Qloballaşmanın tarixi mənşəyi (bəzən tarixi qloballaşma da adlandırılır) barədə müasir elmi müzakirələr davam edir. Bir çox alimlər qloballaşmanın mənşəyini müasir dövrlə (təxminən XIX əsrlə) əlaqələndirsələr də, digərləri onun minilliklərə uzanan çox uzun tarixə malik olduğunu bildirirlər (bu yanaşma arxaik qloballaşma kimi tanınır). Qloballaşma tarixində təxminən 1600–1800-cü illəri əhatə edən dövr isə adətən proto-qloballaşma adlandırılır.

Dövrləşdirmə Tomas Fridman qloballaşma tarixini üç əsas mərhələyə bölür: Qloballaşma 1.0 (1492–1800), Qloballaşma 2.0 (1800–2000) və Qloballaşma 3.0 (2000–indiki dövr). Onun fikrincə, Qloballaşma 1.0 dövlətlərin qloballaşması, Qloballaşma 2.0 şirkətlərin qloballaşması, Qloballaşma 3.0 isə fərdlərin qloballaşması ilə xarakterizə olunur.Thomas L Friedman, "It's a Flat World, After All", New York Times Magazine, 3 aprel 2005

Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədri Klaus Şvab, eləcə də iqtisadçılar Riçard Bolduin və Filipp Martin qloballaşmanın tarixini dörd mərhələyə ayırırlar. Onların təsnifatına görə:

Qloballaşma 1.0 — I Dünya müharibəsidən əvvəlki dövr. Qloballaşma 2.0 — II Dünya müharibəsindən sonrakı dövr; bu mərhələdə əmtəə ticarəti iqtisadi inteqrasiyanın digər formaları ilə tamamlanırdı. Qloballaşma 3.0 — daha yeni dövr; bu mərhələ üçün "Yeni qloballaşma", hiperqloballaşma, "qlobal dəyər zənciri inqilabı", yaxud offşorlaşdırma dövrü kimi anlayışlar da istifadə olunur; bu mərhələ dünya iqtisadi münasibətlərində dərin dəyişiklikləri ifadə edir. Qloballaşma 4.0 — xüsusilə xidmət sektoruna təsir edən və 2018-ci ildən etibarən müşahidə olunan ən son mərhələ.K. Schwab, “Grappling with Globalization 4.0”, 5 noyabr 2018R. Baldwin, “If this is Globalization 4.0, what were the other three?”, World Economic Forum, 22 dekabr 2018

Arxaik qloballaşma

Qloballaşmanın çox qədim – dərin tarixə gedib çıxan mənşəyini müdafiə edən ən radikal nəzəriyyəçilərdən biri Andre Qunder Frank olmuşdur. asılılıq nəzəriyyəsi ilə əlaqələndirilən Frank iddia edirdi ki, qloballaşmanın ilkin forması hələ e.ə. III minillikdə Şumerlə Hind vadisi sivilizasiyası arasında ticarət əlaqələrinin yaranması ilə mövcud olmuşdur.Andre Gunder Frank, "Reorient: Global economy in the Asian age", U.C. Berkeley Press, 1998. Bu yanaşmanın tənqidçiləri isə hesab edirlər ki, belə bir iddia qloballaşmanın həddindən artıq geniş tərifinə əsaslanır.

Hətta Tarihdən əvvəlki dövrdə belə, müasir qloballaşmanın kökləri müşahidə oluna bilər. İnsanların beş qitəyə yayılması, ərazi genişlənməsi qloballaşmanın formalaşmasında mühüm rol oynamışdır. Kənd təsərrüfatının inkişafı isə əhalinin böyük hissəsinin məskun həyat tərzinə keçməsinə səbəb olaraq qloballaşmanın genişlənməsinə təkan vermişdir. Bununla belə, uzaq məsafəli qarşılıqlı əlaqələrin və texnologiyanın məhdudluğu səbəbindən qloballaşma uzun müddət sürətlənməmişdir. Müasir mənada qloballaşma prosesinin isə əsasən XIX əsrin ortalarında — kapital və əmək mobilliyinin artması, nəqliyyat xərclərinin azalması ilə “dünyanın kiçilməsi” nəticəsində baş verdiyi ehtimal olunur.

