"Ubisoft Quebec" — videooyunlatın hazırlanması sahəsində ixtisaslaşmış şirkət, Fransanın "Ubisoft" naşir və tərtibatçı şirkətinin törəmə müəssisəsi. Şirkət 2005-ci ildə təsis edilmişdir və Kanadanın Kvebek şəhərində yerləşir. 2023-cü ilin məlumatına görə, studiyada 600-dən çox əməkdaş fəaliyyət göstərir. Müəssisə "Assassin's Creed" oyun seriyasının hazırlanması ilə məşğul olan iki əsas studiyadan biridir.

2015-ci ilə qədər studiya oyunların portlaşdırılması ilə məşğul olmuş və əlavə məzmunların yaradılmasında iştirak etmişdir. 2015-ci ildə müasir platformalar üçün açıq dünya oyunlarının hazırlanması şirkətin əsas ixtisaslaşma sahəsinə çevrilmişdir. Studiyanın iri layihələri arasında "Assassin's Creed Syndicate", "Assassin's Creed Odyssey" və "Immortals Fenyx Rising" kimi oyunlar yer alır. 2022-ci ilin sentyabr ayında "Ubisoft Quebec" şirkətinin feodal Yaponiya dövründən bəhs edən növbəti layihəsi — "Assassin's Creed: Codename Red" elan edilmişdir. Daha sonra oyunun adı dəyişdirilərək "Assassin's Creed Shadows" adlandırılmışdır.

Fəaliyyətinin ilkin mərhələsində studiya "Playstation Portable" və "Wii" oyun platformaları üçün "Prince of Persia: The Forgotten Sands" oyununun ayrıca versiyalarını hazırlamışdır.

İstinadlar

Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Kanada şirkətləri Kateqoriya:Ubisoft