Kipr türkü jurnalist Kutlu Adalı 1996-cı il 6 iyul tarixində Lefkoşadakı evinin qarşısında naməlum şəxslər tərəfindən törədilən qətl nəticəsində öldürülmüşdür.
Arxa plan (hadisənin səbəbi və gedişi)
16 mart 1996-cı il tarixində Qazimağusada yerləşən tarixi abidə olan Müqəddəs Barnaba monastırına silahlı və maskalı bir qrup tərəfindən soyğun törədildi.
Hadisədən sonra Şimali Kipr, Cənubi Kipr və Türkiyədə bu barədə müxtəlif söz-söhbətlər və iddialar yayıldı, amma hadisəni kimin törətdiyi və məqsədinin nə olduğu tam aydınlaşmadı.
Kutlu Adalı və Yeni Düzen qəzeti bu hadisənin üstünün açılması üçün yazılar dərc etdilər. Adalı yazılarında hadisədə istifadə olunan maşınların rənglərinin və nömrələrinin müəyyən edildiyini, həmin maşınların Sivil Müdafiə Təşkilatına bağlı şəxslərin adına olduğunu iddia etdi.
Bu yazılardan sonra Sivil Müdafiə Təşkilatından qəzetə zəng edilərək təhdidlər edildiyi bildirildi.
Adalı araşdırmalarını davam etdirərək yazdı ki, bu hadisə sadəcə adi qarət deyil, 1974-cü il Kipr hadisələrində iştirak etmiş bəzi hərbçilərin müharibə zamanı rum evlərindən götürdükləri qiymətli əşyaları St. Barnabas monastırında gizlətməsi və sonradan həmin əşyaları əldə etmək üçün bu hücumun təşkil olunması ilə bağlı şayiələr var.
Sui-qəsdi Kutlu Adalı 1996-cı il 6 iyul gecəsi evinin qarşısında silahlı hücuma məruz qalaraq öldürüldü. Polis tərəfindən aparılan istintaq nəticəsiz qaldı və cinayəti törədən şəxslər müəyyən edilmədi. Daha sonra həyat yoldaşı İlkay Adalı bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyəyə qarşı iddia qaldırdı. 2005-ci il 31 mart tarixində məhkəmə qərar verdi ki, hadisə ilə bağlı kifayət qədər və inandırıcı araşdırma aparılmayıb və bu səbəbdən Türkiyə məsuliyyət daşıyır. Məhkəmədə mənəvi təzminat olaraq İlkay Adalıya üç ay ərzində ödənmək şərtilə 20 min avro, məhkəmə xərcləri üçün isə 75 min avro olmaqla, ümumilikdə Türkiyəyə 95 min avro məbləğində cərimə kəsildi.
Kutlu Adalı qətlinin arxa planında onun araşdırdığı St. Barnabas Monastery and Icon Museum ərazisində baş vermiş silahlı qarət hadisəsinin olduğu iddia olunmuşdur. Həmin qarət hadisəsi 15 mart 1996-cı il səhər saatlarında baş vermiş, maskalı və silahlı şəxslər üç mühafizəçini zərərsizləşdirərək bir otağa kilidləmiş və daha sonra dəyərli tarixi əşyaların oğurlandığı bildirilmişdir. Lakin nə qədər və hansı əşyaların oğurlandığı tam şəkildə müəyyən edilməmişdir. Kutlu Adalı 23 mart tarixində yayımladığı yazıda qarət zamanı KKTC Sivil Savunma Teşkilat Başkanlığı-na bağlı rəsmi avtomobillərin istifadə edildiyini iddia etmişdir. Bu yazıdan sonra ictimaiyyətdə yaranan suallara cavab olaraq o dövrün baş naziri Hakkı Atun hadisəni “hərbi əməliyyat” kimi qiymətləndirmişdir. Adalı 2 aprel 1996-cı ildə təhdid edildiyini açıqlamış, lakin onun xəbərdarlıqlarının təhlükəsizlik orqanları tərəfindən ciddi qəbul edilmədiyi bildirilmişdir. Nəticədə 6 iyul 1996-cı ildə ona qarşı sui-qəsd həyata keçirilmişdir.
Kutlu Adalı cinayəti cəmiyyətin müxtəlif təbəqələrini ifadə azadlığını müdafiə edən reaksiyalar verməyə sövq etdi. Burhan Eraslan bu reaksiyaları belə qiymətləndirmişdir: “Həqiqətən də bu cinayət, Kutlu Adalının yazılarında tələb etdiyi kimi ‘danışan cəmiyyət’in başlanğıcı oldu.”
Sedat Peker-in iddiaları Sedat Peker, 23 Mayıs 2021 tarixində YouTube vasitəsilə Kutlu Adalı cinayəti ilə bağlı bildiklərini açıqlamışdır.
