Darya Andreyevna Serenko (; ) — Rusiyalı feminist, ictimai xadim, aksionist, şair və rəssam.

Həyatı Darya Serenko 1993-cü il yanvarın 23-də Xabarovskda anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Omska köçüb. 2010-cu ildə Omskdakı 75 nömrəli gimnaziyanı bitirib və Moskvaya köçüb. 2010–2015-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (İ.İ.Rostovtsevanın poeziya seminarı) təhsil alıb. Daha sonra Şimal-Şərq İnzibati Dairəsinin Kitabxana Layihələri Mərkəzində, N.A. Nekrasov adına kitabxanada çalışıb, "Peresvetov pereulok" qalereyasının müdiri olub. Serenkonun sözlərinə görə, o, feminist aktivizminə görə iki dəfə işdən çıxarılıb.

Ədəbi yaradıcılığı Şeirləri ilə ilk dəfə 16 yaşında "Den i noç" jurnalında debüt edib. "Debüt" mükafatının (2013) və Arkadi Draqomoşşenko mükafatının (2014) uzun siyahısına daxil olub, "Vozdux" (2014) və "Novoye literaturnoye obozreniye" (2015) jurnallarında çap olunub.

2017-ci ildə "ARGO-RİSK" nəşriyyatının "Nəsil" kitab seriyasında "Kitabxanada sükut" adlı ilk poetik məcmusunu nəşr etdirib. Filosof Aleksandr Markov bu kitab haqqında "Novıy mir" jurnalında yazıb, Serenkonun poeziyasında dərinin duz bağlaması və ya toran vaxtı nəfəs almağın asanlaşması kimi adi hadisələrdən bəhs etdiyini, lakin burada əşyaların özünün əsas personaja çevrilib azadlıq qazandığını və hətta bu azadlığı hiss edə bildiklərini qeyd edib. Şair Vlad Qaqin Serenkonu Qalina Rımbu və Oksana Vasyakina ilə birlikdə feminist poeziyanın yeni dalğasının ən ifadəli nümayəndələrindən hesab edib. O, Serenkonun fərqləndirici xüsusiyyəti kimi Vasyakinanın daha şüarvari və təşviqat xarakterli poetikasına qarşı dayanan zərif refleksiyasını və qiymətləndirmələrin qeyri-müəyyənliyini vurğulayıb. Ədəbi tənqidçi Lev Oborin Serenkonun ilk kitabında şəxsi, o cümlədən cismani təcrübə ilə sosial gündəmin intensiv qarşılıqlı əlaqəsini qeyd edib.

2021-ci ildə "No Kidding Press" nəşriyyatında "Qızlar və institutlar" (Девочки и институции) kitabını dərc etdirib. Kitab "Rusiya inzibati cəhənnəminin maşın mexanizmini və qızlarımızın oradakı həyatını" təsvir edib. Kitab, həmçinin 2022-ci ildə Lida Starodubtsevanın tərcüməsində İsveç dilində, 2023-cü ildə Satoko Tayanaginin tərcüməsində Yapon dilində və həmçinin İspan dilində işıq üzü görüb.

2022-ci ildəki həbsindən sonra xüsusi saxlama məntəqəsində yeni poeziya/nəsr kitabı olan "Evimə kül arzulayıram" (Я желаю пепла своему дому) üzərində işləməyə başlayıb. Bu mətn 2023-cü ildə Almaniyanın "Suhrkamp Verlag" nəşriyyatında "Qızlar və institutlar" kitabı ilə bir cilddə alman dilində çap olunub. Roman həmçinin isveç dilinə tərcümə edilib. 2023-cü ilin yayında roman Tel-Əvivdəki "Babel" kitab mağazasının nəşriyyatında rus dilində nəşr olunub. "Evimə kül arzulayıram" romanı "Prosvetitel" mükafatının "PolitProsvet" xüsusi mükafatının uzun siyahısına daxil edilib.

"Sakit piket" 2016-cı ildə Serenko "Sakit piket" aksiyasını təşkil edib. 2016-cı il martın 28-dən başlayaraq o, hər gün Moskva metrosunda üzərində siyasi, hüquq-müdafiə və feminist fikirlər yazılmış plakatlarla gəzib. Bu fikirlər arasında "Dövlətimiz növbəti siyasi məhbusun növbəti işini belə tikir" (bir-birinə tikilmiş iki kağız vərəqi üzərində), "Mənə elə gəlir ki, V.V.Putin mövcud deyil", "İnqilab qaçılmazdır" kimi ifadələr, həmçinin sosial mövzularda düşüncələr və rus şairlərinin şeirləri yer alıb. Serenkonun sözlərinə görə, "Sakit piket"in məqsədi "oxucularla, yanında və ya qarşısında oturan sərnişinlərlə əlaqə qurmaq" olub: o, hər gün onlarla tanımadığı insanla danışıb, müxtəlif problemləri müzakirə edib, onlara böhran mərkəzlərinin, vəkillərin və ya psixoloqların nömrələrini verib.

