"Nocturne" — İrlandiya–Norveç dueti "Secret Garden" (Fionnuala Şerri və Rolf Lövland) tərəfindən ifa olunmuş, musiqisi Rolf Lövland tərəfindən bəstələnmiş, mətni isə Petter Skavlan tərəfindən qələmə alınmış mahnı. Sözügedən musiqi kompozisiyası 1995-ci ildə Dublin şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə bu yarışmadakı ikinci qələbəsini qazandırmışdır. Müsabiqədəki çıxış üçün qrup tərəfindən üç musiqiçi — norveçli vokalçı Qunnhild Tvinnereym, tütəkdə Hans Fredrik Yakobsen və İsveç nikelharpisti Osa Yinder dəvət olunmuşdur.

Konsepsiyası "Nocturne" mahnısı Petter Skavlanın sözlərinə Rolf Lövland tərəfindən bəstələnmişdir. Kompozisiya mətinin demək olar ki, tamamilə mövjud olmaması ilə diqqət çəkir; orijinal norveçcə versiyada cəmi 25 söz ifa olunur, mahnının qalan böyük hissəsi isə skripka intermextsosuna ayrılır. Fionnuala Şerri və R. Lövlanddan ibarət olan "Secret Garden" dueti mahnını norveç və ingilis dillərində lentə aldırmışdır.

Avroviziya 1 aprel 1995-ci il tarixində "Secret Garden" qrupunun ifasında "Nocturne" mahnısı 40-cı Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə Norveç Yayım Korporasiyası (NRK) tərəfindən təşkil edilən "Melodi Grand Prix" adlı milli seçim mərhələsində iştirak etmişdir. Kompozisiya müsabiqənin qalibi olmuş və Norveçin "Avroviziya" təmsilçisinə çevrilmişdir.

13 may 1995-ci il tarixində Dublinin "Poynt" teatrında "Radio Telefís Éireann" (RTÉ) teleradio şirkətinin təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində "Secret Garden" qrupu Norveçin "Nocturne" mahnısını Bosniya və Herseqovina təmsilçisi Davorin Popoviçin "Dvadeset prvi vijek" çıxışından sonra və Rusiya təmsilçisi Filip Kirkorovun "Kolıbelnaya dlya vulkana" ifasından əvvəl, gecənin beşinci çıxışı olaraq təqdim etmişdir. Səhnədə "Secret Garden" duetini dəvət olunmuş üç musiqiçi — norveçli vokalçı Qunnhild Tvinnereym, tütəkdə Hans Fredrik Yakobsen və İsveç nikelharpisti Osa Yinder müşayiət etmişdir. Çıxış zamanı tədbirin canlı orkestrini Qeyr Lanqslet idarə etmişdir.

Səsvermənin yekununda mahnı 148 bal toplayaraq iyirmi üç iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Bu qələbə "Bobbysocks" qrupunun ifasındakı "La det swinge" mahnısı ilə 1985-ci il müsabiqəsində qazanılan birincilikdən sonra Norveçin tarixdəki ikinci uğuru olmuşdur. Eyni zamanda, sözügedən mahnının da müəllifi olan bəstəkar Rolf Lövland üçün də ikinci qələbə kimi qeydə alınmışdır. Bundan əlavə, bu hadisə son dörd il ərzində İrlandiyanın müsabiqədə qalib gələ bilmədiyi ilk hal olmuş və beləliklə, "Avroviziya" tarixində yeganə olan ardıcıl üç qələbə seriyasına son qoyulmuşdur (buna baxmayaraq, qrup üzvü Fionnuala Şerri özü mənşəcə irlandiyalıdır). İrlandiya daha sonra növbəti müsabiqədə yenidən qalib gələrək beş il ərzində dörd qələbəlik bir nəticəyə imza atmışdır. 1996-cı ildə müsabiqənin növbəti qalibi İrlandiyanı təmsil edən Eymiar Kuinnin ifasında "The Voice" mahnısı olmuşdur. Həmin ildə Norveç təmsilçisi olaraq estafeti Elizabet Andreassenin ifasındakı "I evighet" mahnısı təhvil almışdır.

İstinadlar

Kateqoriya:1995-ci ilin mahnıları Kateqoriya:1995-ci ilin sinqlları