Qloballaşmanın iqtisadi və mədəni baxımdan ilkin forması, yəni arxaik qloballaşma, xüsusilə Ellinistik dövrdə özünü göstərmişdir. Bu dövrdə şəhərləşmiş ticarət mərkəzləri Hindistandan İspaniyaya qədər uzanan geniş ərazidə yunan mədəniyyəti əsasında formalaşmış və İsgəndəriyyə, Afina və Antakiya kimi şəhərlər əsas mərkəz rolunu oynamışdır. Dövrün geniş ticarət əlaqələri nəticəsində ilk dəfə olaraq kosmopolit mədəniyyət (“Kosmopolis” – “dünya şəhəri”) anlayışı yaranmışdır. Digər alimlər isə erkən qloballaşmanın izlərini Roma imperiyası, Parfiya imperiyası və Han sülaləsi arasındakı ticarət əlaqələrində görürlər. Bu dövlətlər arasında ticarət əlaqələrinin güclənməsi İpək yolunun formalaşmasına təkan vermişdir. İpək yolu Qərbi Çindən başlayaraq Parfiya ərazisinə çatır və ordan Roma sərhədlərinə qədər uzanırdı.

İslamın qızıl dövrü də qloballaşmanın formalaşmasında mühüm mərhələ hesab olunur. Bu dövrdə yəhudi və müsəlman tacirləri, həmçinin səyyahlar Köhnə Dünya boyunca davamlı iqtisadi əlaqələr yaratmış, bunun nəticəsində məhsulların, ticarətin, bilik və texnologiyanın qloballaşması baş vermişdir. Şəkər və pambıq kimi qlobal əhəmiyyətli bitkilər müsəlman dünyasında geniş yayılmış, ərəb dilinin öyrənilməsi və Həcc ziyarəti isə kosmopolit mədəniyyatın formalaşmasına səbəb olmuşdur.John M. Hobson (2004), The Eastern Origins of Western Civilisation, pp. 29–30, Cambridge University Press.

Monqol imperiyasının meydana çıxması, Yaxın Şərq və Çin ticarət mərkəzləri üçün müəyyən dərəcədə dağıdıcı olsa da, İpək Yolu boyunca səyahəti xeyli asanlaşdırdı. Bu şərait Marko Polo kimi səyyahların və missionerlərin Avrasiyanın bir ucundan digər ucuna uğurlu və gəlirli şəkildə səyahət etməsinə imkan verdi. XIII əsrdə yaranmış Pax Mongolica qlobal proseslərə bir sıra mühüm təsirlər göstərdi. Bu dövrdə ilk beynəlxalq poçt xidməti yaradıldı, həmçinin mərkəzi Asiya boyunca yenicə birləşmiş ərazilərdə bubon taun kimi yoluxucu xəstəliklərin sürətlə yayılması baş verdi.Jack Weatherford, Genghis Khan and the Making of the Modern World, Crown, 2004 Bu erkən dövrlərdə baş verən qlobal və ya yarımkürə miqyaslı mübadilə prosesləri bəzən arxaik qloballaşma kimi adlandırılır. Bununla belə, XVI əsrə qədər ən böyük beynəlxalq ticarət sistemləri belə yalnız Köhnə Dünya ilə məhdudlaşırdı.

Proto-qloballaşma

Bu dövr tarixdə proto-qloballaşma adı ilə tanınır. O, XV–XVII əsrlərdə Avropa dənizaşırı imperiyalarının yüksəlişi ilə xarakterizə olunur: əvvəlcə portuqal və ispan imperiyaları, daha sonra isə holland, britaniya və fransız imperiyaları meydana çıxdı. XVII əsrdə qloballaşma həm də özəl iqtisadi fenomenə çevrildi. Bu, 1600-cü ildə yaradılmış Britaniya Ost-Hind Kompaniyası kimi, tez-tez ilk çoxmillətli korporasiya kimi təsvir olunan kompaniyaların, eləcə də 1602-ci ildə qurulmuş Holland Ost-Hind Kompaniyasının meydana çıxması ilə mümkün oldu.