Fotoqraf Sergey Maksimişin aksiyası zamanı Serenkonu metroda çəkib paylaşaraq diqqəti ona cəlb edib. Bir müddət sonra müxtəlif şəhərlərdən başqa insanlar da ona qoşulub, onlar da plakatlarla gəzib və bu barədə hesabatlar dərc ediblər. Aksiyanın aktiv fazası 2017-ci ilə qədər davam edib. 2020-ci ilin avqustunda Serenko bu aksiyanın hesabatlarından ibarət "#тихийпикет" kitabını nəşr etdirib. Kitabın ön sözündə kulturoloq İlya Kukulin aksiyanın mahiyyətindən bəhs edib, onun niyə art-aktivizm sayıldığını və Rusiya aksionizm tarixində hansı yeri tutduğunu izah edib.

Filosof Aleksandr Markovun fikrincə, Serenkonun plakatlarında əsas məsələ konkret ismarıclar deyil, orada ifadə olunan problemlərdir: Serenko problemlərin ayrı-ayrı təzahürləri barədə məlumat verməyib, əksinə, problemlər aşkar olsa da, heç nəyin dəyişməməsinə dair təəccübünü ifadə edib. Tənqidçi hesab edir ki, Serenkonun "niyə stereotiplər sağlam düşüncədən daha güclü olur?" və "niyə cəzanın cinayətlə heç bir əlaqəsi yoxdur?" kimi ümumi suallar verməsi vacibdir, çünki bu suallar "bu mənim işim deyil" deyə bilməyən auditoriya üçün əhəmiyyət kəsb edib.

"Fövqəladə kommunikasiya" 19 may 2018-ci ildə Prospekt Mira 184 ünvanındakı binanın girişində Serenko və əvvəllər birlikdə kitabxana layihələri üzərində işlədiyi kuratorlar Aleksandra Kiseleva və Olqa Maşinets tərəfindən "Fövqəladə kommunikasiya" (Чрезвычайная коммуникация) qalereyası açılıb. Qalereya qismən kroudfandinq yolu ilə toplanmış vəsait hesabına yaradılıb. Orada kitabxana, iş yeri və binanın özünə, eləcə də modernizmə həsr olunmuş əsərlərdən ibarət daimi ekspozisiya yer alıb.

"Həmrəylik zənciri" 14 fevral 2021-ci ildə Serenko Moskva və Sankt-Peterburqda Yuliya Navalnaya və yanvar etirazlarında həbs olunmuş digər qadınlarla həmrəylik əlaməti olaraq keçirilən "Həmrəylik və sevgi zənciri" adlı qadın aksiyasının təşkilatçılarından biri kimi çıxış edib. O, aksiyada birbaşa iştirak etməsə də, onun Facebook səhifəsinin yaradıcısı olub.

Aksiyadan bir gün əvvəl Serenkonun və "SotsFem Alternativa" təşkilatından olan bəzi iştirakçıların şəxsi məlumatları qadın nifrəti ilə tanınan bloqer Vladislav Pozdnyakovun "Kişi dövləti" (Мужское государство) adlı Telegram kanalında paylaşılıb. Paylaşımda aksiya yerinə gəlib "aktivistlərin səsini batırmaq, plakatlarını cırmaq, onları yaxın planla videoya çəkib təhqir etmək" çağırışları edilib. Nəticədə qızlar təhdid və təhqir dolu mesajlar alıblar ki, bunların da çoxu Serenkonun payına düşüb. Onun sözlərinə görə, aksiyanın sonuna qədər o, "Öl, femlo. Pozdyak hakimiyyətə gələndə biz sizə çatacağıq və artıq leqal şəkildə məhv edəcəyik" kimi təxminən 600-ə yaxın mesaj alıb. Serenko izlənildiyini, Pozdnyakov tərəfindən ünvanı sızdırılan qohumlarının evinin isə mühafizə altına alındığını bildirib.

Buna cavab olaraq Twitter-də #ДуровОтветь (Durov cavab ver) həştəqi başladılıb və Telegramın qurucusu Pavel Durova sual ünvanlanıb: "Niyə messencerdə güc strukturları nümayəndələrinin şəxsi məlumatlarını paylaşan kanallar bloklanır, lakin qadınların şəxsi məlumatlarını yayıb onları təqibə məruz qoyan kanallar bloklanmır"?

