Nadir şahın Dağıstana ikinci yürüşü — 1735-ci ildə Nadir şahın rəhbərliyi altında Əfşar ordusunun Dağıstanı tabe etmək məqsədilə həyata keçirdiyi hərbi kampaniya.
Zəmin
1734-cü ilin qələbə ilə başa çatan birinci yürüşündən sonra Nadir şah Dağıstanı tərk etmişdir. 1735-ci ilin mart ayında Rusiya imperiyası ilə İran arasında Gəncə müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, Rusiya Sulak çayından aşağıda yerləşən torpaqların şaha məxsus olduğunu tanımış, çayın özü isə mülklər arasında sərhəd kimi müəyyən edilmişdir.
1735-ci ilin baharında Quba xanlığında yaşayan ləzgilər dağıstanlıların dəstəyi ilə iranpərəst hakim Hüseynəli xanı Qubada mühasirəyə almışdılar. Mühasirədə olan xanın köməyinə Dərbənd komendantı və Xaspolad şamxal gəlmişdir. Onlar birlikdə üsyançıları geri oturtmuş, nəticədə üsyançılar tərəfindən 300 nəfər öldürülmüş və əsir götürülmüşdür.
İranın bu hadisələr qarşısındakı fəaliyyətsizliyi dağıstanlılarda Osmanlı imperiyasından kömək almaq ümidini yenidən canlandırmışdır.
1735-ci ilin yayına qədər Nadir şah türkləri Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmışdır.
1735-ci ilin payızında şah Dağıstan dağlılarına qarşı ikinci yürüşünə başlamışdır.
Yürüş 11 oktyabr 1735-ci il tarixində şah Gəncədən hərəkət etmiş, Car camaatlığını məğlubiyyətə uğratmış, Şəki, Şamaxı və Müşkür ərazilərini nəzarətə götürmüç, Tabasarana daxil olmuşdur. O, Dərə-mahalda hərbi baza yaratmışdır. Dərbənd komendantı və Nadirin böyük oğlu Rzaqulu mirzə ərzaq ehtiyatını və ordu karvanını burada cəmləşdirmişlər. Bu bazaya istinad edən Nadir şah üç dəstə ilə eyni vaxtda Buduq və Xınalıq, Dokuzpara və Axtıparaya, həmçinin Kürə və Kabirə zərbələr endirmişdir. Bu icmaları darmadağın etdikdən sonra o, qüvvələrini Kürənin Gilər kəndində birləşdirmiş və buradan Dərbəndə doğru irəliləmişdir. 11 noyabr 1735-ci il tarixində o, artıq şəhərin şimal tərəfinə çıxmış və Qaytaq astanasına çatmışdır.
Bu müddət ərzində Eldar şamxal, Əhməd xan və Surxay xan, Xaspolad şamxalı məğlub etmək, bununla da arxa cəbhəni təhlükəsizləşdirmək və şah ilə mübarizə üçün hərəkət sərbəstliyi qazanmaq məqsədilə öz qüvvələrini Qazanışa toplamışdılar. Üsmi öz müttəfiqlərinə qoşulmağa macal tapmamışdır, çünki topladığı qoşun hələ Qaytaq hüdudlarından çıxmamışdı. Onları Dərbənd tərəfdən usminin oğlu Xanməhəmməd qorumuşdur. Nadir şah kiçik bir dəstə ilə elə həmin gecə Macalisə doğru hərəkət etmiş, Xanməhəmmədin səngərlərini aşmış və onun qoşununu dağıtmış, əsirləri qətlə yetirmişdir. Xanməhəmməd və dəstəsinin qalıqları Yuxarı Qaytaqda sığınacaq tapmışdılar. Məcəlis və ətraf kəndlər qarət edilmiş, mal-qara və bütün məişət əmlakı farslar tərəfindən ələ keçirilmişdir. Yolboyu bütün kəndləri viran qoyan Nadir şah Qubdenə çatmış və burada Xaspolad ilə birləşmişdir. Eldar şamxal Avarıstana, Surxay xan isə Qazıqumuxa geri çəkilmişdir.
17 dekabr 1735-ci il tarixində iranlıların və Xaspoladın birləşmiş qüvvələri Qubdendən Qumuq istiqamətində hərəkət etmiş, yolüstü Akuşadan keçmişdilər. Orada Akuşa qazısı Hacı Əyyub ona itaətini bildirmiş, lakin sonradan onun gizlicə Surxay xana kömək üçün qoşun göndərdiyi məlum olmuşdur.
