldü.

105 saylı Tovuz seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə 48 yaşında ölmüşdür.

64 saylı Sabirabad II seçki dairəsi üzrə deputat seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Ramin Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Mərkəzi Seçki Komissiyasının 2 may 2024 tarixində keçirilən iclasında Ramin Məmmədovun deputat mandatına xitam vermişdir.

20 saylı Nərimanov II seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Adil Əliyev 8 iyul 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir. Mərkəzi Seçki Komissiyasının 9 iyul 2024 tarixində keçirilən iclasında Adil Əliyevin deputat mandatına xitam vermişdir.

"Siyasi partiyalar haqqında" yeni qanun 2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.

Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir. 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir. 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi. 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da, yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır. Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir. Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir. Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur. Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır. Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır. Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır. Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur. Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir. Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir. Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur. AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir. 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.