Ruja İqnatova (; ) — "OneCoin" adlı kriptovalyuta layihəsinin qurucusu və rəhbəri kimi tanınan, lakin sonradan maliyyə piramidası olduğu müəyyən edilən layihə ilə əlaqəli olaraq beynəlxalq səviyyədə axtarışda olan bolqar əsilli biznesmen və fırıldaqçı.

O, tez-tez "Kriptovalyuta Kraliçası" olaraq adlandırılır, lakin onun fəaliyyəti maliyyə piramidası sxemi kimi milyonlarla insanın pul itirməsinə səbəb olmuşdur. ABŞ Ədliyyə Nazirliyi onun fəaliyyətini ən böyük maliyyə fırıldaqçılıqlarından biri kimi qiymətləndirmişdir.

Ruja İqnatovanın harada olduğu indiyə qədər məlum deyil. Onun qlobal səviyyədə axtarışı davam edir və bu, maliyyə fırıldaqçılığı tarixinə ən böyük hallardan biri kimi düşüb.

Həyatı İqnatova 1980-ci ildə Bolqarıstanın Ruse şəhərində qaraçı ailəsində anadan olub. İqnatova on yaşında ikən ailəsi ilə birlikdə Almaniyaya mühacirət edib və uşaqlığının bir hissəsini Baden-Vürtemberq əyalətinin Şramberq şəhərində keçirib. 2005-ci ildə o, Almaniyanın Konstanz Universitetində qanunların ziddiyyətində lex causae-ni müzakirə edən Art 5 Nr 1 EuGVO – Chancen und Perspektiven der Reform des Gerichtsstands am Erfüllungsort dissertasiyası ilə beynəlxalq xüsusi hüquq üzrə doktorluq dərəcəsi alıb. O, həmçinin McKinsey & Company-də çalışıb.

OneCoin layihəsi OneCoin, 2014-cü ildə Ruja İqnatova tərəfindən yaradılmış və kriptovalyuta kimi təqdim edilmişdi. Layihə investorlara böyük qazanc vəd edirdi, lakin əslində bu, Ponzi sxemi (maliyyə piramidası) idi. İştirakçılar OneCoin almaq üçün pul yatırırdılar və yeni investorlar cəlb etdikcə mənfəət əldə edirdilər. Lakin bu "kripto" faktiki olaraq blokçeyn texnologiyasına əsaslanmırdı və əslində heç bir dəyəri yox idi. OneCoin 175-dən çox ölkədə fəaliyyət göstərmişdir və təxminən 4 milyard dollar vəsait toplamışdır. Nəticədə çox sayda insan əmanətlərini itirmişdir.

İtkin düşməsi 2017-ci ilin oktyabrında, ABŞ-da ona qarşı ittihamlar irəli sürüləndən sonra Ruja İqnatova müəmmalı şəkildə itkin düşüb. Onun son dəfə Bolqarıstandan Yunanıstana uçduğu məlum olub. 2022-ci ilin iyununda FBI (Federal Təhqiqat Bürosu) onu 10 ən çox axtarılan şəxs siyahısına daxil edib. Onun tapılması üçün 100 min dollar mükafat təyin edilib.

Maraqlı faktlar Ruja İqnatova OneCoin layihəsini təşviq edərkən möhtəşəm tədbirlər təşkil edir, lüks həyat tərzi nümayiş etdirirdi. Bu, insanları layihənin legitim olduğuna inandırmaq üçün istifadə edilirdi. Onun qızıl, daş-qaş və lüks mülklərə milyardlarla dollar sərmayə qoyduğu bildirilir. 2019-cu ildə "The Missing Cryptoqueen" adlı podkast onun fəaliyyəti və itkin düşməsi ilə bağlı araşdırmalara həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər

The Missing Crypto Queen at BBC Sounds

Kateqoriya:FTB-nin ən çox axtarılan 10 fərari Kateqoriya:Almaniya iş adamları