Fuad Muradov (Fuad Rauf oğlu Muradov; ) — Azərbaycan Respublikasının dövlət xadimi, kimya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V çağırış deputatı, 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir.
Həyatı Muradov Fuad Rauf oğlu 22 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1996-cı illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil almışdır. 1996-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası" ixtisası üzrə bakalavr təhsilinə qəbul olunmuşdur. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və Mühərriklər İnstitutu və İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə magistr proqramını və ABŞ-nin Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin Qlobal İncəsənət (GMAP) magistr proqramını bitirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur.
Ailəlidir, üç övladı var.
Fəaliyyəti Elmi fəaliyyəti 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir və kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Fuad Muradov elmi sahədə də fəaliyyət göstərmiş, ekologiya, neft kimyası və ətraf mühitin mühafizəsi mövzularında 10-dan çox elmi məqalə və bir monoqrafiyanın müəllifi olmuşdur. Onun tədqiqatları əsasən radionuklidlərin ətraf mühitə təsiri və ekoloji təhlükəsizlik məsələlərini əhatə etmişdir.
İctimai və siyasi fəaliyyəti 2002–2004-cü illərdə qərargahı Belçikanın Brüssel şəhərində yerləşən Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri seçilmişdir.
2002–2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, 2004–2012-ci illərdə isə sədri olmuşdur.
2005–2015-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olmuşdur.
2005-ci ildə keçirilmiş III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan–Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Almaniya, Azərbaycan–Belçika, Azərbaycan–Böyük Britaniya, Azərbaycan–Hindistan, Azərbaycan–Küveyt və Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olmuşdur.
2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.
2010-cu ildə keçirilmiş IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan–Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Amerika Birləşmiş Ştatları, Azərbaycan–Belçika, Azərbaycan–Böyük Britaniya, Azərbaycan–Fransa, Azərbaycan–Almaniya, Azərbaycan–Hindistan və Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
"Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olmuşdur.
25 iyun 2011-ci ildən Krans Montana Forumunun "Sabah üçün yeni liderlər" proqramının üzvüdür.
2012-ci ildə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri seçilmişdir.
2011–2018-ci illərdə Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri olmuşdur və 2015-ci ildə Avronest Parlament Assambleyası üzrə Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin sədri olmuşdur. Əlavə olaraq 2015-ci ildə Azərbaycanın Parlamentlərarası İttifaq üzrə nümayəndə heyətinin rəhbərinin müavini olmuşdur.
2015-ci ildə keçirilmiş V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olmuşdur. Azərbaycan–Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Amerika Birləşmiş Ştatları, Azərbaycan–Belçika, Azərbaycan–Böyük Britaniya, Azərbaycan–Fransa, Azərbaycan–Almaniya, Azərbaycan–Hindistan, Azərbaycan–Küveyt və Azərbaycan–Litva parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
2015-ci ildən Münxen Gənc Liderlərin üzvüdür.
2022-ci ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının icraçı katibi vəzifəsindədir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fuad Muradovu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin etmişdir.
Onun rəhbərliyi ilə Komitə aşağıdakı sahələr üzrə fəaliyyət həyata keçirmişdir: xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan diaspor təşkilatlarının təşkilatlanması və koordinasiyası; Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması; Türk dünyası diasporlarının birliyi və əməkdaşlığı; Diaspor Gəncləri Forumu və Koordinasiya Şuralarının yaradılması; müxtəlif ölkələrdə Azərbaycan Evlərinin açılması.
Fuad Muradovun təşəbbüsü ilə bir çox ölkədə diaspor təşkilatları gücləndirilmiş, həmvətənlər arasında əlaqələr möhkəmləndirilmiş və diaspor siyasətində yeni mərhələyə keçid təmin olunmuşdur. Həm dövlət strukturlarında, həm də qeyri-hökumət təşkilatılarında çalışdığı illər ərzində gənclər, elm, diaspor və beynəlxalq münasibətlər sahələrində təcrübə toplamışdır. Onun fəaliyyəti müasir Azərbaycanın dövlət-diaspor münasibətlərinin inkişafında mühüm rol oynayır.
Beynəlxalq əməkdaşlıq Fuad Muradov Türk Dövlətləri Təşkilatının və türk diaspor təşkilatlarının əməkdaşlığına önəm verir. Onun təşəbbüsü ilə 2021 və 2023-cü illərdə Türk Diaspor Gəncləri Forumu keçirilmişdir. Həmçinin, Avropa, Amerika və MDB ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələr genişləndirilmiş, diaspor diplomatiyasının müasir formaları tətbiq olunmuşdur.
Təltif və mükafatları "Vətənə xidmətə görə" III dərəcəli orden — Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2022-ci il tarixli sərəncamı ilə. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018) yubiley medalı — Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli sərəncamı ilə. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024). "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı. "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı. "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı. Müxtəlif beynəlxalq və yerli qurumların təşəkkürnamə və fəxri fərmanları.
Həmçinin bax Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikasnın Diasporla iş üzrə Dövlət Komitəsi http://diaspor.gov.az/ Diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ
Kateqoriya:Azərbaycan Milli Məclisinin deputatları Kateqoriya:Azərbaycanın dövlət xadimləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi