thumb|Molyerin "Mizantrop" pyesini təsvir edən qravüra. Mizantropiya insan növünə, insan davranışına və ya insan təbiətinə qarşı ümumi nifrət, bəyənməmək və ya inamsızlıqdır. Mizantrop və ya mizantropist bu cür fikirlərə və ya hisslərə sahib olan şəxsdir. Mizantropiya bəşəriyyətin qüsurlarına əsaslanan bəşəriyyətə qarşı mənfi qiymətləndirmə münasibətini ehtiva edir. Mizantroplar hesab edirlər ki, bu qüsurlar insanların hamısını və ya ən azı böyük əksəriyyətini xarakterizə edir. Onlar iddia edirlər ki, dominant həyat tərzini tam dəyişdirməkdən başqa bu qüsurları düzəltməyin asan yolu yoxdur. Akademik ədəbiyyatda hansı münasibətdən, kimə yönəldildiyindən və necə ifadə olunmasından asılı olaraq müxtəlif növ misantropiyalar fərqləndirilir. İstər duyğular, istərsə də nəzəri mühakimələr münasibətin təməli ola bilər. Bu, istisnasız olaraq bütün insanlara yönəldilə bilər və ya bir neçə ideallaşdırılmış insanı istisna edə bilər. Bu baxımdan bəzi mizantroplar özlərini pisləyir, bəziləri isə özlərini hamıdan üstün hesab edirlər. Mizantropiya bəzən başqa insanlara zərər verməyi hədəfləyən dağıdıcı dünyagörüşü və ya cəmiyyətdən qaçmaq cəhdi ilə əlaqələndirilir. Mizantropik mövqelərin digər növlərinə insanlığı təkmilləşdirməyə çalışan aktivlik, istefa şəklində olan sakitçilik və insan vəziyyətinin absurdluğunu ələ salan yumor daxildir.
Mənfi mizantrop dünyagörüşü müxtəlif növ insan qüsurlarına əsaslanır. Əxlaqi qüsurlar adətən əsas amil hesab edilir. Bunlara qəddarlıq, başqalarının əzabına biganəlik, eqoizm, ədalətsizlik və acgözlük daxildir. Belə ki, bu faktorlar soyqırım, fabriklərdə heyvanların istismarı kimi insanlara və heyvanlara zərər vermə ilə nəticələndirə bilir. Digər qüsurlara doqmatizm və koqnitiv qərəzlər kimi intellektual qüsurlar, eləcə də çirkinlik və gözəlliyə qarşı həssaslığın olmaması ilə bağlı estetik qüsurlar daxildir. Akademik ədəbiyyatda debatlar mizantropiyanın etibarlı görüş olub-olmadığı və onun nəticələrinin nə olduğu barədə müzakirələr mövcuddur. Mizantropiyanın tərəfdarları adətən insan nöqsanlarını və onların gətirdiyi zərərləri bəşəriyyəti pisləmək üçün kifayət səbəb kimi göstərirlər. Tənqidçilər bu düşüncə xəttinə cavab veririlər ki, ciddi qüsurlar yalnız bir neçə ekstremal hallara aiddir, məsələn, ruhi xəstələrə, belə ki, ümumilikdə bəşəriyyətə aid deyil. Başqa bir etiraz insanların qüsurları ilə yanaşı fəzilətlərinin də olduğu və balanslaşdırılmış qiymətləndirmənin ümumilikdə müsbət ola biləcəyi iddiasına əsaslanır. Digər bir tənqid zorakılığa səbəb ola biləcək nifrətlə əlaqəli olduğuna görə və insanları dostsuz və bədbəxt edə biləcəyi üçün mizantropiyanı rədd edir. Mizantropiyanın müdafiəçiləri bunun yalnız mizantropiyanın bəzi formalarına aid olduğunu, ümumiyyətlə, mizantropiyaya aid olmadığını iddia edərək cavab verirlər.
