Bağdad şahsevənləri — Şahsevənlərin mühüm qollarından biridir. Bu el Səfəvilər dövründə, xüsusilə Şah I İsmayılın hakimiyyəti zamanı, Osmanlıların idarəsində olan Mərkəzi və Şimali İraq ərazilərindən, Nadir şah dövründə isə Kərkük və ətraf bölgələrdən Xorasana köçürülmüş, daha sonra isə Zayəndə Rud vadisi və Şiraz bölgəsinə yönləndirilmişdir. Bəzi qaynaqlarda isə onların Muğan düzündən Nadir şah tərəfindən imperiyanın qərb sərhədlərini qorumaq üçün köçürüldükləri qeyd edilməkdədir. Türkmanlardan ibarət olan bu tayfa Oğuzların qollarından biri olmaqla birlikdə uzun müddət köçəri həyat sürmüşdürlər. Giriş Bağdad şahsevənləri bölgənin böyük və təsirli etnoslarından biridir. Bu el, xüsusilə Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Zəndlər, Qacarlar və Pəhləvilər zamanında mühüm siyasi və ictimai rol oynamışdır. Tarix kitablarında Bağdad şahsevənlərinin keçmişi və təsiri barədə çox az məlumat verildiyi, yalnız səthi şəkildə toxunulduğu üçün, ictimaiyyət, hətta tədqiqatçılar belə bu böyük və təsirli tayfa haqqında ətraflı məlumata malik deyillər.
Şahsevənlərin tarixi keçmişi Bu elin bir qismi Səfəvilər dövründə Qaşqayların Fars əyalətinə gəlməsindən sonra, onlardan ayrılaraq müstəqil olmuş və hazırda Savə bölgəsində yerləşmişdir. Bağdad şahsevənlərinin digər bir qismi isə Azərbaycan torpaqlarından Xırqana köçmüş və hazırda Qəzvin vilayətindədir. Şahsevən eli, Şah I Abbas Səfəvi dövründə, Qızılbaş başçılarının gücünü zəiflətmək məqsədilə bir sıra qızılbaş tirələrinin birləşdirilməsi nəticəsində yaranmış bir tayfa ittifaqıdır. Eyni zamanda bu tayfanın əsasını Şamlıların təşkil etdiyi də iddia edilməkdədir.
Tarixi mənbələrə görə, Şahsevənlərin tarixi keçmişi Səfəvi hökmdarlarının dövrünə gedib çıxır. Tarixçilər və səyyahlar yazır ki, Şah Abbas Qızılbaşların otuz iki tayfa rəhbərlərinin güc və nüfuzunu azaltmaq üçün bir hissəsi piyada tüfəngçi, bir hissəsi isə süvari olmaqla nizami və təchizatlı ordu yaratmışdır. Görünən səbəb bu ordunun Osmanlı dövlətinin yeniçəri qüvvələrinə qarşı güclü və döyüşkən bir ordu formalaşdırmaq idi. Lakin əsl gizli məqsəd, itaətsiz və müstəqil Qızılbaş əmirlərinə qarşı çıxmaq və onların gücünü məhv etməkdən ibarət idi.
İddia edilir ki, "Şahsevənlik" və ya "Şahsevənçilik" anlayışları Şah Abbasın xüsusi ordusundan daha qədim tarixə malikdir. Yəni bu məfhumlar Səfəvi dövründə yalnız hərbi deyil, eyni zamanda dini-siyasi məna da daşıyırdı. Bu anlayış "şahı sevmək, ona sədaqət göstərmək və ‘mürşidi-kamil’ uğrunda fədakarlıq etmək" demək idi. Bir tədqiqatçı bu haqda belə qeyd edir:
Şah İsmayıl Səfəvi dövründə bütün müxtəlif qızılbaş tayfalarını bir araya gətirən və onları vahid qüvvəyə çevirən əsas amil ‘Şahsevənlik’ – yəni şahı sevmək, onun müqəddəs məqsədləri uğrunda canını fəda etmək idi. Bu məqsədlər isə kafirlərə qarşı cihad etmək, İmamiyyə şiəliyini yaymaq və yeni qurulan Səfəvi dövlətini gücləndirməkdən ibarət idi.