13 mart 2020-ci ildə Darya Serenko, Nika Vodvud və Alyona Popova "Vidimo-nevidimo" komandasının dəvəti ilə Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 64-cü sessiyasında çıxış edib Rusiyada gender bərabərsizliyi ilə mübarizə kampaniyaları haqqında danışmalı idilər, lakin səfər COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

"Femdaça" 2020-ci ilin noyabrında Darya Serenko Sofya Sno, Darya Jirnovaya və Roksana Kiselyova ilə birlikdə "Femdaça"nı açıb. Bura LGBT+ nümayəndələri və fem-aktivistlərin öz fəaliyyətlərindən sonra bərpa oluna biləcəkləri bir istirahət yeridir. İdeya Serenko və Snonun aktivizmdən dincəlmək üçün vaxtaşırı Moskva ətrafındakı uzaq yerlərə getmələrindən yaranıb.

"Femdaça" müxtəlif fondlardan alınan vəsaitlər hesabına açılıb, məbləğin bir hissəsini isə İnstaqram bloqeri Saşa Mitroşina və trans-aktivist Cerri bağışlayıb. Bu pulla Moskva ətrafında bir ev kirayələnib və onun yeri gizli saxlanılır. Aktivistlər "Femdaça"nın ünvanını Telegram-dakı "məxfi çat" vasitəsilə əldə ediblər. Orada eyni vaxtda beş nəfərə qədər adam bir həftədən bir aya qədər müddətdə qala bilərdi. "Gələn qonaqlardan aktivist fəaliyyətləri ilə bağlı əsas qorxu və kədərlərini sadalamaları istənilən" ilk gün istisna olmaqla, orada iş barədə müzakirələr aparmaq təşviq edilmirdi.

Siyasi fəaliyyəti 2021-ci ilin baharında Darya Serenko Dövlət Dumasına seçkilərdə namizəd olan Aleksey Minyaylonun seçki qərargahının rəhbəri olub. O, müstəqil namizədlərin seçkilərdə iştirakının vacibliyini siyasətçilərin və politoloqların dili ilə izah edən "Üfüqi şəkildə: Dumada tək döyüşçü" sənədli filminin buraxılışında iştirak edib. İyulun əvvəlində "Yabloko" partiyasının Minyaylonu öz partiya siyahılarına daxil etməkdən imtina etməsi səbəbindən o, seçkilərə qatıla bilməyib, bundan sonra Darya Serenko qonşu seçki dairəsindən namizədliyini irəli sürən Alyona Popovanın qərargahında işləməyə başlayıb. Üç həftəlik fəaliyyətdən sonra Darya işdən çıxıb və sonradan Alyona Popovanı müqavilə şərtlərini yerinə yetirməməkdə və maaşını ödəməməkdə ittiham edib.

8 fevral 2022-ci ildə Darya Serenko cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Tverskoy rayonu üzrə daxili işlər şöbəsinə göndərilib. Məhkəmə başlayana qədər onu bir gecə polis bölməsində saxlayıblar. Sonradan məlum olub ki, Serenko polislərin onun Instagram paylaşımında tapdıqları "Ağıllı səsvermə" (Умное голосование) simvollarını nümayiş etdirdiyinə görə saxlanılıb. O, həmin postu 2021-ci ilin sentyabrında paylaşıb və orada niyə "Vahid Rusiya" partiyasının namizədi Tatyana Butskayaya səs verməməli olduqlarından bəhs edib. "Ağıllı səsvermə" simvoldarı ekstremist material kimi tanınmayıb və müxtəlif rusiyalı aktivistlərin bu simvolu paylaşdıqlarına görə əvvəlki saxlanılmaları həm cinayət tərkibi olmadığı üçün işlərin xitam verilməsi, həm də cərimə və 10 sutkaya qədər həbslərlə nəticələnib. 9 fevralda Moskvann Tverskoy məhkəməsi Serenkonu 15 sutka müddətinə həbs edib.

2022-ci ildə, Rusiyanın Ukraynaya müdaxiləsi başladıqdan sonra Serenkonun "Sakit piket" aksiyası "Feminist Müharibə Əleyhinə Müqavimət" və "Səkkizinci Təşəbbüs Qrupu" layihələri tərəfindən yenidən başladılıb; bu layihələrin aktivistləri öz şəhərlərində üzərlərinə müharibə əleyhinə şüarlar asaraq və ya çantalarında kiçik plakatlar daşıyaraq gəzirlər. Serenko özü Rusiyanı tərk edib və "Feminist Müharibə Əleyhinə Müqavimət" layihəsinin koordinatoru olub. 27 yanvar 2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən fiziki şəxslərin siyahısına "xarici agent" kimi daxil edilib.

Əsərləri

İstinadlar

Xarici keçidlər Inspiring Thursday: Daria Serenko

Стихи Дарьи Серенко в проекте «NO WAR — ПОЭТЫ ПРОТИВ ВОЙНЫ»

Kateqoriya:Rusiya feministləri Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər