Qədim İran dinləri — Zərdüştlüyün yüksəlişindən əvvəl İran dilli xalqların etiqad etdiyi qədim inanc və ayinlər sistemi. Bu sistemə ən yaxın inanc forması Hindistanda Vedizm dövründə mövcud olmuş tarixi Veda dini idi. İrandan Romaya qədər uzanan geniş coğrafiyada sitayiş edilən başlıca ilahlar Ahura Mazda və Mitra idi; bununla yanaşı Atara (od ilahisinə) də sitayiş olunurdu, çünki qədim hökmdarların və yerli əhalinin bu üç ilahi varlığa bağlılığını göstərən şəxs adları tarixi sənədlərdə geniş yayılmışdır. Maqların əcdadları hesab olunan bəzi dini cərəyanlar isə Ahuraların (ali tanrıların) başçısı kimi məhz Ahura Mazdaya sitayiş edirdilər. Zərdüştün və onun gətirdiyi yeni, islahatçı dinin yüksəlişi ilə Ahura Mazda tək və ali ilaha çevrilmiş, Daevalar (qədim ilahlar) isə şər qüvvələr kimi arxa plana sıxışdırılmışdırlar. Midiya dövründə "Fahrana" adlandırılan qədim hind-irandilli ilah Varunanın bir çox xüsusiyyətləri və hökmləri sonradan Zərdüşt tərəfindən Ahura Mazdaya aid edilmişdir.
İran xalqları E.ə. II minillikdə Hind-İran tayfalarının müstəqil bir qolu kimi formalaşmış və bu dövrdə Avrasiya çölləri ilə İran yaylasında məskunlaşmışdırlar. Onların inancları ümumi Hind-İran dinindən törədiyinə görə, Hindistanın qədim Veda dini ilə bir çox müştərək elementlərə malikdir. Qədim fars tayfaları öz dini ayinlərinə dair çox az yazılı və ya maddi sənəd qoysalar da, onların inanclarını qədim İran (Avesta), Babil və Yunan mənbələrindən, eləcə də Veda mətnləri və Hind-Avropa mifologiyası ilə müqayisəli təhlillər əsasında bərpa etmək mümkündür.
Əhəmənilər dövründən əvvəl daivalara (qədim tanrılara) geniş sitayiş olunurdu. Əhəməni şahları isə bu ilahların məbədlərini dağıtmağı və onları pisləməyi dövlət siyasətinə çevirmişdilər. Qədim İran mətni olan "daiva" ifadəsi, I Kserksin E.ə. V əsrin əvvəllərinə aid məşhur "Daiva yazısı"nda (XPh kitabəsi) iki dəfə keçir. Bu üçdilli mətndə həmçinin adətən bütpərəst məbədi kimi şərh olunan "daivadana" ("daivaların evi") ifadəsi yer alır. I Kserks öz kitabəsində qeyd edir: "Ahura Mazdanın lütfü ilə mən həmin daiva məbədini dağıtdım və elan etdim ki, «Daivalara sitayiş etməyəcəksiniz!»" Bu bəyanat tarixçilər tərəfindən iki cür şərh olunur: bu, ya sırf ideoloji xarakter daşıyırdı və daivalar dindən çıxarılmalı olan ilahlar idi, ya da siyasi məqsəd güdürdü və daivalar imperiyanın potensial düşmənlərinin sitayiş etdiyi ilahları simvolizə edirdi.
Əhəmənilər dövründə Ahura Mazda baş ilah kimi dövlət himayəsinə götürülmüş və imperatorlar onun yer üzündəki nümayəndəsi elan edilmişdir. Nəticədə Ahura Mazda kainatın mütləq yaradıcısı kimi qəbul olunmuşdur. Bu dində dualist kosmologiya güclü şəkildə vurğulanır və insanın təbiəti özlüyündə xeyirxah qəbul edilirdi. Qədim İranlıların ən mühüm ritualı — ilahların mədh edildiyi və hallüsinogen xüsusiyyətə malik "haoma" içkisinin qəbul olunduğu yəsna ayini idi. Bu ritual xüsusi təhsil görmüş ruhanilər sinfi tərəfindən idarə olunurdu. Pers imperiyaları dövründə siyasət və din bir-biri ilə qırılmaz tellərlə bağlı idi.
E.ə. X əsrin əvvəllərindən etibarən qədim İran dinləri tədricən yerini özündən əvvəlki inancların bir çox aspektini hifz edib saxlayan Zərdüştlüyə verməyə başlamışdır.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
de Jong, Albert F. Traditions of the Magi: Zoroastrianism in Greek and Latin Literature. Leiden; New York; Köln: Brill. 1997.
Xarici keçidlər
Kateqoriya:Qədim İran dini Kateqoriya:İran dinləri Kateqoriya:Hind-İran dini