Yozef Sebestyen (; ) — Zakarpatyadan olan macarmənşəli Ukrayna vətəndaşı. O, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinə çağırılmış və iddiaya görə, Ukrayna zabitləri tərəfindən dəmir çubuqlarla döyüldükdən sonra aldığı xəsarətlərdən vəfat etmişdir.
Sebestyenin ölümü siyasiləşmiş, Macarıstan və Ukrayna arasında olan münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Hadisə bir neçə Macarıstan rəsmisi tərəfindən pislənilmişdir, lakin Ukrayna tərəfi və "Deutsche Welle" nəşri həmin rəsmiləri bu ölümü təbliğat məqsədilə istifadə etməkdə günahlandırmışdır.
Məcburi hərbi xidmətə çağırış Bacısı və qardaşının verdiyi məlumata görə, Yozef 14 iyun 2025-ci il tarixində Ukrayna Silahlı Qüvvələrinə çağırılmışdır. Hadisə şahidinin bildirdiyinə görə, Yozef "Parisel" adlı kafeninin qarşısında olarkən hərbi çağırış məmurları tərəfindən dəfələrlə yumruqlanmış, daha sonra avtomobilə mindirilmiş, Ukraynanın Ujqorod şəhərindəki çağırış məntəqəsinə aparılmışdır. Sonradan Yozefə qarşı tətbiq edilən zorakılığı əks etdirdiyi iddia olunan video görüntülər yayılmışdır. 6 iyul 2025-ci il tarixində Yozef Sebestyen Bereqovo şəhərindəki xəstəxanada aldığı yaralardan vəfat etmişdir.
Bereqovo qəbiristanlığında dəfn olunmuşdur. Onun bir oğlu var idi.
Meyitin müayinəsi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayımlanan bəyanatda Yozef Sebestyenin meyitinin yarılması nəticəsində onun ağciyər emboliyasından vəfat etdiyi bildirilmişdir. Həmçinin, rəsmi açıqlamada müayinə zamanı "zorakılığa işarə edən hər hansı fiziki xəsarət izinin aşkar edilmədiyi" iddia olunmuşdur. Macarıstanın "Index" qəzetinin araşdırmasına əsasən, müayinəni həyata keçirən məhkəmə-tibbi ekspert İosif Akarın oğlunun hərbi xidmətə çağırılmasının qarşısını almaq üçün prosesə müdaxilə etməsindən sonra Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən şantaj edildiyi irəli sürülmüşdür. "Index" nəşri həmçinin, Akarın oğlunun sərbəst buraxılması müqabilində yarılma hesabatını saxtalaşdırdığını qeyd etmişdir. Ukrayna ordusunda tibb qardaşı kimi xidmət edən Zoltan Rajo, Yozef Sebestyenin ikinci palatada vəfat etdiyi vaxt özünün dördüncü palatada çalışdığını bildirmişdir. Rajonun sözlərinə görə, o, həmkarlarından hadisə barədə soruşduqda, ona Sebestyenin qan laxtalanması səbəbindən ürəyinin dayanması nəticəsində vanna otağında vəfat etdiyi deyilmişdir.
Reaksiyalar və nəticələr Yozef Sebestyenin ölümü Macarıstan–Ukrayna münasibətlərinin daha da gərginləşməsinə səbəb olmuşdur. "Deutsche Welle" (DW) nəşri bu hadisənin Viktor Orbanın siyasi təşviqatını gücləndirdiyini və Macarıstan rəhbərliyinin qonşu ölkəni "macarları qarət edən, qaçıran və öldürən cinayətkar dəstələrlə dolu mafioz dövlət" kimi təsvir etdiyini bildirmişdir. DW-nin araşdırmasına görə, Orbanın bu ölümdən sonra Ukraynaya qarşı apardığı kampaniyada saxta video görüntülərdən də istifadə edilmişdir.
10 iyul 2025-ci il tarixində Macarıstan Xarici İşlər Nazirliyi Yozefin ölümü ilə əlaqədar Ukraynanın Macarıstandakı səfiri Şandor Fedyiri nazirliyə çağırmışdır.
11 iyul tarixində Ukrayna Xarici İşlər Nazirliyi Yozef Sebestyenin döyülərək öldürülməsini təkzib etmiş və Macarıstan mediasının bu barədə yaydığı xəbərlərin "Rusiya təbliğatına xidmət etdiyini" bəyan etmişdir.
12 iyul tarixində Budapeştdə Ukrayna səfirliyi qarşısında Yozef Sebestyenin xatirəsinə şam yandırma mərasimi keçirilmişdir. Tədbirdə Macarıstan Baş nazirinin müavini Jolt Semyen və sağçı Fides Partiyasının qurucularından olan jurnalist Jolt Bayer iştirak etmişdir. Çıxışlardan sonra kütlə Macarıstan dövlət himnini oxumuş və səfirliyin qarşısına şamlar düzmüşdür. Macarıstan neyrocərrahı Andraş Çokai Yozefin ölümünü 27 oktyabr 1947-ci il tarixində NKVD tərəfindən dəmir çubuqlarla döyüldükdən sonra zəhərlənərək edam edilən katolik yepiskopu Teodor Romjanın aqibəti ilə müqayisə etmişdir.
16 iyul 2025-ci il tarixində Baş nazir Orban Yozef Sebestyenin ölümü ilə bağlı Avropa İttifaqını Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.
6 avqust tarixində Macarıstan Xarici İşlər naziri Peter Siyarto bəyanatla çıxış etmiş, sivil bir ölkədə bu cür cinayətlərin dərhal araşdırılmalı, icraçıların və onlara icazə verən rəhbərlərin həbs olunmalı olduğunu vurğulamışdır. O, bu cür təcrübələrin davam etdiyi bir ölkənin Avropa İttifaqında və sivil dünyada yerinin olmadığını qeyd edərək Brüsseli baş verənlərə göz yummaqda ittiham etmişdir. 8 avqust 2025-ci il tarixində Ukrayna Dövlət İstintaq Bürosu Siyartonun iddialarını rədd edərək onları "manipulyativ və həqiqətə uyğun olmayan" adlandırmışdır.
10 avqust tarixində Macarıstanın mədəniyyət və innovasiya naziri Balaj Hanko Yozef Sebestyenin məzarını ziyarət etmiş, əklilqoyma mərasimində iştirak etmişdir. Nazir bu barədə etdiyi paylaşımda zorakılığın çıxış yolu olmadığını, müharibənin isə həll variantı sayılmadığını bildirmişdir. O, bu cür şəraitdə Ukraynanın Avropa İttifaqına üzvlüyünün gündəmdə ola bilməyəcəyini və Macarıstanın hər bir soydaşının hüquqlarını müdafiə edəcəyini vurğulamışdır.
1 dekabr tarixində Sebestyenin bacısı Marta Sebestyen Nyiredyaza şəhərində keçirilən müharibə əleyhinə tədbirdə çıxış etmişdir. Martanın çıxışı Baş nazir Orban tərəfindən onlayn platformalarda paylaşılmışdır. O, qardaşının məzarının bir ziyarətgaha çevrildiyini və dəfn mərasimindən sonra nazir Balaj Hanko da daxil olmaqla bir çox insanın ona dəstək mesajları göndərdiyini qeyd etmişdir.
İstinadlar
Kateqoriya:Macarıstan–Ukrayna münasibətləri Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)