II Mehmed və ya Fateh Sultan Mehmed ( Mehmed-i Sani; ) — 7-ci Osmanlı padşahı. II Mehmed 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayseri-Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı.
Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir.
Həyatı
Şahzadəliyi və ilk səltənəti 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu. Digər böyük qardaşı Ələddin isə Manisada Saruhan sancaqbəyi oldu. İki il sonra ataları Sultan Muradın təlimatıyla iki qardaş yer dəyişdirdilər və Mehmed Saruhan sancaqbəyi oldu. 1438-ci ildə qardaşı Şahzadə Ələddinlə birlikdə Ədirnədə sünnət edildi. Həmin ilin sonlarında böyük qardaşı olan Amasiya sancaqbəyi Şahzadə Ələddin Əlinin vəfat etməsi ilə taxtın yeganə varisi oldu. Taxtdan çəkilməyi planlaşdıran atası Sultan Murad 1444-cü ilin yazında onu Manisadan yanına gətirtdi. 12 iyun 1444-cü ildə Ədirnədə Macar kralı, Serb hakimi və Yanoş Hunyadi ilə bağlanan sülh müqaviləsinin müzakirələrində iştirak etdi. Ardından Sultan Murad oğlu Şahzadə Mehmedi taxt naibi elan edərək Anadoluya keçdi və iyul ayında Yenişəhərdə Qaramanoğulları ilə əhdnamə imzaladı. Burdan döndükdən sonra avqust ayında Bursanın Qaracabəy ordugahında bütün qapıqulu əsgəri və paşaların önündə taxtı rəsmi olaraq oğlu Mehmedə təhvil verdiyini elan etdi. Özü isə Bursa yaxınlığında, ətrafındakı din adamları ilə birlikdə siyasətdən uzaq bir həyata başladı. Dövlətin hələ 12 yaşında olan təcrübəsiz bir şahzadənin əlinə buraxılması daxildə və xaricdə böyük böhranlara səbəb oldu. Balkanlarda və Anadoluda Sultan Murad dövründə ələ keçirilən torpaqlar boşaldıldı. Belə ki, 1440-cı ildə tamamilə fəth olunan Serbiya hakimliyi keçmiş sahibi Corc Brankoviçə təhvil verilmiş, Valaxiya çarlığı üzərindəki macar təzyiqi artmışdı. Anadoluda isə Konyanın Beyşəhər, Akşəhər, Seydişəhər və Oxluqhisarı kimi şəhərləri Qaramanoğullarına ilhaq edilmişdi. Cənubi Albaniyada İsgəndər bəy rəhbərliyində başlayan üsyan getdikcə güclənmişdi. 1443-cü ilin qışında düşmənlə birləşərək Sofyada özlərinə rəhbər seçən bolqarlar belə artıq siyasi rəqibə çevrilmişdi. Ədirnədə bağlanan 10 illik sülhün şərtlərini pozan macarlar isə artıq yeni bir səlib yürüşünü planlaşdırır və bu dəfə Qaramanoğullarını da öz sıralarına çəkmişdilər.
Sultan Mehmed eyni zamanada böyük bir daxili böhranla da qarşı-qarşıya qalmışdı. Həmin ilin yayında paytaxtda paşalar arasındakı rəqabət və çəkişmə, Ədirnədə qorxuya düşən əhalinin Anadoluya köç etməsi, qanlı hürufi ayaqlanması (22 sentyabr 1444) və Ədirnəni yerlə-yeksan edən böyük yanğın daxili böhranın başlıca səbəbləri olmuşdu. Kiçik yaşdakı padşah vəziyyəti ələ ala bilmirdi. Sultan Murad dövləti daha çox qocaman vəziri Çandarlı Xəlil Paşaya təhvil vermişdi. Ancaq digər dövlət adamları, xüsusilə də Çandarlı Xəlil Paşanın keçmiş rəqibi Rumeli bəylərbəyi Şəhabəddin Paşa ilə Sultan Mehmedin lələləri Nişançı İbrahim Əfəndi və Zağanos Paşa Çandarlıya qarşı gənc sultanın ətrafında toplanmışdı. Həmin ilin yayında Bizansın himayəsində olan Osmanlı şahzadəsi Orxan Çələbi taxtı ələ keçirmək üçün Konstantinopoldan yola düşmüş, özünə tərəfdar toplaya bilməyib yenidən Konstantinopola qaçmışdı.
