Tağıyev: Çar — böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan 4 hissəli "Tağıyev" filminin ikinci hissəsi. Bakı Media Mərkəzinin istehsalı olan film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmin birinci hissəsi "Tağıyev: Neft" 2024-cü ildə təqdim olunub.
Məzmunu 1888-ci ilin payızında bütün Bakı çar III Aleksandrın səfərinə hazırlaşır. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş, Bakı Şəhər Dumasının üzvü seçilmiş Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə nüfuz və status uğrunda mübarizə aparır, şəhər rəhbərliyi ilə ciddi mübahisələr yaşayır. Eyni zamanda Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Ərəblinski ilə tanış olur və onunla evlənməyi planlaşdırır.
Ekran əsəri XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Filmdə Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq olar. Film, Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsini, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada göstərir.Tağıyev barəsində çəkilən filmin ikinci hissəsi apreldə nümayiş olunacaq Tağıyev bu dəfə də dövrünün güclü qüvvələri ilə üz-üzə dayanır, taleyüklü qərarlar qəbul edir.
Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini daha dərindən araşdırmaq və onun Azərbaycan tarixində oynadığı rolu təbliğ etmək məqsədi daşıyır.
Film haqqında 2025-ci il aprelin 4-də Nizami Kino mərkəzində "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub. Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı heyət iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.
Azərbaycan tarixinin tanıdılmasında və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət daşıyan dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim edilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplayıb. Eyni zamanda, film beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Filmin təqdimatı böyük maraqla qarşılanıb. Qeyd etmək lazımdır ki, yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən və ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.
Film heyəti Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, montajçısı Rəhimov Əsgər və bəstəkarı Etibar Əsədlidir.
Rollarda Pərviz Məmmədrzayev — gənc Hacı Zeynalabdin Tağıyev Qurban İsmayılov — yaşlı Hacı Zeynalabdin Tağıyev İqor Denisov — Orlovski Sənan Əlləz — İsmayıl İsmayıl Kərimov — Sadıq Rüstəm Cəbrayılov — Rəcəbəli Yaroslav Trifonov — Qudkov Zülfiyyə Qurbanova — Şəfiqə Teymurbəyova Fatimə Abdullasoy — Şirin Rasim Cəfər — Ağa Musa Nağıyev Vadim Stepanov — Cerri Vüsal Hacı-Qədir — qoçu Kazım Manaf Dadaşov — Əbu Ziyad Elşən Hacıbabayev — Camal Oleq Əmirbəyov — qubernator Sənan Fərzəliyev — qoçu Qulu Kamil Nazim — qoçu Qurban Qasım Nağı — müəllim Vladimir İvanov — III Aleksandr Alim Qasımov — xanəndə Zəki Vəliyev — tarzən Rauf İslamov — kamançaçı
Həmçinin bax Hacı Zeynalabdin Tağıyev Tağıyev: Neft
İstinadlar
Xarici keçidlər “Tağıyev: Çar” filminin təqdimatı İnstagram
Kateqoriya:Azərbaycanın bioqrafik filmləri Kateqoriya:2025-ci ilin Azərbaycan filmləri Kateqoriya:Hacı Zeynalabdin Tağıyev haqqında filmlər Kateqoriya:Azərbaycan filmləri