İsmayıl Xəlil oğlu Hüseynov () — sabiq Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini (2023–2025), Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini (2018–2023), general-mayor, gömrük xidməti general-leytenantı (2020).
Həyatı İsmayıl Xəlil oğlu Hüseynov 1974-cü ildə anadan olmuşdur. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə qəbul olunmuş və 1996-cı ildə həmin universiteti bitirərək magistr dərəcəsi almışdır. 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsini bitirərək bakalavr dərəcələrini almışdır.
1995-ci ildən gömrük orqanlarında xidmətə başlamış, 1995–1998-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru və mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifələrində, 1998–1999-cu illərdə isə Bakı Baş Gömrük İdarəsinin "Bərə keçidi" gömrük postunun inspektoru, Maliyyə-tarif şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, tərxis olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışmışdır. 2001–2004-cü illərdə Bakı Baş Gömrük İdarəsinin "Səbail" gömrük postunda baş inspektor, 2004–2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisinin müavini və idarənin rəisi vəzifələrində çalışmışdır.
İsmayıl Hüseynov 29 may 2018-ci ildə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə, 25 iyun 2018-ci ildə isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Paralel olaraq 2022-ci ilin avqust ayından Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Gömrük orqanlarında çalışarkən, 27 yanvar 2017-ci ildə ona gömrük xidməti general-mayoru, 30 yanvar 2020-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.
2023-cü ilin iyun ayında İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini təyin edilmişdir. Ona general-mayor ali hərbi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2025-ci il tarixli müvafiq sərəncamları ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
İsmayıl Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 31 yanvar 2008-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, 29 yanvar 2019-cu ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, bir sıra yubiley medallarına layiq görülmüşdür.
Ailəlidir, 2 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan gömrük xidməti general-leytenantları