Həsən Kərbəla, Həsən bəy Kərbəlayev və ya Dr. Oroys () — Azərbaycanlı siyasi mühacir, siyasətçi və həkim, Azərbaycan Milli Emiqrasiya Komitəsinin sədri.

Xarkov Universitetinin Tibb fakültəsini bitirib. Ümum-Rusiya Müsəlmanları Qurultayında Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib. Azərbaycan Cümhuriyyəti dövründə həkim kimi fəaliyyət göstərib. Aprel işğalından sonra yaradılmış Gizli Müsavata üzv olub və təşkilatın siyasi komissiyasının üzvü olub. 1923-cü ildə OQPU tərəfindən həbs olunub.

İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyanın işğal bölgələrində fəaliyyət göstərən Azərbaycan Milli Emiqrasiya Komitəsinin sədri olub. 1952-ci ildə Qafqaz İstiqlal Komitəsinin quruluş konfransında Azərbaycan nümayəndəsi kimi iştirak edib. Həmçinin Sovet İttifaqını Öyrənmə İnstitutunun nəşri olan "Qafqaz" jurnalında və Azərbaycan Kültür Dərnəyi tərəfindən nəşr olunan "Azərbaycan" jurnalında məqalələri ilə çıxış edib.

Haqqında

İlk illəri Həsən bəy İsrafil ağa oğlu Kərbəlayev 1891-ci il sentyabrın 1-də Qazaxda anadan olub. İbtidai və orta təhsilini Qazax və Tiflis şəhərlərində alıb. Daha sonra Xarkov Universitetinin Tibb fakültəsini bitirib. 1917-ci il may ayında keçirilmiş Ümum-Rusiya Müsəlmanları Qurultayında Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib. Azərbaycan Cümhuriyyəti dövründə həkim kimi fəaliyyət göstərib.

Aprel işğalından sonra yaradılmış Gizli Müsavata üzv olub və təşkilatın siyasi komissiyasının üzvü olub. 1923-cü il iyunun 14-dən 15-nə keçən gecə OQPU tərəfindən Gizli Müsavatın siyasi komissiyasının bütün üzvləri o cümlədən də Həsən Kərbəla həbs olunublar.

Mühacirətdə 1943-cü ildə Berlində yaşayıb. 1947-ci ildə II Dünya müharibəsi zamanı əsir düşmüş və müxtəlif düşərgələrdə yaşayan azərbaycanlılara yardım göstərmək məqsədilə yaradılmış Azərbaycan Milli Emiqrasiya Komitəsinin sədri olub. Komitə əsirlərin SSRİ-yə məcburi qaytarılmasının qarşısının alınması, onların Avropada məskunlaşmasına kömək göstərilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərib. Komitənin əsas məqsədləri möhtac mühacirlərə maddi yardım göstərmək, digər ölkələrə köçən azərbaycanlılara dəstək vermək və mühacirlərin hüquq və mənafelərini müdafiə etməkdən ibarət idi.

1952-ci ildə Qafqaz İstiqlal Komitəsinin quruluş konfransında Məhəmməd Əmin Rəsulzadə, Həmid Ataman, Səlim Ağasıbəy, Məhəmməd Əmircanla birlikdə Azərbaycan nümayəndəsi kimi iştirak edib.thumb|Qərbi Alman işğal bölgələrində Azərbaycan Milli Emiqrasiya Komitəsinin təsdiqnaməsi|left|200x200px1953-cü il martın 22-də, Novruz bayramı münasibətilə Almaniya Federativ Respublikasının Neu-Ulm şəhərində Azərbaycan Milli Emiqrasiya Komitəsinin ümumi toplantısı və seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, Dr. Oroys səs çoxluğu ilə yenidən komitənin sədri seçilib, Həsən Xasay, Allahverdi Abbasoğlu, Səmran Məmmədzadə və Məhəmməd Əmircan isə komitə üzvlüyünə seçiliblər.

Həmin ilin 28 may tarixində Dr. Oroysun rəhbərliyi ilə Neu-Ulm şəhərində yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.

Sovet İttifaqını Öyrənmə İnstitutunun nəşri olan "Qafqaz" jurnalında və Azərbaycan Kültür Dərnəyi tərəfindən nəşr olunan "Azərbaycan" jurnalında məqalələri ilə çıxış edib.

1964-cü il mayın 2-də Bad-Kreuznach şəhərində vəfat edib. Cənazəsi 1964-cü il mayın 6-da Azərbaycan Milli Mərkəzinin Avropa nümayəndələri tərəfindən Münxendə Valdfriedhof qəbiristanlığında dəfn olunub. Dəfndə Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlılarla yanaşı başqa başqa millətlərdən olan mühacirlər də iştirak ediblər. "Paris Bloku" və mühacir Ukrayna Parlamentini təmsil edən, Ukrayna Xalq Respublikasının prezidenti Andrey Livitski, Şimali Qafqazı təmsil edən Həsən Kasay, Türküstanı təmsil edən Sabir İşimbet, erməni mühacirləri təmsil edən K. Balıkçıyan, İdil-Uralı təmsil edən Tevbet və "Hürriyyət Birliyi"ni təmsil edən Dr. F. Prillen dəfndə çıxış ediblər.

Ailəsi Həsən Kərbəlanın atası İsrafil ağa Kərbəlayev 1860-cı ildə, Oruc ağa Kərbəlayev və Cavahir xanım Yusif ağa qızının ailəsində, Qıraq Kəsəmən kəndində anadan olub. Mülkədar və xeyriyyəçi olub, Qazax şəhərində Cümə məscdini və İsrafil ağa hamamını tikdirib. İsrafil ağa Həvva xanımla ailə qurub və bu evlilikdən Həsən və Həmzə adlı oğulları, Zəkiyyə və Rəhilə adlı qızları dünyaya gəlib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Almaniyada dəfn olunanlar Kateqoriya:Müsavat Partiyasının üzvləri