left|thumb|316x316px|II Varna döyüşü Səlib ordusu 18–22 sentyabrda Dunay çayını keçdi. Bu orduda ən önəmli düşmən isə Valaxiya çarlığı idi. Xüsusi hazırlanan bir donanma isə İstanbul boğazına gəlmiş, Anadoludan gələ biləcək hər hansı bir dəstəyin qarşısını almışdı. Çandarlı Xəlil Paşa və tərəfdarları isə Sultan Muradın yenidən dövlət idarəsinə gəlməsini istəyirdi. Bursaya göndərilən Qəssabzadə Mahmud bəyin təkidləri nəticəsində Sultan Murad dərviş həyatına son qoyub Ədirnəyə gəldi. Şəhabəddin Paşa və Zağanos Paşa II Mehmedi ordunun başına gətirmək və atasını Ədirnədə saxlamaq istəyirdi. Nəticədə Sultan Murad idarəsindəki Osmanlı ordusu səlib ordusu ilə Varnada qarşılaşdı və səlibçilər məğlub edildilər. Çandarlı Xəlil Paşa, Varna qələbəsindən sonra yenidən siyasi gücünü qazanan Sultan Muradı əsl padşah olaraq görür, onun yenidən dövlət idarəsinə gəlməsi üçün fəaliyyətə başlamışdı. Sultan Murad isə dövlətdə ikibaşlılıq yaratmamaq üçün oğlunu taxtdan endirmədi və Ədirnədə bir neçə gün qaldıqdan sonra Manisaya çəkildi. Gənc sultanın Konstantinopolu işğal etmək planları Bizans və serbləri qorxutduğu qədər Qaraman və Kastamonu bəylərini də narahat edirdi. Bu səbəblə Manisada olan Sultan Murada elçilər göndərərək gənc sultandan şikayətlənmiş, Sultan Murad isə oğlunu və onu təşviq edən vəzirləri danlayaraq vəziyyəti sakitləşdirmişdi.
Manisa dövrü Yeniçərilərə arxalanan Çandarlı Xəlil Paşa, Sultan Muradı taxta geri qaytarmaq üçün fəaliyyətlərini sürətləndirdi. Sultan Murad da oğlunu taxt mübarizəsinə qurban verməmək və vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyəti ələ almaq fikrinə düşmüşdü. O əsnada Ədirnədə böyük bir yeniçəri ayaqlanması baş verdi. Tarixdə baş verən ilk böyük həcmli yeniçəri üsyanı olan Buçuktəpə üsyanında yeniçərilər, II Mehmedin sarayında gizlənən Şəhabəddin Paşanın sarayını ələ keçirib yağmaladı. Üsyançıların bir hissəsinin Konstantinopolda olan Orxan Çələbini dəstəkləməsi və onu taxta dəvət etməsi vəziyyəti daha da ağırlaşdırdı. Üsyan yeniçərilərə paylanan ülufələrin artırılması və tabe olmayanların əhalinin də yardımıyla edam edilməsi ilə yatırıldı. Beləliklə, II Mehmedin dövləti idarə edə bilmədiyi ortaya çıxdı. Çandarlının göndərdiyi gizli məktubla 5 may 1446 tarixində yola çıxan Sultan Murad Ədirnədəki üsyan səbəbilə bir müddət Bursada gözlədi və avqust ayında Ədirnəyə gələrək yeniçərilərin dəstəyi ilə yenidən taxt çıxdı. II Mehmed isə dərhal Manisaya göndərildi. Zağanos Paşa və Şəhabəddin Paşa isə ona lələ olaraq təyin edildi.
