Kəbir (, ; ) — hindistanlı orta əsrlər mütəfəkkiri, filosof-mistiki, şair, qu və bhakti hərəkatının ən mühüm müqəddəslərindən biri.
Həyatı Kəbirin həyatı haqqında dövrümüzə qədər gəlib çatmış yazılı sənədlər olduqca azdır, lakin onun ömür yolu çoxsaylı rəvayətlər və mənəvi xatirələrlə zəngindir. Rəvayətlərdən birinə görə, o, müsəlman toxucu (çulha) ailəsində böyümüşdür, digər bir fərziyyəyə görə isə onun anası hinduist brahman klanından olmuşdur. Kəbirin "konfessional mənşəyi" haqqında əfsanələr fərqli olsa da, bütün mənbələr onun peşəcə toxucu olduğu və Varanasi (müasir Benares) yaxınlığında yaşadığı mövzusunda həmrəydir.
Kəbir gənc yaşlarından etibarən mənəvi həqiqəti axtarmağa başlamışdır. O, insanların Allah qarşısında bərabərliyini təbliğ edən məşhur bhakti vaizi Ramanandanın şagirdi olmuşdur. Üsyankar mənəviyyatını məhz bu mühitdən əxz edən Kəbir ortodoks brahmanlar və müsəlman üləmaları tərəfindən kəskin təzyiqlərə məruz qalmışdır. Rəvayətə görə, müsəlman ruhaniləri tərəfindən dindən dönməkdə ittiham edilən Kəbir, sultanın əmri ilə filin ayaqları altına atılmış, lakin möcüzəvi şəkildə sağ qalmışdır.
Fəlsəfəsi Kəbir fəlsəfədə panteizm (hər şeyin Allah olması) ideyasını müdafiə edərək Yaradanın bütün təbiətə və hər bir canlıya nüfuz etdiyini bildirirdi: "Mən "dünya mənim daxilimdədir" desəm, bu dünyaya hörmətsizlik olar. "Dünya məndən kənardadır" desəm, bu isə yalandır!".
Panteist yanaşmasından çıxış edərək Kəbir həm hinduizmin, həm də islamın formal məbəd və ayinçilik anlayışlarını, dindarlıq rituallarını rədd edirdi. Onun təlimi insanla Allah arasında hər hansı bir vasitəçiyə (ruhanilərə, brahmanlara və s.) ehtiyac duymurdu. Sufizmin də təsiri ilə Kəbir insan həyatının ali məqsədini ilahi varlıqla qovuşmaqda görürdü. Kəbirin dövrünün ortodoks qaydalarından uzaqlaşması onun yeganə xilas yolunu yalnız Allaha duyulan səmimi sevgidə (bhakti) görməsi ilə əlaqədar idi. O təbliğ edirdi ki, nə yüksək kastadan doğulmaq, nə keçmiş həyatın xidmətləri, nə teoloji biliklər, nə də zahidlik insana Allahı tapmağa kömək edə bilər.
Kəbirin XV əsr şəhər təbəqələrinin fərdi şüurunun inkişafını əks etdirən dini-fəlsəfi baxışları, orta əsrlərin feodal kasta quruluşuna zidd olan bəşəri bərabərlik ideyasını ehtiva edirdi. Onun "hər bir canlı müqəddəsdir" prinsipindən birbaşa bərabərlik ideyası doğurdu. Kəbirin insanların eyni materialdan yaradıldığı və bərabər qana sahib olduğu barədə fikirləri daha sonra siqxlərin mənəvi təliminə böyük təsir göstərmişdir.
Silki və dini fərqlilikləri qəbul etməyən Kəbir kasta sisteminə qarşı çıxış edir, hinduistləri və müsəlmanları mənəvi vəhdətə çağırırdı. O, hər iki dinin fanatik nümayəndələrini, hinduizmin bütpərəstlik meyillərini və islamın dözümsüz tərəflərini tənqid edir, din xadimlərini satirik dillə ifşa edirdi. Hazırda Hindistanda Kəbirin ideyalarını yaşadan və təqribən 9.5 milyon ardıcılı olan "Kəbirpanth" (Kəbir yolu) adlı mənəvi icma fəaliyyət göstərir.
Yaradıcılığı Kəbirə minlərlə şeir, hikmətli söz və nəğmələr aid edilir. Ehtimala görə oxuyub-yazma bilməyən toxucu şair öz şeirlərini dəzgah arxasında işləyərkən bəstələyib oxuyardı. Kəbirin şeir irsi müxtəlif məcmuələrdə hifz edilib saxlanılmışdır. Onun poetik irsinin ən mötəbər hissəsi "Bicak" (Kəbirpanth icmasının əsas müqəddəs kitabı), həmçinin "Kəbir Qranthavali" və siqxlərin 1604-cü ildə tərtib edilmiş müqəddəs kitabı olan "Adi Qranth" (və ya Quru Qranth Sahib) mətnlərində yer alır.
Kəbirin şeirləri ənənəvi klassik saray poeziyası qəliblərinə sığmır; onlar şairin mənəvi inamının səmimiliyi, məişət reallıqları ilə zənginliyi və satirik müqayisələri ilə fərqlənir. Öz fəlsəfi baxışlarını sadə xalqa çatdırmaq üçün o, bilərəkdən rəsmi elita tərəfindən "müqəddəs" hesab edilən sanskrit dilini deyil, xalqın danışdığı yerli dialektləri seçmiş və sanskritpərəst panditlərin təkəbbürünü tənqid etmişdir.
Şair şeirlərində xalq folklorundan gələn birbaşa müraciət, nida və təzad vasitələrindən geniş istifadə edirdi. Onun iti, səmimi, bəzən isə kəskin dili fəlsəfi fikrin dərinliyini sadə şəkildə kütləyə ötürə bilirdi. Bu gün də Şimali Hindistanın xalq yaddaşında Kəbirin nəğmələri və hikmətli sözləri geniş şəkildə yaşamaqdadır.
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
Dharwadker, Vinay (2003), Kabir: Weaver's Songs. Penguin Classics,
Vaudeville, Charlotte (1957), Kabîr Granthâvalî : (Doha), (French); English: Kabir, Vol. 1, Oxford University Press, , Vaudeville, Charlotte (1993), A Weaver Named Kabir: Selected Verses with a Biographical and Historical Introduction, Oxford University Press,
Xarici keçidlər
The Bijak of Kabir, Ahmad Shah Translation of the Entire Text (1917) (archived). The Ocean of Love Anurag Sagar of Kabir
Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Dini pluralizm Kateqoriya:Dinlərin baniləri Kateqoriya:Hind filosoflar Kateqoriya:Hindistan hindu müqəddəsləri Kateqoriya:Hindistan şairləri Kateqoriya:Sufi şairləri Kateqoriya:Vayşnavizm