Sonrakı dövrlərdə isə "Şahsevənlik" anlayışının mənası dəyişmiş və müasir təfsiri ortaya çıxmışdır. Belə ki, Şah Abbasın xüsusi ordusunun varisləri kimi təqdim edilən Şahsevənlik anlayışı, Səfəvilərin süqutundan sonra həm şəhərlilər, həm də tarixçilər tərəfindən ortaya atılmış və sonrakı əsrlərdə bütün Azərbaycan köçərilərinə şamil edilmişdir.
Qacarlar və müasir dövr müəllifləri isə Şahsevən adlı hərbi birliyin yaradılması haqqında ümumən oxşar məlumatlar vermişlər. Onların qeyd etdiyinə görə, bəzi üsyankar Qızılbaş tayfaları Şah Abbasa qarşı üsyan etdikdə, şah "Şahsevən gəlsin!" – yəni “kim şahı sevərsə, gəlsin" deyərək çağırış etmişdir. Bu çağırışa cavab verənlər üsyançıları məğlub etmiş, şah isə həmin tayfaları "Şahsevən" adlandırmışdır. Şahsevən tayfaları müxtəlif bölgələrdə məskunlaşmışdır: Azərbaycan, İraq, Fars, eləcə də az miqdarda Xorasan, Kabil və Kəşmir torpaqlarında.
Hazırda isə Şahsevən elinin üzvləri İranın müxtəlif bölgələrində (Tehran, Əlborz, Fars, Azərbaycan, Mərkəzi, Zəncan, Buşəhr və s.), həmçinin qonşu ölkələrdə – Türkiyə, İraq, Əfqanıstan, Hindistan, Pakistan və Azərbaycan Respublikasında yaşayırlar. Son əsrdə onların böyük əksəriyyəti köçərilikdən imtina edərək oturaq və şəhər həyatına keçmişdir.
Bağdad şahsevənlərinin quruluşu Şahsevən Bağdadi elinin ilkin nüvəsi Səfəvilər dövründə formalaşmışdır. Şah İsmayılın hakimiyyəti zamanı Osmanlıların idarəsi altında yaşayan əhali Qızılbaşlıq elan edib Səfəvi dövlətini dəstəkləməklə bu elin əsasını qoymuşdur. Daha sonra Nadir şah Əfşar dövründə, Osmanlılarla aparılan müharibələr zamanı, Kərkük ətrafı bölgələrdən Xorasana köçürülmüşdür. Elin Bağdad şahsevəni adı ilə tanınmasının səbəbi də məhz bu hadisə olmuşdur. Bu elin müxtəlif tayfa və tirələri zamanla İran, İraq, Türkiyə, Azərbaycan və Suriyanın müxtəlif bölgələrinə yayılmışdır. Elin əsas gövdəsi isə Nadir şahın ölümündən sonra Xorasandan Farsa köçmüş, Qacarların hakimiyyətinin əvvəlində isə Savə, Qəzvin, Həmədan və Xorqan dağlarında məskunlaşmışdır. Xorqan silsiləsi rəsmi fərmanla onların yaylaq yurdu kimi təsdiq olunmuşdur.
Bir başqa qaynaqda isə təxminən 12 min Şahsevən ailəsi Nadir şah Əfşarın əmri ilə imperiyanın qərb sərhədlərini qorumaq məqsədilə Muğan düzündən həmin bölgəyə göndərildiyi bildirilir. Lakin bu göndərilənlər Zəndilər dövründə Kərim xan Zəndin göstərişi ilə Şiraza köçürüldü. Kərim xan vəfat etdikdən sonra onlar özlərinin əsas vətəni olan Muğan düzünə qayıtmaq istədilər, ancaq Ağa Məhəmməd Qacar buna mane olaraq onları Həmədan, Qəzvin və Savəyə ərazilərinə köçürdü. Onların əhalisi Rza şah Pəhləvinin hakimiyyətinin əvvəllərində təxminən 22 min nəfər, 1932-ci ildə isə 7419 ailə idi.
Bağdad şahsevənlərinin sosial təşkilatlanması Hazırda Bağdad şahsevənlərindən yalnız bir neçə yüz ailə köçəri həyat tərzini davam etdirir. Əhalinin böyük hissəsi isə Tehran, Savə, Qum, Vəramin, Şəhriyar, Zəncan, Qəzvin, Kərəc, Ərak və digər bölgələrdə məskunlaşmışdır. El 29 tayfa, 220 tirə və yüzlərlə oba (göbək) birliyindən ibarətdir.
Elin ilk nüvəsi Nadir şahın Bağdada ilk yürüşü zamanı (hicri 1145) Kərkük ətrafından Xorasana köçürülmüşdür. Nadir şahın ölümündən sonra onlar Şiraza hərəkət etmiş, Kərim xan Zəndin ölümündən sonra isə Ağa Məhəmməd xan Qacar tərəfindən Savə və Xorqan dağlarında yerləşdirilmişdir. XIX əsrdən bu yana Save, Tefreş, Qum, Həmədan, Məlayer, Zəncan, Qəzvin, Kərəc, Şəhriyar, Vəramin, Tehran, habelə Kürdüstan və Kermənşah bölgələri bu elin məskənləri olmuşdur.
Elin siyasi idarəçiliyi elxan, elbəylər, kəndxudalar və ağsaqqalların əlində olmuşdur. El başçılığı bəzən müstəqil, bəzən isə Savə, Zərənd və Ərak hakimiyyətinə bağlı şəkildə fəaliyyət göstərmiş, çox vaxt mərkəzi hökumət tərəfindən müəyyən edilən şəxslərə "nənxanə" adlanan səlahiyyət kimi verilmişdir. Elbəylər hökumət və el arasında vasitəçi olmuş, səlahiyyətlərini birbaşa şahdan almışdır.
Qacar dövründə el üç elbəyi tərəfindən (Lək, Arxlı və Kəlvənd) idarə olunmuşdur. Elbəylik əsasən irsi xarakter daşısa da, istisnalar mövcud olmuşdur. Kəndxudaların da vəzifəsi çox vaxt irsi olmuş, lakin bu sahədə də müəyyən istisnalar müşahidə edilmişdir. Tirə başçısı olan ağsaqqallar isə oba daxilində əsasən iqtisadi vahidi təmsil etmiş, onların mövqeyi həmişə irsi olmamışdır.
Dövlət 1928-ci ildən etibarən Bağdad şahsevənlərinin köçərilərini məskunlaşdırmağa çalışmış, lakin 1936-cı ilə qədər elin böyük hissəsi köçəri həyatından əl çəkməmişdir. 1941-ci ildən sonra isə yenidən yaylaq-qışlaq həyatına qayıdanlar olmuşdur. Bu dövrdə Məhəmmədəli xan Səmsami Savə qubernatorluğundan aldığı fərmanla 1957-ci ilə qədər Bağdad şahsevənlərinin köçəri həyatını bərpa etməyə çalışmışdır. Lakin daxili çəkişmələr, yerli xanlarla münaqişələr və siyasi dəyişikliklər nəticəsində elin yaylaqları əldən çıxmış və köçəri həyat birdəfəlik başa çatmışdır.
Bağdad şahsevənləri və onların tarixi kökləri haqqında Vladimir Minorski və Henri Fild məlumatlar vermişdirlər. Minorskiyə görə, onlar Şah Abbas dövründə Şirazdan Savə bölgəsinə gəlmişlər. Henri Fild yazır:
...Belə hesab olunur ki, Bağdad şahsevənləri Səfəvi dövründə köç etmiş və Bağdad yaxınlığında məskunlaşmış, Nadir şah dövründə isə oradan Şiraza getmişdirlər. Kərim xan Zənd dövründə sabit və müəyyən yaşayış yerləri olmamış, nəhayət Ağa Məhəmməd xan Qacara qoşulmuş və o da onları indiki məskun yerlərinə yerləşdirmişdir.
Henri Fildin Bağdad şahsevənləri Səfəvi dövründə Bağdad və Mədain yaxınlığına köçməsindən bəhs etməsi ilə yanaşı, Abbas Əzzavi və İsgəndər bəy də Şahsevən elindəki Lək tayfalarının mənşəyini Bağdadın cənub bölgələrinə bağlayırlar. Onlar qeyd edirlər ki, Səfəvilər dövründə Osmanlılarla mübarizə və Səfəvi dövlətinə dəstək məqsədilə çağırış əsasında, Zəhak qalası yaxınlığında, Lək xan rəhbərliyi ilə iki min nəfərlik bir Lək dəstəsi Səfəvi qoşunlarına qoşulmuş və daha sonra Bağdad ətrafından gələn 1200 Lək ailəsinin də Səfəvi qoşunlarına qoşulmasından bəhs etmişlər.
Fəthüssoltan – Əliəkbər xan Qarabəylu əmisi İmanəli xandan belə rəvayət edirdi ki, yetmiş Lək və Arxlı tayfası Osmanlı sərhədində sərhəd qoruyucuları olmuş, Nadir şah tərəfindən Xorasana köçürülmüşdür. Nadir şahın ölümündən sonra onlar Şiraza gəlmiş, Kərim xanın ölümündən sonra isə Ağa Məhəmməd xan Qacar tərəfindən Savə bölgəsində məskunlaşdırılmışlar.
Bir sıra sübutlar göstərir ki, Bağdad şahsevənləri öz mənşələri barədə söylədikləri reallığa yaxındır:
a) Nadir şah onları Xorasana köçürməsi iddiaları. b) Onların miqrasiya marşrutunu (Təbriz, Xorasan, Şiraz və son məskən yerləri) göstərən xalq nəğmələrinin mövcudluğu. Nadir şah dövrünün tarixi mənbələrində Zəhab və Kərkük ətrafından tayfaların Xorasana köçürülməsindən bəhs olunması. Məsələn, Məhəmməd Kazim Nadirin ilk Bağdad yürüşünün hadisələrini təsvir edərkən yazır ki, o, Zəhab bölgəsindən "...Qarabayat, Zəngənə və Bəcalan camaatını köçürərək Xorasan diyarına yönləndirdi və onların Hərat darüssəltənəsi bölgəsində məskunlaşmalarını əmr etdi... və həmin camaatdan dörd-beş min nəfəri müşayiətçi kimi qoşununa daxil etdi".
Mirzə Məhdi xan Astarabadi də Nadirin ilk Bağdad yürüşündə Bağdad bölgəsindən bir tayfanın Xorasana köçürülməsindən bəhs edir. O yazır: ... Kərkükdən səkkiz fərsəx məsafədə yaşayan Bəyat tayfasından iki min nəfəri köçürərək Xorasan istiqamətinə göndərdilər.
d) Kərkük bölgəsində Şahsevənlərin mövcudluğu. İran-Osmanlı sərhəd komissiyasının üzvü Məhəmməd Xurşid paşanın "Sərhəd Səyahətnaməsi"ndə hicri 1264-cü ildə Tuzxurmatu bölgəsində 30 Şahsevən çadır ailəsinin mövcudluğu qeyd olunmuşdur.
e) Bağdad şahsevənlərinin bəzi mühüm tayfalarının tarixi izlərini Türkiyənin şərq və cənub bölgələrində, Suriyanın şərq və şimalında və Şimali İraqda izləmək mümkündür.
Tayfanın qolları Bunlardır:
Lək: Abbas Əzzavi yazır ki, Ləklər İraqın şimal və cənub bölgələrində yayılmışlar və Mendeli bölgəsində Qaraulus tayfasına tabe olmuşlar. Onlar ləki dilində danışırdılar.
Qaraulus tayfasına tabe Ləklarla bağlı maraqlı məqam odur ki, onlar hicri 1120-ci ildə (təxminən Bağdadi elinin ehtimal olunan Xorasana köçürülməsindən 25 il əvvəl) həm ləki dilli, həm də şiə məzhəbli olmuşlar. Bu gün ləklərin dilində ləki dialekt kökləri olan bir çox söz və atalar sözlərinə rast gəlinir.
Məsələn, rənglər, bitkilər və qara çadırın avadanlıqları lək dilində olduğu kimi Şahsevən elinin lək tayfalarının dialektində qorunub saxlanmışdır.
Bu tarixdən əvvəl də İsgəndər bəy Türkman hicri 1034-cü ilin hadisələri, yəni Şah Abbasın Bağdada yürüşü haqqında yazarkən, Bağdadın Lək qalasından (Zəhab qalası), bu qalanın Mendəlinin yaxınlığında yerləşdiyindən və onun sahibi Hacı bəy Ləkin Şah Abbasa qoşulduğundan, eyni zamanda onun mərhəmətə layiq görüldüyündən bəhs etmişdir.
Ləklərin ilkin nüvəsi Bağdad və onun ətrafından, Dəclənin cənub hissəsindən, Madaindən qalmış xarabalıqların yanındakı "Yeddi təpə" və İspanbar adlanan ərazilərdən gətirilmişdir. Mövcud dəlillərə görə həmin yerlərin sakinləri və yerli əhalisi olmuşlar.