Rəsmi olaraq Mehmed Çələbi Sultan ünvanıyla anılan Mehmedin ozamankı vəziyyəti, əvvəlcədən padşah olduğu üçün digər şahzadələrdən fərqlənirdi. Egey dənizində Venesiyalıların əlində olan adalara qarşı tərtiblənən 1446–1449 tarixli səfərlər Mehmed Çələbi Sultanın idarəsindəki torpaqlardan başlamışdı. Üsyançı İsgəndər bəyə qarşı çıxılan səfərə qatılmaq üçün Mehmed Çələbi Sultan xüsusi olaraq çağırıldı (1448). Yanoş Hunyadiyə qarşı tərtiblənən II Kosova müharibəsində mənbələrin yazdığı kimi "Mehmed xan" sağ cinahda vuruşurdu. 1450-ci ildə Sultan Muradın İkinci Albaniya səfərinə də qatıldı. Akçahisar yaxınlığındakı məğlubiyyətin təsiri isə Ədirnədə heç hiss olunmadı. Belə ki, bu əsnada Ədirnədə Mehmed Çələbi ilə Dulqədiroğlu Süleyman bəyin qızı Sitti Xatunun toy mərasimi keçirilirdi (noyabr-dekabr 1450). alt=Fatih Sultan Mehmed Türbəsi, 2022|thumb|Fatih Sultan Mehmed Türbəsi
İkinci səltənəti thumb|Sultan Mehmedin Ədirnədəki cülus mərasimi (1451)
Sülhün təmin edilməsi II Mehmedin gəlinlə Manisaya getməsindən qısa müddət sonra Çandarlı Xəlil Paşa göndərilən gizli məktubla Sultan Muradın vəfat etdiyini və Mehmed Çələbinin dərhal paytaxta gəlməsini bildirdi (10 fevral 1451). II Mehmed sürətlə Gəliboluya gəldi. O əsnada atasının ölüm xəbəri yayılmış və Ədirnədə yeniçərilər ayaqlanmışdı. Çandarlı Xəlil Paşa dərhal qapıqulu əsgərlərindən bir dəstəni üsyançıların üzərinə göndərdi və yeni padşahın adından yeniçərilərə cülus vəd etdi. Yeniçərilər Çandarlı Xəlil Paşaya olan hörmətlərindən və bağlılıqlarından üsyanı dayandırdılar. II Mehmed 18 fevral 1451 tarixində 19 yaşında ikinci dəfə Osmanlı taxtına çıxdı. Manisada keçirdiyi 5 il onu daha da gücləndirmiş, dövlət idarəsindəki təcrübəsi artmışdı. Keçən bu illərdə siyasi vəziyyət də yaxşılaşmışdı.
II Mehmedin cülusu düşmənləri ümidləndirdi. İlk səltənəti əsnasında dövlətin düşdüyü vəziyyəti xatırlayanlar Osmanlı dövlətinə yeni bir zərbə endirməyi planlaşdırırdılar. Balkanlarda və Anadoluda Osmanlıya tabe olan dövlətlər, hətta yalnız İstanbulla məhdud olan Bizans imperiyası sərhəd bölgələrinə hücumlar edirdilər. Anadoluda Qaramanoğlu İbrahim bəy Həmid elindəki bəzi qalaları ələ keçirmiş, Gərmiyanda, Aydında və Məntəşədə keçmiş bəylərin sülaləsindən olanlar siyasi rəqabətə başlamışdı. Bu çətin vəziyyəti göz önünə alan II Mehmed yeniçərilər üzərində güclü nüfuzu olan Çandarlı Xəlil Paşanı sədrəzəm olaraq saxladı. Ancaq Anadolu bəylərbəyiliyinə İshaq Paşanı göndərdi, Şəhabəddin Paşa ikinci vəzir oldu, Saruca Paşa və Zağanos Paşa da divana girdilər.