Digər bir əlaqədar mövzu insanların mizantrop olmasına səbəb olan psixoloji və sosial amillərlə bağlı məsələdir. Bunlara sosial-iqtisadi bərabərsizlik, avtoritar rejim hökmranlığında yaşamaq və həyatda şəxsi məyusluqlara məruz qalmaq daxildir. Mizantropiya müxtəlif elmlərlə əlaqəlidir. Mizantropiya tarix boyu Heraklit, Diogen, Tomas Hobbs, Jan-Jak Russo, Artur Şopenhauer və Fridrix Nitsşe kimi filosoflar tərəfindən müzakirə edilmiş və nümunə göstərilmişdir. Mizantropik görüşlər, xristianlığın ilk günah doktrinası kimi insanların dərin qüsurlarını müzakirə edən bəzi dini təlimlərin bir hissəsini təşkil edir. Mizantropik perspektivlərə və personajlara ədəbiyyatda və populyar mədəniyyətdə də rast gəlinir. Bunlara Uilyam Şekspirin afinalı Timon obrazı, Molyerin "Mizantrop" pyesi və Conatan Sviftin "Qulliverin səyahətləri" daxildir. Mizantropiya fəlsəfi pessimizmlə yaxından əlaqəlidir, lakin onunla eynilik təşkil etmir. Bəzi mizantropistlər antinatalizmi, insanların nəsil artırmaqdan çəkinmələri fikrini təbliğ edirlər.
Tərifi Mizantropiya ənənəvi olaraq bəşəriyyətə nifrət və ya bəyənməmək kimi müəyyənləşdirilir. Bu termin 17-ci əsrdə yaranıb və qədim yunan dilində "μῖσος — mīsos" "nifrət" və "ἄνθρωπος — ānthropos" 'insan, adam" sözlərindən ibarətdir. Müasir fəlsəfədə bu termin adətən daha geniş mənada bəşəriyyətin pislik və qüsurlarına əsaslanaraq bütövlükdə bəşəriyyətin mənfi qiymətləndirilməsi kimi başa düşülür. Bu mənfi qiymətləndirmə özünü müxtəlif formalarda göstərə bilər, nifrət onlardan yalnız biridir. Bu mənada mizantropiya insanlığın mənfi qiymətləndirilməsinə əsaslanan koqnitiv komponentə malikdir və sadəcə olaraq kor-koranə rədd etmə deyil. Mizantropiya adətən bəşəriyyətin sevgisinə istinad edən və məsələn, xeyriyyə yardımı və ya ianələr vasitəsilə insanın rifahını artırmaq səyləri ilə əlaqəli olan filantropiya ilə ziddiyyət təşkil edir. Hər iki termin bir sıra mənalara malikdir və mütləq olaraq bir-biri ilə ziddiyyət təşkil etmir. Bu baxımdan eyni bir adam bir mənada mizantrop, başqa mənada filantrop ola bilər.
Mizantropiyanın bütün formalarının əsas cəhətlərindən biri onların hədəfinin lokal deyil, çoxəhatəli xarakter daşımasıdır. Bu o deməkdir ki, mənfi münasibət təkcə ayrı-ayrı şəxslərə və ya qruplara deyil, bütövlükdə insanlığa istiqamətlənmişdir. Bu baxımdan, mizantropiya müəyyən bir qrup insana yönəlmiş mənfi ayrı-seçkilik münasibətlərinin digər formalarından fərqlənir. Bu cəhət mizantropiyanı müəyyən irqlərə və ya cinslərə qarşı mənfi münasibət bəsləyən irqçilər, mizoqinistlər və mizandristlər nümunəsindəki dözümsüzlükdən fərqləndirir. Ədəbiyyat nəzəriyyəçisi Endryu Qibsona görə, bir şəxsin sözün əsl mənasında bütün insanları sevməməsi baxımından mizantropiyanın üniversal olmasına ehtiyac yoxdur. Əksinə, bu, insanın üfüqündən asılıdır. Məsələn, istisnasız olaraq bütün digər kəndlilərə nifrət edən kəndli üfüqləri yalnız bu kəndlə məhdudlaşırsa, mizantropdur.
Həm mizantroplar, həm də onların tənqidçiləri mənfi xüsusiyyətlərin və uğursuzluqların bərabər paylanmaması ilə razılaşırlar, yəni pisliklər və pis xislətlər bəzilərində digərlərinə nisbətən daha güclü şəkildə özünü göstərir. Lakin mizantropiya üçün bəşəriyyətin mənfi qiymətləndirilməsi bir neçə ekstremal və görkəmli hallara əsaslanmır: bu, bütövlükdə bəşəriyyətin qınanmasıdır ki, yalnız son dərəcə pis şəxslərə qarşı deyil, adi insanları da əhatə edir. Bu diqqətin adi şeylərə yönəldilməsi səbəbindən bəzən bu qüsurların aşkar və əhəmiyyətsiz olduğu düşünülür, lakin insanlar intellektual qüsurlara görə onlara məhəl qoymaya bilərlər. Bəziləri qüsurları insan təbiətinin bir hissəsi kimi görür. Digərləri də öz fikirlərini əsas olmayan qüsurlara əsasən qururlar. Bura ümumilikdə müasir sivilizasiyanın əlamətləri kimi görülən qüsurlar daxildir. Buna baxmayaraq, hər iki qrup müvafiq nöqsanların "kök salmış olması" ilə razılaşır. Bu o deməkdir ki, onları düzəltməyin ya yolu yoxdur, ya da asan yolu yoxdur və bu, ümumiyyətlə, mümkün olarsa, dominant həyat tərzinin tam dəyişdirilməsindən başqa bir şeyin tələb olunmaması mənasına gələrdi.
Növləri Akademik ədəbiyyatda mizantropiyanın müxtəlif növləri fərqləndirilir. Onlar hansı münasibətdən, onun necə ifadə olunduğundan və yanlış mühakimələrin onlara daxil olub-olmamasından asılıdır. Aralarındakı fərqlər çox vaxt mizantropiyanın lehinə və əleyhinə olan arqumentləri qiymətləndirmək üçün vacib əhəmiyyət daşıyır. İmmanuel Kant tərəfindən təklif edilən erkən təsnifat müsbət və mənfi mizantropları fərqləndirir. Müsbət mizantroplar bəşəriyyətin aktiv düşmənləridir. Onlar başqalarına zərər vermək istəyirlər və bu və ya digər formada onları incitməyə çalışırlar. Mənfi mizantropiya isə insanları özlərini təcrid etməyə sövq edən dinc antropofobiyanın bir formasıdır. Başqalarında ciddi çatışmazlıqlar görsələr də, onlara xeyir arzulayırlar. Kant mənfi mizantropiyanı başqaları ilə keçmiş mənfi təcrübələrə görə olan mənəvi məyusluqla əlaqələndirir.
Başqa bir fərq, bəşəriyyətə qarşı mizantropik qınağın yalnız başqa insanlaramı yoxsa özü də daxil olmaqla hər kəsəmi yönəldilməsi ilə bağlıdır. Bu baxımdan, özünü əhatə edən mizantroplar öz mənfi qiymətləndirmələrinə özlərini daxil etməklə öz münasibətlərində ardıcıldırlar. Bu tip, ya üstüörtülü və ya açıq şəkildə özlərini ümumi qınaqdan kənarlaşdıran və bunun əvəzinə özlərini hamıdan üstün görən "özünü şişirdən" mizantroplarla ziddiyyət təşkil edir. Bu baxımdan, bu, özünü qiymətləndirmə və özünə əhəmiyyətin şişirdilməsi hissi ilə müşayiət oluna bilir. Ədəbiyyat nəzəriyyəçisi Cozef Harrisin fikrincə, "özünü şişirdən" növ daha çox yayılmışdır. O qeyd edir ki, bu nöqteyi-nəzər ikiüzlülüyün bir formasını təşkil etməklə onun öz mövqeyinə xələl gətirir. İrvinq Babbit tərəfindən hazırlanmış bir-biri ilə yaxından əlaqəli təsnifat mizantropları mənfi qiymətləndirmələrində istisnalara icazə verib-verməməsinə əsaslanaraq fərqləndirir. Bu baxımdan çılpaq intellektin mizantropları bütövlükdə bəşəriyyəti ümidsiz bir şey edirlər. Həssas mizantroplar bir neçə ideallaşdırılmış insanı mənfi qiymətləndirmədən kənarlaşdırır. Babbitt həssas mizantropiya nümunəsi kimi Russo və onun təbii qeyri-mədəni insana olan sevgisini göstərir və bunun Conatan Sviftin bütün bəşəriyyəti hərtərəfli rədd etməsi ilə ziddiyyət təşkil etdiyini göstərir.
