Əbül-Haris əl-Leys ibn Səd ibn Əbdirrəhman əl-Fəhmi (; ) — təbəi-tabein nəslindən hesab olunan Sünni müctəhid və mühəddis.
Bioqrafiya Əl-Leys ibn Səd 713-cü ildə Misirin Qarqaşəndə (Qalqaşəndə) kəndində anadan olub və 791-ci ildə Misirdə vəfat edib.
Misir və Hicazın bir çox alimindən dərslər alıb, Dəməşq, Qüds, Bağdad kimi dövrünün elm mərkəzlərinə səfərlər edib. 732-ci ildə həcc ziyarətinə getdiyi vaxt Məkkədə Əta ibn Əbu Rəbah, Zöhri, Nafi və başqa alimlərlə görüşüb. Əl-Leys ibn Səd ümumilikdə tabeindən 50, təbəi-tabeindən isə 150-dən çox şəxslə görüşüb.
Hişam ibn Urvə, Yəhya ibn Səid əl-Ənsari, Əbdürrəhman ibn Xalid əl-Fəhmi və başqalarından hədis öyrənib. Ondan da (oğlu Şueyb və nəvəsi Əbdülməlik vasitəsilə) Müslüm və Əbu Davud hədis rəvayət ediblər.
Abdullah ibn əl-Mübarək, İbn Vəhb, Abdullah ibn Yezid əl-Ədəvi və başqaları ona tələbəlik ediblər.
Hədis elmindəki yeri İbn Səd, əl-İcli, Əhməd ibn Hənbəl, Nəsai, Xətib əl-Bağdadi və başqa hədis tənqidçiləri onu "siqa", Yəhya ibn Məin ilə Əli ibn Mədini isə "səbt" adlandırmışdır. Əbu Züra ər-Razi də onun haqqında "saduq" ifadəsini işlətmişdir.
Onun rəvayətlərinə "Kütubi-sittə"də və başqa hədis məcmuələrdə yer verilmişdir.
Görüşləri və məzhəb mənsubiyyəti Əl-Leys ibn Sədin etiqadi baxışları barədə məlumatlar məhduddur. Mənbələrdə onun qədərə inamı inkar edənlərin (xəstə ikən) ziyarət edilməyə, cənazə namazlarının qılınmasına və dəvətlərinin qəbuluna layiq olmadıqlarını söylədiyi qeyd olunur. Həmçinin əl-Leys ibn Sədin Misirdə Osman ibn Əffan əleyhdarlığını Osmanın fəzilətləri barədə rəvayətlər nəql edərək aradan qaldırdığı, onun mütəşabih rəvayətləri təvilsiz qəbul etmə tərəfdarı olduğu və heç kimlə debat etmədiyi bildirilmişdir.
Əl-Leys ibn Səd bəzi əsərlərində Əbu Hənifədən bəhrələnmiş, bəzi hənəfi müəlliflər də bu səbəblə onun Hənəfi məzhəbinə mənsub hesab etmişlər. İbn Xəlliqanın bəzi əsərlərdə hənəfi məzhəbindən olduğu və Misirdə qazılıq etdiyi barədə qeydlər gördüyünü bildirməsinə əsaslanaraq, Qureyşi kimi hənəfi təbəqat müəllifləri onu öz əsərlərində qeyd etmişlər. Əbu Yusif, Müəlla ibn Mənsur və İbn Səməə kimi hənəfi alimlərin ondan bəhrələnməsi əl-Leys ibn Sədin onlarla eyni məzhəbdən olduğuna dəlalət etməz. Digər tərəfdən Əbu Hənifənin görüşləri ilə hökm verən Misir qazısını vəqflərlə bağlı səbəbdən vəzifədən azad etdirməsi də əl-Leys ibn Sədin bu məzhəbə mənsub olmadığını, onun daha çox Hicaz mənşəli olduğunu nümayiş etdirməkdədir.
Əsərləri İbn Həcər onun əsərlərinin tədvin edilmədiyini, Zəhəbi isə onun çoxsaylı əsər müəllifi olduğunu demişdir. İbn ən-Nədim də onun "Kitabut-Tarix" və "Məsəilül-fiqh" adlı iki əsərin müəllifi olduğunu qeyd etmişdir.
Tarixçi Məhəmməd ibn Yusif əl-Kindinin də bəhs etdiyi "Kitabut-Tarix" adlı əsəri yalnız XII əsrə qədər gəlib çata bilmişdir.
İstinadlar
Kateqoriya:Sünni imamları Kateqoriya:VIII əsr Misir şəxsləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Müctəhidlər Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Tabiinlər