Peker, Adalı cinayəti ilə bağlı o dövrün Emniyyət Baş İdarəsinin rəhbəri Mehmet Ağar və Ağarın iş yoldaşı Korkut Ekeni işarə edib. O, Kutlu Adalının öldürülməsi vəzifəsinin əvvəlcə özünə təklif olunduğunu da etiraf edib. Sedat Peker video vasitəsilə etdiyi açıqlamada belə deyib: “1996-cı ildə Kutlu Adalının cinayəti mövzusuna toxunacağıq demişdik, sözümüz sözdür. Bunu danışanda bir az qəribə hiss edəcəksiniz, bizim dövlətimizlə heç bir əlaqəsi yoxdur. O vaxt biz Korkut Eken, Mehmet Ağar hamımız birlikdə idik. Korkut müəllimin otağı Mehmet Ağarın otağının yanında idi. Buraya çox diqqətlə qulaq asın! Çox diqqətlə! Gəncik, vətənpərvərik! O vaxt bizə deyirdilər ki, bu şəxs PKK-ya kömək edir, amma əsasən mənə iş adamlarını yönləndirirdilər, faili-məchul hadisələrdən çox. Mənə dedilər ki, ‘Kıbrısdə bir adam var’, mən də ‘Bəli abi’ dedim. ‘Bu adam’ dedi, ‘Kıbrısı rumlara satmaq istəyir!’ Biz də o vaxt gənc idik. Bizi bir cür doldurub boşaldırdılar, yenə doldurub boşaldırdılar. ‘Mənə iki peşəkar adam lazımdır’ dedi. Mən də ‘Abi, öz qardaşımı verərəm sənə’ dedim, həqiqi qardaşımı! Bəli. Atilla Pekeri dedim. O bu işlərdə çox yaxşıdır dedim, mütəxəssisdir. Küçədən yetişib. Türk Hava Yolları uçuş biletlərinin məlumat bazasını silmirlər. Bir dostumdan öyrənmişdim. Bütün keçmiş bilet satışlarının sistemdə saxlandığını bilirdim. Biletlərdən baxa bilərlər. Korkut Eken, Atilla Yıldırım bu cinayətdən nə qədər əvvəl getmişdilər? Amma Allah şahiddir, o insanın qanı bizə qismət olmadı! O adam vicdanlı adamdır! Bu günləri görən, bunun üçün çalışan adamdır. Onun rumlara ölkəni satmaq kimi bir niyyəti yox idi. Həmişə belə edirlər: vətənpərvərlik adı ilə insanları coşdururlar, hamını bir-birinə salırlar. Allah şahiddir, bir müddət keçdi. 3–4 gün sonra geri döndülər. Hədəfə çatılmadı. Korkut abi ilə danışdıq. Dedi ki, ‘yenə gedəcəyik!’, sonra isə orada onlara bağlı olan başqa bir qrup onu öldürmüş. Korkut abi ilə rastlaşanda dedim: ‘Abi?’ oda dedi ki, ‘o iş həll olunub!’”
Sedat Pekerin iddialarından sonra jurnalist təşkilatları və Kiprli siyasətçilər Kutlu Adalı cinayəti ilə bağlı istintaqın yenidən açılmasını tələb etdilər. Şimali Kipr mətbuatı 24 Mayıs 2021-ci ildə bu iddiaları manşetlərinə çıxardı və KKTC hökumətinə cinayət araşdırmasının yenidən başladılması çağırışları edildi.
Sedat Pekerin Kutlu Adalını öldürmək üçün Kiprə göndərdiyini iddia etdiyi qardaşı Atilla Peker Muğlada saxlanılaraq nəzarətə alındı. Respublikaçı Türk Partiyası (CTP) isə bu iddiaları Şimali Kipr Türk Respublikasının parlamentinə gətirəcəklərini açıqladı.
Atilla Peker-in iddiaları Atilla Peker, Kutlu Adalı cinayəti ilə bağlı jurnalist Saygı Öztürkə verdiyi müsahibədə bunları bildirib:
“1996-cı ilin mart və ya aprel ayları idi. Qardaşım Sedat Pekerin çağırışı ilə bir otelə getdim. Orada Korkut Eken də var idi. Bizə deyilirdi ki, Kiprdə türk tərəfini yunanlara satmaq istəyən PKK-lılar var və onlar əsgər və polislərimizi şəhid edən şəxslərdir. Mən o vaxt 27–28 yaşlarında idim. Hər gəncin göstərə biləcəyi reaksiyanı göstərdim və Korkut bəylə birlikdə Kiprə getdim. Şükürlər olsun ki, Kutlu Adalının öldürülməsi mənim əlimlə olmadı. Korkut bəylə birlikdə Kiprə gedib bir otelə yerləşdik. Sonra Albay Galip Mendi’nin işlədiyi Sivil Müdafiə İdarəsinə getdik. Orada Yarbay Enver Topuz da var idi. Onların Kutlu Adalı sui-qəsdi ilə əlaqəsi olub-olmadığını bilmirəm. Həmin görüşdə Kutlu Adalının adı ümumiyyətlə çəkilmədi. Mən həmin vaxt bu şəxsin PKK terrorçusu olduğunu düşünürdüm. Mənə Kutlu Adalının dağlarda gəzən bir PKK üzvü olduğu deyilmişdi. Onu öldürmək üçün Kiprə getdiyimi bilirdim. Evə yaxın ərazidə iki dəfə kəşf məqsədilə dolaşdıq. Yanımda səsboğucu taxılmış Uzi və Jericho silahı var idi. Adalının evinin qarşısına gedəndə yanında 12–13 yaşında bir uşaq var idi. Yəqin özünü qorumaq üçün uşaqla birlikdə gəzir deyə düşündüm. Ev yol kənarında idi, işıqları yanırdı və içəridən səslər gəlirdi...”
Mənbələr
Kateqoriya:Şimali Kipr tarixi Kateqoriya:Üstü açılmamış cinayətlər