Mizantropiyanın formalarını təsnif etməyin başqa bir yolu insanlığa münasibət növü ilə əlaqədardır. Bu baxımdan filosof Tobi Svoboda bəyənməmək, nifrət etmək, ikrah duymaq və mühakimə etmək münasibətlərini fərqləndirir. Bəyənməməyə əsaslanan mizantropiya, digər insanlara qarşı mənfi hisslər şəklində bir diksinmə ehtiva edir. Nifrətə yönəlmiş mizantropiya xoşagəlməzliyin gərgin bir formasını ehtiva edir. Bu, başqalarına pislik arzulamaq və bəzən bu istəyi həyata keçirməyə çalışmaq kimi əlavə komponenti özündə birləşdirir. İkrah vəziyyətində olan münasibət hiss və duyğulara deyil, daha çox nəzəri baxışa əsaslanır. Bu, mizantropların digər insanları dəyərsiz görməsinə və özlərini bu qiymətləndirmədən kənarlaşdıraraq onlara yuxarıdan aşağı baxmasına səbəb olur. Mizantropik münasibətin əsası mühakimədirsə, o, həm də nəzəri xarakter daşıyır, lakin özü və başqaları arasında fərq qoymur. Bu, bəşəriyyətin ümumiyyətlə pis olduğuna dair fikirdir və mizantropun hər hansı bir şəkildə digərlərindən daha yaxşı olduğunu ifadə etmir. Svobodaya görə, yalnız mühakimə əsasında mizantropiya ciddi fəlsəfi mövqe təşkil edir. O, hesab edir ki, ikraha əsaslanan mizantropiya digər insanlara qarşı qərəzli çıxış edir, bəyənməmək və nifrət şəklində olan mizantropiyanı qiymətləndirmək isə çətindir, çünki bu emosional münasibətlər çox vaxt obyektiv sübutlara cavab vermir.
Mizantropik həyat formaları alt=Painting "The Misanthrope" by Pieter Bruegel the Elder|thumb|Böyük Piter Breygelin "Mizantrop" əsərində təsvir olunduğunu kimi, mizantropiya adətən sosial təmaslardan qaçmaq meyli ilə əlaqələndirilir. Mizantropiya adətən nəzəri rəylə məhdudlaşmır, lakin praktiki qarşılıq tələb edən qiymətləndirici münasibəti ehtiva edir. Belə ki, bu, həyatın müxtəlif formalarında özünü ifadə edə bilir. Onlar müxtəlif dominant emosiyalar və insanın həyatını necə aparacağına dair praktik nəticələri özündə birləşdirir. Mizantropiyaya olan bu qarşılıqlar bəzən sadələşdirilmiş arxetiplər vasitəsilə təqdim olunur ki, bu da hər hansı bir insanın zehni həyatını dəqiq şəkildə müəyyən etmək üçün çox kobud ola bilər. Bunun əvəzinə, onlar mizantrop qruplar arasında ümumi münasibətləri təsvir etməyi hədəfləyirlər. Mizantropiya ilə ən çox əlaqəli olan iki reaksiya ya məhv etmək, ya da cəmiyyətdən qaçmaqdır. Dağıdıcı mizantropun bəşəriyyətə nifrətdən qaynaqlandığı və lazım gələrsə zorakılıqla onu yıxmaq məqsədi daşıdığı deyilir. Qaçaq mizantrop üçün qorxu hakim emosiyadır və mizantropu sivilizasiya və bəşəriyyətlə mümkün qədər pozucu təmasdan qaçmaq üçün tənha bir yer axtarmağa vadar edir.