Qumuq yaxınlığındakı dağlarda Nadir şah Surxayın qüvvələrini dörd tərəfdən mühasirəyə alaraq hücuma keçmişdir. Şahın rəhbərliyi altındakı 30.000 nəfərlik ordu Surxayın 10.000 nəfərlik qoşununa hücum etmişdir. Qüvvələr qeyri-bərabər olmuşdu lakin "döyüşün qızğın vaxtında cəsur və qorxmaz" Surxay xan döyüşün mərkəzinə atılmışdır. Dağ müharibəsinə alışmış əfqanlara bu döyüşdə xüsusi rol ayrılmışdır. Döyüş olduqca şiddətli keçmiş, hər iki tərəf böyük itkilər vermişdir. Nadirin qələbəsinin əsas səbəbi ehtiyat qüvvələrin çoxluğu olmuşdur. Şahın bir ordusunun ardınca digərləri gəlirdi. Ən əsası, Nadir şah xanın hazırladığı tələyə düşməmiş və döyüş Surxay xanın planlaşdırdığı ssenari üzrə getməmişdir. Dağlılar geri çəkilmiş, Surxay xan qalan qüvvələri ilə Avarıstana getmişdir.
Şah qələbə qazanmış, lakin bu dəfə də Avarıstana getməyə cürət etməmişdir, çünki ordusu çox əldən düşmüşdü və sadəcə hərəkət edə biləcək vəziyyətdə deyildi. Eldar şamxal öz qoşunu ilə Surxay xanın köməyinə tələsmiş, lakin bir sutkadan az bir vaxtla gecikmişdir. Qumuqa yaxınlaşarkən onlar yüksəkliklərdəki fars əsgərlərini səhvən Surxay xanın adamları hesab etmiş, nəticədə tələyə düşmüşlər. Qoşunun əksəriyyəti məhv olmuş, Eldar şamxal isə dəstəsinin qalıqları ilə qaçmağı bacarmışdır.
Şah Qumuqun özünə çatmamış xatırlamışdır ki, hələ əvvəllər də onun yanına günahlarını etiraf edib gəlməyən üsmi Əhməd xan və itaətdən çıxaraq Surxay xanın tərəfinə keçən Aquşa qazısı qalmışdır. Göstərilən şiddətli müqavimətdən sonra şah Akuşa kəndlərini amansızcasına viran qoymuş və qazını təslim olmağa məcbur etmişdir..
thumb|Tərk edilmiş Qala-Köreyş.
Şah ordusunun digər hissəsi üsminin paytaxtı Qala-Köreyş üzərinə hərəkət etmişdir. İran qoşunları şəhəri mühasirəyə almış və usmi Əhməd xan təslim olmağa məcbur olmuşdur. Nadir şahla bağlanan sülh usminin qızının yenə usmi sülaləsindən olan Quba xanı Hüseynəli xana ərə verilməsi ilə möhkəmləndirilmişdir.
Nəticələr
Xaspolad şamxal və onun tərəfinə keçən Dağıstan hakimlərini mükafatlandıran Nadir şah 1736-cı ilin mart ayının əvvəlində Muğan düzünə yola düşmüşdür.
Nadir şahın şəxsi katibi Mirzə Mehdi Astrabadi İran sarayındakı Rusiya rezidenti İvan Kaluşkinə bildirmişdir ki, "düşərgədə olan zaman İran ordusunun vəziyyətini asanlıqla müşahidə etmək mümkündür və bu barədə açıq danışmaq olar. Ordu Qars yaxınlığından gələn həmin ordu deyil, son Dağıstan yürüşündən o qədər əldən düşmüşdür ki, onlara baxanda insanın sadəcə yazığı gəlir".
1736–1737-ci illərdə Şirvanda və Dağıstanda böyük iğtişaşlar baş vermişdir. 1736-cı ilin baharında Surxay xan dağlılarla birlikdə Dərbəndə və köhnə Şamaxıya hücum etmişdir.
1738-ci ildə Car-Balakən ittifaqının sakinləri yenidən üsyan qaldırmışdılar. Bu hadisələr zamanı Nadir şahın qardaşı İbrahim xan öldürülmüşdür. Qardaşının qətli, habelə İran hakimiyyətini tanımayan Dağıstan və Azərbaycandan gələn narahatlıq doğuran xəbərlər Nadir şahı növbəti yürüşə çıxmağa vadar etmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Nadir şah Əfşarın yürüşləri Kateqoriya:Dağıstanın hərb tarixi