Dirilmə () — Paolo Uççellonun eskizi əsasında Bernardi di Françesko tərəfindən 1443-cü ildə Florensiya kafedralının barabanında yaradılmış vitraj. Vitrajda İsanın dirilməsi hadisəsi təsvir edilmişdir.
Tarixi
1430-1440-cı illərdə Paolo Uçello, Santa-Mariya-del-Fiore kafedralının interyeri üzərində çalışmış, işlərə 1436-cı ildə Con Hokvudun qəbirüstü abidəsinin hazırlanması ilə başlamış, 1450-ci illərdə "Müjdə" (itirilib), "Milad" və "Dirilmə" vitrajlarının yaradılması ilə davam etmiş və saatın yaradılması ilə kafedral interyerində işlərini tamamlamışdır.
"Müjdə" vitrajı Uçellonun kafedral üçün hazırladığı ikinci vitraj olmaqla, 1443-cü ilin noyabrında tamamlanmış, bu işinə görə sənətkara 40 florin ödənilmişdir.
Təsviri
Dirilmiş Məsih açıq sarkofaqdan qalxarkən təsvir edilmişdir; sarkofaqın qapağı sol tərəfə açılmışdır, hər iki tərəfində isə yuxulamış əsgərlər görünür; əsgərlərin arxasında zəif peyzaj işlənmiş, qayalıqlar və şaftalı ağacı təsvir edilmişdir.
Hərəkətdə qabağa əyilmiş formada təsvir edilmiş Məsihin çiçəklərlə bəzədilmiş ağ paltarı küləklə yellənir. Məsihin bədənindən işıq şüaları çıxır; bir əlini yuxarı qaldıran Məsih çarmıxa çəkilmə simvolu nümayiş etdirir, aşağı sallanan digər əli ilə isə xaçlı bayraq tutur. Kompozisiya həndəsi fiqurlardan yaradılmış və çiçəkli medalyonları xatırladan naxışlarla çərçivələnmişdir.
Hadisə, fantastik baxışla təsvir edilmişdir, şüşənin təniz tonları isə mükəmməllik hissini gücləndirərək, parlaq göy fonda işıqlı tonlar seçimini vurğulayır. Sarkofaqın prespektiv təsviri - vitraj sənətində prespektiv təsvirinin ilk nümunəsidir. Sənətkarın ustalığı detallara verilən diqqətdə əks olunmuşdur; əsgərlərin zirehləri mürəkkəb həndəsi naxışlarla bəxədilmişdir; onların başında mazzokkio vardır. Rəssam bu kişi baş geyimini fərqli əsərlərində çox mürəkkəb və müxtəlif prespektivlərlə təsvir etmişdir.
Ədəbiyyat
Annarita Paolieri, Paolo Uccello, Domenico Veneziano, Andrea del Castagno, Scala, Firenze 1991. ISBN 88-8117-017-5
Kateqoriya:Florensiya kafedralının vitrajları Kateqoriya:Paolo Uççellonun rəsm əsərləri Kateqoriya:İsanın dirilməsi mövzusunda rəsmlər