thumb|Avtomobil şinindən hazırlanmış qu quşu təsviri JEK-arta bir nümunədir. JEK-art və ya mənzil-kommunal incəsənəti – XX–XXI əsrlərdə postsovet ölkələrində geniş yayılmış xalq sənəti cərəyanlarından biri. JEK-art üçün səciyyəvi olan xüsusiyyət əl altında olan gündəlik məişət əşyalarından incəsənət əsərləri hazırlamaqdır.

Adlandırma və tərif Bəzi internet mənbələrinə görə "JEK-art" terminin 2014-cü ildə açılmış eyniadlı "VKontakte" səhifəsi sayəsində ortaya çıxmışdır. Səhifənin yaradıcıları küçələrlə və internetdə rastlaşdıqları xalq yaradıcılığı nümunələri toplayaraq onlayn şəkildə paylaşırdılar. Səhifə yaradıcıları bu sənət istiqamətini "TSJ-art" (; ) adlandırmağı daha məqsədəuyğun hesab etsələr də, "JEK-art" termini daha yaxşı səsləndiyi üçün bu ad geniş yayılmış və istifadə olunmağa başlamışdır.

JEK-artın incəsənət cərəyanı olub-olmadığı mübahisəlidir. Bəzi sənətşünaslar JEK-artı küçə sənətinin bir hissəsi hesab edərək incəsənət adlandırırlar. Bəzi sənətşünaslar isə bununla razılaşmırlar və bildirirlər ki, JEK-art yaradıcıları həyətlərində yaratdıqları işləri öz sənət əsərləri kimi qəbul etmirlərsə, JEK-artı incəsənət saymaq düzgün deyil.

Xüsusiyyətlər Bütün postsovet ölkələrində JEK-art nümunələrinə rast gəlmək mümkündür. Xüsusilə, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda bu yaradıcılıq növü daha geniş yayılmışdır. Gündəlik məişət materiallarından heykəllər və digər kompozisiyalar hazırlamaq ənənəsinə Braziliya, Macarıstan və Nigeriya kimi ölkələrdə də rast gəlir. Lakin həmin ölkələrdə bu cür yaradıcılıq nümunələri şəxsi mülk sərhədləri ilə məhdudlaşır.

JEK-artda ən çox rast gəlinən nümunələr:

Köhnə avtomobil şinlərdən, bəzən isə plastik butulkalardan və digər təkrar emal materiallarından hazırlanan gülzarlıqlar Avtombil şinlərindən hazırlanmış fiqurlar (əsasən qu quşları, bəzi hallarda isə digər flora və fauna nümayəndələri) Köhnə oyuncaqlardan hazırlanmış bağ və park instalyasiyaları Dibi obyektlər və totemlər Şəhərdə yerləşən qrup kompozisiyaları Müasir sənətçilərin JEK-art üslubunda yaratdıqları əsərlər

Tarix Fəlsəfə elmləri doktoru Aleksey Smirnovun fikrincə uşaqların oyun meydançası kimi istifadə etdikləri şəhər həyətləri estetikası 1960-cı illərin sonu – 1970-ci illərin əvvəlində sovet cizgi filmlərinin təsiri nəticəsində formalaşmışdır.

2017-ci ildə yaradılmış Küçə Sənəti Tədqiqatları İnstitutu JEK-artın yaranması haqqında üç əsas səbəb göstərmişdir. İnstitutun fikrincə SSRİ-nin dağılmasından sonra şəhər sakinlərinin yaşadıqları həyəti fərdiləşdirmək istəyi JEK-artın meydana çıxmasının əsas səbəbi olmuşdur. Evlərin və ətraf ərazinin müstəqil şəkildə bəzədilməsi həyətin digər həyətlərdən fərqlənməsinə imkan verir. İkinci səbəb sovet dövründə yaşamış insanların material azlığı şəraitində böyüməsi və bu səbəbdən hazır materiallardan yeni şeylər düzəltməyə vərdiş etmələridir. Üçüncü səbəb isə rəsmi qurumların abadlaşdırma işinə kifayət qədər diqqət yetirmədiyi hallarda sakinlərin onların vəzifəsini öz üzərilərinə götürməsidir. Belə hallarda sakinlər şinlərdən gülzarlıqlar, yelləncəklər və heyvan fiqurları hazırlayaraq, hasarları rəngləyərək abadlıq işləri aparırlar.

Yekaterinburq Müasir İncəsənət Akademiyasından Polina Ekmanın fikrincə JEK-artla əsasən çoxmənzilli binaların birinci mərtəbəsində yaşayan sakinlər məşğul olurlar. Çünki onlar binanın ətrafındakı ərazini müəyyən mənada öz mülkləri kimi qəbul edirlər və öz həyətlərini qonşu binalardan məxsus həyətlərdən fərqləndirirlər. Rəssam və kurator Dmitri Pilikin qeyd edir ki, JEK-artın yaranması üçün ətrafda sahibsiz və istifadəsiz materialların çox olması kifayət etmişdir. Postsovet ölkələrində sakinlərin yaşadığı həyətlərdə belə materiallara tez-tez rast gəlinirdi.

Təsir 2021-ci ilin iyulunda "Rusiya Qızıl Pələngləri" yaradıcılıq qrupu JEK-arta həsr olunmuş onlayn muzey açmışdır. Muzeydə JEK-art üçün səciyyəvi olan personajların 3D modelləri toplanmışdır. Onlayn muzeydə JEK-artın tarixi haqqında məlumat verilir və öz JEK-art personajını yaratmaq imkanı təqdim olunur.

Sankt-Peterburqda fəaliyyət göstərən və internetdə Oleq Leqov kimi tanınan rəssam Artyom Bizyayev 2021-ci ildə JEK-art mövzusunda həvəskar Lego dəsti hazırlamışdır. Dəstəyə avtomobil şinlərindən hazırlanmış Çeburaşka personajları və heyvan fiqurları daxil idi. O, bu dəsti JEK-artın onlayn muzeyi üçün hazırlamışdır.

2023-cü ilin fevralında buraxılmış "Atomic Heart" videooyununda real həyatda mövcud olan və internet meminə çevrilmiş JEK-art nümunələrinə istinadlar yer almışdır.

Qalereya

İstinadlar

Kateqoriya:SSRİ incəsənəti Kateqoriya:Xalq yaradıcılığı Kateqoriya:Küçə sənəti