II Mehmed atasının serblər və Bizanslılarla bağladığı sülh müqavilələrini təsdiqlədi. Anadoludakı siyasi vəziyyət səbəbilə Serb hakimi Corc Brankoviçə bəzi torpaqlar ilhaq edildi. Bizans imperatoru Konstantin isə Çorluya qədər olan bəzi torpaqları ələ keçirmiş, əsirlikdə saxlanılan Şahzadə Orxan Çələbi üçün illik 300 min axca vergi verilməsini tələb edirdi. II Mehmed bir macar hücumunun qarşısını almaq üçün Rumeli bəylərbəyi Qaraca Paşanı Sofyaya göndərdi və may ayında özü də orduyla birlikdə Anadoluya keçdi. Akşəhərə gələndə Bizans elçilərini qəbul etdi və Bizanslılar Orxan Çələbi üçün yeni tələblər irəli sürdülər. left|thumb|293x293px|Sultan Mehmed tərəfindən inşa edilən Rumeli hisarı Yeni padşah Qaramanoğullarına Alaiyə qalasını ilhaq edərək sülhü təmin edib Ədirnəyə qayıtdı. Yolda yeniçərilər qənimətdən pay istədilər. 10 kisə axca paylansa da, Çandarlı Xəlil Paşanın yaxın adamı olan yeniçəri ağası Qurdçu Doğan vəzifədən alındı və yeniçərilər sərt cəzalandırıldılar. Ədirnəyə döndükdən sonra yeniçəri ocağı əsaslı şəkildə yenidən quruldu. Padşah Çandarlı Xəlil Paşaya Anadolu hisarının qarşısında yeni bir qalanın tikilməsi əmrini vermiş, Zağanos Paşanın səyləri nəticəsində 1452-ci ilin fevralında hisarın ilk qalası yüksəldilmişdi. 26 martda padşah ordu və donanma ilə gələrək qüllələrin və qala divarlarının inşasını izlədi. Avqust ayının sonlarında tamamlanan Rumeli hisarı Konstantinopolu Qara dəniz ticarət yolundan məhrum edəcək, Anadolu və Rumeli arasında əsgərlərin daşınmasını təhlükəsizləşdirmişdi. Məhz bu əsnada II Mehmed imperatora Konstantinopolu təslim etməsini, əks halda müharibəyə hazırlıq işlərinin başlayacağını bildirərək müharibə elan etdi.
Konstantinopolun fəthi Usta bir diplomat və dövlət adamı olan Çandarlı Xəlil Paşa hələ 15 sentyabr 1451 tarixində Venesiya ilə bağlı keçmiş əhdnaməni yeniləmiş, buğda ixracatı məsələsində mülayim siyasət yeritmişdi. Yenə sədrəzəmin təşəbbüsü ilə macarlarla 20 noyabr 1451-ci ildə böyük itkilərlə 3 illik bir atəşkəs bağlandı. II Mehmed isə Konstantinopolun fəthi ilə bağlı hazırlıqlarla məşğul olurdu. Bu yoldakı ən böyük mane isə Çandarlı Xəlil Paşa idi. Çandarlı Xəlil Paşa Konstantinopolun fəth ediləcəyi təqdirdə bütün siyasi gücünü itirəcəyini bilirdi. Bu səbəblə bütün gücüylə fəthin qarşısını almağa çalışırdı. Ancaq Zağanos Paşa və Şəhabəddin Paşaların təsirində olan II Mehmed Konstantinopolun fəthini iqtidarın ilk şərti olaraq görürdü. Padşah Ədirnədə böyük bir məşvərət məclisi topladı və şəhərin fəthi məsələsini müzakirəyə qoydu. Bu məşvərətdə dövlət adamları iki qrupa ayrılsalar da, azlıq çoxluğa tabe oldu və şəhərin fəthi üçün rəsmi hazırlığa başlandı.