1689-cu il Hüquqlar Haqqında Bill (Bill of Rights — "An Act Declaring the Rights and Liberties of the Subject and Settling the Succession of the Crown", yəni "Təbələrin hüquq və azadlıqlarını bəyan edən və Tacın varisliyini müəyyən edən Akt") — 1689-cu il dekabrın 16-da (26-da, yeni təqvimlə) İngiltərə Parlamenti tərəfindən Şanlı inqilab nəticəsində qəbul edilmiş qanunvericilik aktı. Bu sənəd Habeas Corpus Aktı və Varislik Aktı (Act of Settlement) ilə birlikdə Böyük Britaniya konstitusiya sisteminin əsas tərkib hissələrindən biri hesab olunur. Hüquqlar Haqqında Bill insan hüquqlarını hüquqi baxımdan təsbit edən ilk sənədlərdən biri olmuşdur.
Bu aktda nümayəndəli ali hakimiyyət orqanı olan Parlamentin xeyrinə monarxın səlahiyyətləri məhdudlaşdırılmışdır. Kral aşağıdakı hüquqlardan məhrum edilirdi:
Qanunların qüvvəsini dayandırmaq və ya onların icrasını təxirə salmaq hüququndan: "Parlamentin razılığı olmadan kral fərmanı ilə qanunların və ya onların icrasının dayandırılması barədə iddia edilən səlahiyyət qanunsuzdur." Taxt-tacın ehtiyacları üçün vergilər müəyyən etmək və toplamaq hüququndan: "Parlamentin razılığı olmadan və ya onun müəyyən etdiyi müddət və qaydadan kənar şəkildə Taxt-tacın xeyrinə rüsum və vergilərin toplanması qanunsuzdur." Sülh dövründə daimi ordu yaratmaq və saxlamaq hüququndan: "Parlamentin razılığı olmadan krallıq ərazisində sülh dövründə daimi ordunun yaradılması və ya saxlanılması qanuna ziddir."
Sənəddə təbəələrin aşağıdakı hüquqları təsdiq edilirdi:
Özünümüdafiə məqsədilə silah saxlamaq hüququ (yalnız protestantlar üçün və sosial təbəqədən asılı olaraq qanunla müəyyən edilmiş hədlərdə): "Protestant məzhəbinə mənsub təbəələr öz sosial vəziyyətlərinə uyğun və qanunun icazə verdiyi qaydada silah daşıya bilərlər." Krala petisiya vermək hüququ: "Krala müraciət etmək təbəələrin hüququdur və belə müraciətlərə görə hər hansı təqib və ya həbs qanunsuzdur." Məhkəmə qərarı olmadan cərimə və əmlakın müsadirəsindən azad olmaq hüququ: "Məhkəmə hökmü çıxarılmadan cərimələrdən və ya müsadirələrdən əldə ediləcəyi gözlənilən vəsaitlər üzrə hər hansı vəd və ya bağışlama qanunsuz və etibarsızdır." Qəddar və qeyri-adi cəzalardan, habelə həddindən artıq böyük cərimələrdən müdafiə olunmaq hüququ: "Həddindən artıq yüksək girov tələb edilməsinə, həddindən artıq böyük cərimələrin və ya qəddar, qeyri-adi cəzaların tətbiqinə yol verilmir." Söz və parlament müzakirələri azadlığı: Parlamentdə səsləndirilən fikirlər və aparılan müzakirələr məhkəmə məsuliyyətinə səbəb ola bilməz və Parlamentdən kənarda mübahisələndirilə bilməz (parlament toxunulmazlığı prinsipi). Parlament seçkilərinin azad keçirilməsi hüququ: Həmin dövrdə bu hüquq yalnız varlı vətəndaşlara məxsus idi. Akt parlamentdə təmsilçiliyin ödənilən verginin həcminə mütənasib olması prinsipini müəyyənləşdirirdi. Faktiki olaraq seçki hüququndan əsasən aristokratiya və iri burjuaziya istifadə edirdi. "Parlament üzvlərinin seçkiləri azad olmalıdır."
Kateqoriya:İnsan hüquqlarının tarixi