Yuliya Vasarionovna Çernyavskaya (; ) — Belaruslu jurnalist, alim, yazıçı, dramaturq, kulturoloq və keçmiş siyasi məhbus. O, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub, həmçinin "Tut.by" portalında mədəniyyət proqramlarının aparıcılığını edib. Çarnyavskaya Belarusun ən böyük ədəbi klubu olan "GRAPHO"nun təsisçisidir və Belarus Milli Teatr Mükafatının laureatı olub.
O, "Tut.by" portalının təsisçisi Yuri Zisser ilə ailə qurub, lakin şirkətin idarə olunmasında iştirak etməyib. 2021-ci ildə müstəqil mediaya qarşı həyata keçirilən genişmiqyaslı dövlət təqibləri zamanı o, həbs olunub. "Viasna" İnsan Haqları Mərkəzi onu siyasi məhbus hesab edib.
Həyatı Yuliya Çarnyavskaya 1962-ci ildə Minskdə anadan olub. Valideynləri 1968-ci ildə boşandığı üçün o, nənə və babasının himayəsində böyüyüb. Babası Vasil Vitka məşhur yazıçı olub. Çarnyavskayanın sonralar etiraf etdiyi kimi, onun mədəni zövqünü, kitaba və mütaliəyə olan sevgisini məhz babası formalaşdırıb. O, Minskdə, Karl Marks küçəsi 36 ünvanında yerləşən, Yanka Kupala Milli Teatrı ilə üzbəüz "yazıçılar evi"ndə böyüyüb. Qonşuları əsasən Vladimir Korotkeviç, Yanka Brıl, Nil Qileviç kimi tanınmış şair və yazıçılar olub.
19 yaşında o, ilk həyat yoldaşı ilə tanış olub. Tezliklə ailə qursalar da, dörd il sonra boşanıblar. Ayrılıq dostcasına baş verib və onlar yaxşı münasibətlərini qoruyub saxlayıblar. Boşanma ərəfəsində Çarnyavskaya o vaxt Lvovda yaşayan Yuri Zisser ilə tanış olub. Zisser Yuliya ilə qalmaq üçün Minskə köçüb, tezliklə onlar evləniblər və Yevgeniya adlı bir qızları dünyaya gəlib.
O, 1984-cü ildə Belarus Dövlət Universitetinin Filologiya fakültəsini, 1997-ci ildə isə eyni universitetin Respublika Ali Məktəb İnstitutunun Kulturologiya fakültəsini bitirib.
Elmi fəaliyyəti Çarnyavskaya nəsr və poeziya janrlarında əsərlər yazııb. O, 2012-ci ildə nəşr olunan "İtli oğlan" da daxil olmaqla dörd roman buraxıb. Ekaterina Averkova tərəfindən Mogilyov Vilayət Dram Teatrında səhnələşdirilən "Sinif yoldaşları" (Adnaklasniki) pyesi 2012-ci ildə ona Belarus Milli Teatr Mükafatını qazandırııb. O, Belarusun ən böyük ədəbi klubuna çevrilən "GRAPHO" təşəbbüsünü başladıb. 2010-cu illərdə Svetlana Aleksiyeviçin rəhbərlik etdiyi Maqdalena Radzivill təqaüd komitəsinin üzvü olub.
Çarnyavskaya uzun illər Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 2002-ci ildə elmlər namizədi dərəcəsi alıb. O, səkkiz monoqrafiya və dərslik, həmçinin 200-dən çox elmi məqalə yazııb. "Ezhednevnik", "Vsemirnaya literatura" və "Et Cetera" kimi jurnallarda köşə yazarı kimi çıxış edib. 30 ildən artıq fəaliyyətdən sonra, 2021-ci ildə universitetlərdə dövlət senzurası gücləndiyi vaxt o, istefa verməyə məcbur edilib.
2020-ci ilin avqustunda o, Hakimiyyətin Transferi üzrə Koordinasiya Şurasına qoşulub.
