Prussiyalı Şarlotta () və ya sonradan Aleksandra Fyodorovna (; ) — Prussiya kralı III Fridrix Vilhelmin qızı, Rusiya imperatriçası.
Həyatı 13 iyul 1798-ci ildə Berlindəki Şarlottenburq sarayında dünyaya gəldi. Atası Prussiya kralı III Fridrix Vilhelm, anası isə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Luizadır. Frederika Luiza Şarlotta Vilhelmina adıyla vəftiz edildi. Uşaqlıq illəri Napoleon müharibələri dövrünə təsadüf etdi və bu səbəblə, maliyyə sıxıntılarıyla keçdi. Atasının döyüş meydanında ard-arda məğlub edilməsinin ardından 1806-cı ildə anası onu və digər bacı-qardaşlarını da yanına alaraq Köniqsberqə qaçdı. O əsnada Şarlottanın hələ 8 yaşı vardı. Burada rus çarı I Aleksandrın himayəsinə alındılar. Ailə Berlinə 1809-cu ildə qayıtdı və bir neçə ay sonra anası Kraliça Luiza tifus səbəbilə vəfat etdi.
1814-cü ilin fevralında rus çarı I Aleksandrın qardaşları Nikolay və Mixail Berlinə rəsmi ziyarət etdi. Bu ziyarətin əsas məqsədi iki ailə arasında qohumluq əlaqəsini gücləndirmək və yeni bir siyasi ittifaq qurmaq idi. Seçilən bəy namizədi isə çaın qardaşı və rus taxt-tacında ikinci yeri tutan Nikolay Pavloviç oldu. Hər ikisi də Prussiya kralı I Fridrix Vilhelmin kötücəsi idi. Olduqca güclü siyasi nüfuzu vardı. Belə ki, həm çar I Aleksandr, həm də vəliəhd Konstantin Pavloviçin övladı yox idi və bu səbəblə, Nikolay Pavloviç taxtın gələcək sahibi olaraq görülürdü. Cütlük vəliəhdin 1815 və 1816-cı illərdəki Berlin ziyarətlərində bir-birini yaxından tanıdı. 1816-cı ilin oktyabrında cütlüyün nişanlandığı elan edildi.
21 iyun 1817-ci ildə Şarlotta qardaşı Vilhelmlə birlikdə Rusiyaya gəldi. Sankt-Peterburqda baş tutan dini mərasimin ardından provaslav məzhəbini qəbul etdi və adını Aleksandra Fyodorovna olaraq dəyişdirdi. 13 iyul 1817-ci ildə Qış sarayındakı Böyük Kilsədə cütlük evləndi. Qaynanası tərəfindən sevilsə də, qaynı arvadı olan imperatriça Yelizaveta Alekseyevna ilə münasibətləri pis idi. 1820-ci ilin payızında və 1824-cü ilin yayında Berlinə səyahət etdilər və burada bir neçə ay yaşadılar. Cütlüyün bu nigahdan 8 övladı doğulsa da, bunlardan biri ölü doğulan bir qız uşağı oldu.
II Aleksandr Mariya Nikolayevna Ölü doğulan bir qız uşağı (1820) Olqa Nikolayevna Aleksandra Nikolayevna Konstantin Nikolayeviç Nikolay Nikolayeviç Mixail Nikolayeviç
1822-ci ildə vəliəhd Konstantin Pavloviç taxt hüququndan imtina etdi və beləcə, əri Nikolay Pavloviç taxt varisi oldu. 1825-ci ildə çar I Aleksandr tərəfindən cütlüyə Peterhof sarayı hədiyyə edildi və ailə yay aylarını burada yaşamağa başladılar. Ancaq həmin ilin dekabrında çar I Aleksandr vəfat etdi və əri Nikolay Pavloviç taxta çıxdı. Ancaq taxta çıxdığı gün inqilabçı birliklər çara qarşı ilk silahlı üsyana cəhd etdilər. Dekabristlər üsyanı adlanan bu üsyan qanlı şəkildə yatırıldı. Çar I Nikolay və çariça Aleksandra Fyodorovna üçün 3 sentyabr 1826-cı ildə Kremlindəki kafedralda rəsmi tacqoyma mərasimi keçirildi. Dövlət işlərində ərinin etibarını qazanmışdı. Buna baxmayaraq doğma vətəni olan Prussiyaya bağlılığı istisna olmaqla, dövlət işlərindən uzaq qaldı. Çariça kimi xeyriyyə işləriylə maraqlanmadı və bunun yerinə saray şənlikləri, cəvahiratlar və ailə məsələləriylə maraqlandı.
Çar xanımına sədaqətlə bağlı olsa da, 1842-ci ildən öncə doğulan 3 nigahdan kənar övladı vardı. Digər yandan çariçanın nədimələrindən Varvara Nelidova ilə də eşq yaşamağa başlamışdı. 2 mart 1855-ci ildə çar I Nikolay vəfat etdi və böyük oğlu II Aleksandr taxta çıxdı.
Oğlunun səltənəti dövründə Çarskoye selodakı Aleksandr sarayına çəkildi və qalan ömrünü burada yaşadı. Qış aylarında İsveçrə, Nitsa və Romaya səyahətlər etdi. 1860-cı ilin iyulunda səyahətdən döndü və xəstəliyi ağırlaşdı. Həmin ilin payızında sərt Rusiya qışından qaçmaq üçün həkimlər onun daha mülayim iqlimə səyahət etməsini məsləhət gördülər. Ancaq keçmiş çariça Aleksandra Fyodorovna Rusiyada ölməyi seçdi və Sankt-Peterburqda qaldı. 1 noyabr 1860-cı ildə Çarskoye selodakı Aleksandr sarayında yuxuda ikən vəfat etdi.
Mənbə
Ədəbiyyat
Barkovets, Olga and Vernova, Nina. Empress Alexandra Fiodorovna, Peterhof Stage Museum Preserve, Abris Art Publishers, 2008. . Cowles, Virginia. The Romanovs. Harper & Ross, 1971. . Grunwald, Constantin de. Tsar Nicholas I the Life of An Absolute Monarch, Alcuin Press, ASIN B000I824DU. Lincoln, W. Bruce. The Romanovs: Autocrats of All the Russias, Anchor, . Lincoln, W. Bruce. Nicholas I, Emperor and Autocrat of All the Russias , Northern Illinois University Press, . Montefiore, Simon Sebag. The Romanovs: 1613–1918. Deckle Edge, 2016. . Soroka, Marina and Ruud, Charles A. Becoming a Romanov: Grand Duchess Elena of Russia and her World (1807–1873). Routledge, 2016. . Zeepvat, Charlotte. Romanov Autumn: stories from the last century of Imperial Russia. Sutton Publishing, 2000. .
İstinadlar