Kəşflər dövrü qloballaşma tarixində mühüm dönüş yaratdı. Bu, Avrasiya və Afrikanın ilk dəfə olaraq Yeni Dünya ilə genişmiqyaslı mədəni, maddi və bioloji mübadiləyə qoşulduğu dövr idi. Bu proses XV əsrin sonlarında başlayır; İberiya yarımadasının iki dövləti — Portuqaliya və Kastiliya — dünyanın yeni bölgələrini araşdırmaq üçün ilk ekspedisiyaları göndərdilər. 1492-ci ildə Xristofor Kolumb tərəfindən Amerikanın “kəşfi” baş verdi. XV əsrin sonuna yaxın portuqallar Afrikadan Asiyaya və Braziliyaya qədər olan ərazilərdə ticarət məntəqələri (faktoriyalar) qurmağa başladılar. Burada qullar, qızıl, ədviyyatlar və ağac kimi yerli məhsulların ticarəti həyata keçirilirdi. Bu sistem kral monopoliyası altında fəaliyyət göstərən beynəlxalq ticarət mərkəzi — Hind Evi tərəfindən idarə olunurdu.House of India, Encyclopædia Britannica.

Qlobal inteqrasiya Amerikanın Avropa tərəfindən müstəmləkələşdirilməsi ilə davam etdi və nəticədə Kolumb mübadiləsi baş verdi.Crosby, Alfred W., "The Columbian exchange: biological and cultural consequences of 1492", Greenwood Publishing Group. Bu proses nəticəsində bitkilər, heyvanlar, qida məhsulları, insan populyasiyaları (o cümlədən qullar), yoluxucu xəstəliklər və mədəni elementlər Şərq yarımkürəsi ilə Qərb yarımkürəsi arasında geniş şəkildə mübadilə olundu. Bu hadisə dünya tarixində ekologiya, kənd təsərrüfatı və mədəniyyət baxımından ən əhəmiyyətli qlobal proseslərdən biri hesab olunur. XVI əsrdə Avropalı dənizçilər vasitəsilə Amerikadan gələn yeni bitki növləri dünyanın əhali artımına böyük təsir göstərdi."The Columbian Exchange". The University of North Carolina.

Müasir qloballaşma

XIX əsr qloballaşmanın müasir formasına yaxınlaşdığı dövr hesab olunur. Sənayeləşmə geniş istehlak mallarının aşağı xərcə, miqyas iqtisadiyyatı prinsipi ilə istehsalına imkan yaratdı, sürətli əhali artımı isə bu mallara davamlı tələbat formalaşdırdı. Bu dövrdə qloballaşma prosesi XIX əsr imperializmi ilə həlledici şəkildə formalaşdı. Birinci Əfyon müharibəsi və İkinci Əfyon müharibəsindən sonra Çinin xarici ticarətə açılması, həmçinin Britaniyanın Hindistan üzərində hökmranlığını tamamlamağı bu geniş ərazilərin Avropa ixrac mallarının böyük istehlak bazarına çevrilməsinə səbəb oldu. Eyni zamanda, Afrika və Sakit okean adaları dünya iqtisadi sisteminə daxil edildi. Bu ərazilərin Avropa tərəfindən müstəmləkələşdirilməsi kauçuk, almas, kömür kimi qiymətli təbii sərvətlərin əldə olunmasına və Avropa dövlətləri, onların müstəmləkələri və ABŞ arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə səbəb oldu.

XIX və XX əsrlərin qloballaşması arasında ciddi fərqlər mövcuddur. Bu fərqlər daha çox qlobal ticarət, kapital axınları, investisiya və iqtisadi mexanizmlərdə özünü göstərir.

Qlobal ticarət

XX əsrdə qlobal ticarət bir sıra xüsusiyyətlərlə XIX əsrdən fərqlənirdi:

Ticarət üçün istehsal olunan əmtəə məhsullarının ümumi payı artsa da, onların istehsalının ümumi səviyyəsi XIX əsrlə müqayisədə azalmışdı. Xidmət ticarətinin payı əhəmiyyətli dərəcədə artmışdı. Ən mühüm fərqlərdən biri çoxmillətli korporasiyaların yüksəlişi idi. XIX əsrdə daha çox portfel investisiyası mövcud idisə, XX əsrdə həm ticarət, həm də istehsal sahəsində birbaşa investisiyalar genişləndi.

Bu dövrdə kommersiya inteqrasiyası gücləndi, ticarəti məhdudlaşdıran baryerlər azaldı, nəqliyyat xərcləri aşağı düşdü. Bir çox çoxmillətli ticarət müqavilələri imzalandı – Ümumi tarif və ticarət razılaşması (GATT), Şimali Amerika Azad Ticarət Razılaşması (NAFTA), Avropa İttifaqı daxilində gömrük rüsumlarının ləğvi və Ümumdünya Ticarət Təşkilatının yaradılması buna misaldır.

1890-cı illərdən I Dünya müharibəsinə qədər ticarətdə qeyri-sabitlik müşahidə olunsa da, müharibədən sonrakı dövrdə iqtisadi genişlənmə sabitlik yaratdı. Dövlətlər daxili istehsalı qorumaq üçün xarici mallara nəzarəti gücləndirir, işsizliyin və sosial böhranın qarşısını almağa çalışırdılar. Texnoloji yeniliklər sayəsində qitələrarası yükdaşımaları artıq həftələrlə deyil, bir neçə saat ərzində həyata keçirilirdi.

XIX əsrdə böhranlar qızıl standartına əsaslanan sabit məzənnə rejimində baş verirdi. XX əsrdə isə idarə olunan çevik məzənnə sistemi mövcud idi. XIX əsrdə bir çox ölkələrdə son instansiya kreditoru mövcud olsa da, inkişaf etməkdə olan regionlarda bu institut olmadığından böhranlar daha ağır nəticələrə səbəb olurdu. XX əsrdə isə əksər ölkələrdə bank sistemini qoruyan daxili təhlükəsizlik mexanizmləri var idi və bank çöküşlərinin borcları hökumət tərəfindən ödənilirdi.

Bərpa prosesində də fərqlər vardı: müasir dövrdə böhrandan çıxış daha erkən başlayırdı, halbuki yüz il əvvəl bu, daha ləng gedirdi. XIX əsrdə inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq xilas paketləri yox idi, XX əsrdə isə bu kimi müdaxilələr qlobal maliyyə arxitekturasının adi hissəsinə çevrilmişdi.

XIX əsrin əsas problemlərindən biri informasiya axınının zəifliyi idi. Atlantik teleqraf kabeli və radiotelefon yaranmazdan əvvəl məlumatın bir ölkədən digərinə çatması çox uzun çəkirdi. Buna görə də investisiya qərarları zəif məlumat bazasında verilir, yaxşı və pis kreditləri ayırmaq çətin olurdu. Bunun nümunəsi dəmir yolu istiqrazları idi.

Şirkətlərin xaricdə fəaliyyət göstərməsi də ciddi çətinliklər yaradırdı. Müqavilələrin idarə olunması, nəzarət və audit zəif idi. Makroiqtisadi amillər – məzənnə riskləri, qeyri-sabit monetar siyasət – beynəlxalq investisiyalar üçün əlavə maneə yaradırdı.

ABŞ-da mühasibat standartları hələ formalaşmamışdı; Britaniya investorları öz mühasibat praktikalarını yeni bazarlara ötürməklə bu boşluğu doldurmağa çalışırdılar.Michael D. Bordo, Barry Eichengreen, Douglas A. Irwin. Is Globalization Today Really Different than Globalization a Hundred Years Ago?. NBER Working Paper No. 7195. June 1999.

I Dünya müharibəsindən sonra: qloballaşmanın çökməsi