Həbs edilməsi Çarnyavskaya heç vaxt "Tut.by" rəhbərliyinə daxil olmasa və şirkətdə payı olmasa da, 18 may 2021-ci ildə öz mənzilində həbs edilib. Həmin gün baş redaktor Marina Zolotova da daxil olmaqla 15-dən çox "Tut.by" əməkdaşı da saxlanılıb. Həbs zamanı Çarnyavskaya insult keçirib və mühafizə altında xəstəxanaya yerləşdirilib; iki gündən çox yaxınları onunla əlaqə saxlaya bilməyib. Daha sonra o, külli miqdarda vergidən yayınma ittihamı ilə ev dustaqlığına buraxılıb. "Vesna" İnsan Haqları Mərkəzi onu siyasi məhbus kimi tanıyıb.
Qızı Yevgeniyanın sözlərinə görə, ev dustaqlığı zamanı Çarnyavskayanın səhhəti kəskin şəkildə pisləşib. O, çətinliklə yeriyib, ayaqlarında və onurğasında güclü ağrılardan əziyyət çəkib.
2022-ci ilin aprelində Çarnyavskayanın "Sənin haqqında dünya" (Mir o tebe) adlı şeirlər toplusu işıq üzü görüb. 11 yanvar 2023-cü ildə Çarnyavskaya azadlığa buraxılsa da, ona qarşı irəli sürülən ittihamlar ləğv edilməyib.
Ailəsi Həyat yoldaşı — Yuri Ziser (28 iyun 1960, Lvov — 17 may 2020, Minsk) — Belaruslu proqramçı, iş adamı, TUT.BY Belarus İnternet layihəsinin təsisçisi və həmtəsisçisi, TUT BY MEDIA MMC və Nadejnye Proqramı MMC iştirakçılarının ümumi yığıncağının sədri. Qızı — Yevgeniya Yuriyevna Çernyavskaya BDU-nu İnformasiya və Kommunikasiya ixtisası üzrə bitirib. O, 2009-cu ildən 2015-ci ilə qədər TUT.BY-də PR meneceri və layihə meneceri vəzifələrində çalışıb. 2016-cı ildən İsraildə yaşayır. Nəvəsi — Alisa Gurina.
Əsərləri Yuliya Çarnyavskaya Belarus, Rusiya, Ukrayna, Polşa, Belçika, Fransa, İsveç və Almaniyada elmi jurnallarda 80-dən çox məqalənin müəllifidir. O, həm elmi, həm də bədii yaradıcılıqla məşğul olub və aşağıdakı əsərləri ərsəyə gətirib:
Kulturologiya Milli dözümsüzlüyün psixologiyası («Психология национальной нетерпимости») — 1998-ci ildə Minskdə, "Harvest" nəşriyyatında işıq üzü görüb . Mədəniyyətin etnik əsasları («Этнические основания культуры») — 2001-ci ildə nəşr edilib. Mədəni-fəlsəfi antropologiyaya giriş («Введение в культурно-философскую антропологию») — 2003-cü ildə çap olunub. Belaruslu: avtoportretə ştrixlər («Белорус: штрихи к автопортрету») — 2006-cı ildə oxuculara təqdim edilib. Belaruslular: "tuteyşı"dan millətə doğru («Белорусы: от тутэйшых — к нации») — 2010-cu ildə Minskdə, "FUAinform" nəşriyyatında çap edilib . Etnik kulturologiya: konseptlər, yanaşmalar, hipotezlər («Этническая культурология: концепты, подходы, гипотезы») — 2010-cu ildə işıq üzü görüb.
Bədii ədəbiyyat İtli oğlan («Мальчик с собакой») — 2011-ci ildə Minskdə, "Kovcheg" nəşriyyatında çap olunan romanıdır . Hərflər («Буковки») — 2012-ci ildə yazdığı pyesdir.
İstinadlar
Xarici keçidlər Асабісты блог Юліі Чарняўскай Выбоістыя шляхі Юліі Чарняўскай Старонка Юліі Чарняўскай на сайце Праваабарончага цэнтра «Вясна»
Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər