Gəncəizadə evi — Qacarlar dövrünə aid olub, Təbrizin tarixi Maqsudiyyə məhəlləsində, Təbriz İslam İncəsənəti Universitetinin Memarlıq fakültəsinin qarşısında yerləşir. Bu abidə ilk dəfə 1997-ci ilin aprelin 12-də, 1850 qeydiyyat nömrəsi ilə Bəhnam və Qədəki evləri ilə birlikdə İranın milli irs siyahısına daxil edilmişdir. Daha sonra isə, 2002-ci ilin avqust ayının 8-də, 6021 qeydiyyat nömrəsi ilə müstəqil şəkildə qeydiyyata alınmışdır.
Uzun müddət bu ev Təbrizdəki Səhənd Universitetinin İncəsənət və Memarlıq fakültəsinə məxsus olmuşdur. Lakin 2011-cı ildə bu tarixi binanın mülkiyyətinə dair yaranmış mübahisədən sonra ev qismən sökülmüşdür.
Haqqında Tarixi left|thumb|Evin fərqli istiqamətdən görüntüsü. Rza Gəncəizadə jurnalist olmuş və Babəşməl və Dəbül-Mühəndis nəşrləri ilə tanınmışdır. Babəşməl iqtisadi-siyasi yönümlü bir qəzet olub, sadə dildə ölkənin o dövr vəziyyətini tənqid etdiyi halda, Rza Gəncəizadə parlament üzvü də seçilmişdir.
Gəncəizadə evinin inşası Qacarlar dövrünün sonuna aiddir. Bununla belə, Pəhləvi dövrünə aid zirzəmilər həmin hissəyə Pəhləvi memarlığının üslub xüsusiyyətlərini gətirmişdir. Hazırda bu tarixi bina Təbriz İslam İncəsənəti Universitetinin Memarlıq fakültəsinin bir hissəsini təşkil edir.
Memarlıq xüsusiyyətləri Gəncəizadə evi Qacar və Pəhləvi dövrü memarlıq üslublarının sintezini əks etdirir. Ümumi sahəsi 3000 m² olan bina üç mərtəbədən ibarətdir və daxili quruluşunda ənənəvi içəri və bayır bölmələri yoxdur. Otaqlar bir sıra boyunca düzülmüşdür. Binanın tikintisində iti bucaqlardan və qövs formasına malik olmayan düzbucaqlı pəncərələrdən istifadə olunması Təbrizdə ənənəvi memarlıqdan uzaqlaşaraq modern memarlığa keçidin göstəricisi hesab olunur. left|thumb Bina iki hissədən ibarətdir: şərq hissəsi Qacar dövründə, qərb hissəsi isə Pəhləvi dövrünün əvvəllərində əvvəlki tikiliyə əlavə olunmuşdur. Şərq fasadı cənuba baxır. Tikilinin əsas nüvəsi "tənbi" hesab olunur. Onun hər iki tərəfində giriş dəhlizləri, kənarlarda isə guşə otaqları yerləşir. Guşə otaqlarının çıxıntıları sütunlu eyvana bənzər formada işlədilmişdir. Bu eyvan beş açıq tağdan ibarət olub, yarımdairəvi qövs forması ilə örtülmüşdür. Tənbinin şimal tərəfində daxili həyətə baxan üçtağlı eyvan mövcud olmuş, lakin daxili həyət sonradan aradan qalxmış və həmin tərəf divarla əhatələnmişdir. Bu hissə üç mərtəbədən ibarətdir və tənbi otağının altında hovuzxana yerləşir.
Kompleksin qərb hissəsi Pəhləvi dövrünün əvvəllərinə aiddir. Burada giriş şərqdən qərbədir və hər dəhlizin hər iki tərəfində üç otaq olmaqla ümumilikdə altı otaq mövcuddur. Bu hissə də zirzəmi, birinci mərtəbə və üst mərtəbədən ibarət olaraq üç mərtəbəli şəkildə inşa edilmişdir. Binanın şərq tərəfi sütunlu eyvana malikdir. Hər iki hissənin bünövrəsi və alt qatları "Əspraxun" daşları ilə qorunmuş və bəzədilmiş, xarici fasadlar və zirzəmilər isə kərpiclə işlənmişdir. Tikilidə istifadə edilən əsas materiallar daş, kərpic, gips, əhəng və ağacdır. Plan quruluşu, iki hissənin memarlıq baxımından əlaqələndirilməsi, eyvanların yerləşdirilməsi, ikitərəfli pilləkənlər və kərpicin səmərəli istifadəsi bu tarixi tikilinin başlıca xüsusiyyətlərindəndir.
İşlədilməsi Hal-hazırda Təbriz İslam İncəsənəti Universitetinin Memarlıq fakültəsinin nəzdindəki evlərdən biri olaraq fəaliyyət göstərən Gəncəizadə evi ziyarətçilər üçün (rəsmi tətillər istisna olmaqla) açıqdır. Ziyarət üçün universitet girişindən bilet satın alınmalıdır. Həmçinin bax Məşrutə Evi Əmir Nizam evi Heydərzadə evi Həriri evi
İstinadlar
Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz tikililəri