Əbu Osman Əmr ibn Osman ibn Əffan əl-Üməvi (; ) — Osman ibn Əffanın oğlu. O, Müaviyə, Yezid və Mərvanın hakimiyyəti illərində siyasi və hərbi rollar oynamışdır. İbn Sədə görə, tabiin nəslinə mənsubdur.
Həyatı Əmr, Qureyş qəbiləsinin Üməyyə qoluna mənsub olan xəlifə Osmanın oğlu idi. Anası isə Əzd qəbiləsinin Dəvs qolundan olan Ümmü Əmr bint Cündəb ibn Əmr idi. O, xəlifə Ömərin dövründə anadan olmuşdu.
Ənənəvi İslam mənbələrində Əmrin həyatı ilə bağlı məlumatlar tez-tez onun doğma qardaşı Ömərlə qarışdırılır. Tarixçi Bəlazuri bildirir ki, 656-cı ildə öldürülən Osmanın sağ qalan ən böyük oğlu Əmr idi. Tarixçi Musab əz-Zübeyri isə yazır ki, Osmanın nəsli davam edən oğulları arasında ən böyüyü Əmr idi. Lakin tarixçilər İbn Həcər əl-Əsqəlani və Qalqaşəndi bu iki xüsusiyyəti Ömərə aid edirlər.
Əz-Zübeyri əlavə edir ki, Osman gizli şəkildə Əmri özündən sonra xəlifə olacaq ikinci namizəd təyin etmişdi; birinci namizəd isə Məhəmmədin səhabəsi Zübeyr ibn Əvvam idi. Əmr həmin vaxt gənc olduğuna görə ikinci sırada göstərilmişdi. Müasir tarixçi Vilferd Madelunq hesab edir ki, Osmanın bu vəsiyyəti böyük ehtimalla 644–645-ci illərdə xəstələndiyi zaman edilmiş, lakin sağaldıqdan sonra qüvvədən düşmüşdür.
Dəməşqdə hakimiyyət sürən, Əməvilər xilafətinin banisi Müaviyə dövründə Əmr onun qızı Rəmlə ilə evləndi və Mədinədə yaşadı. Görünür, Əmr və Müaviyə onun hakimiyyətinin böyük hissəsində dost münasibətləri saxlayırdılar. Lakin Müaviyənin Əmrin xilafət iddialarından şübhələnməsi və onların Əməvi qohumu Mərvan ibn Həkəmin Əmri xilafət uğrunda fəaliyyət göstərməyə təşviq etməsi səbəbindən aralarında gizli gərginlik yaranmış ola bilər. Müasir tarixçi Əsəd Q. Əhməd bu iddiaların "təsdiq və ya təkzib edilməsinin çətin olduğunu" bildirir.
683-cü ildə Müaviyənin oğlu və varisi Yezid ilə ona qarşı üsyan etmiş Mədinə əhalisi arasında baş vermiş Hərrə döyüşü zamanı Əmrin rolu barədə ənənəvi mənbələr fərqli məlumat verir. Bəlazuri yazır ki, Əmr mədinəlilərin tərəfində vuruşmuş və buna görə qalib gələn Suriya sərkərdəsi Müslim ibn Uqbə tərəfindən danlanaraq qamçılanmışdır. Əvanə ibn Həkəm isə bildirir ki, Əmr digər Əməvilərlə birlikdə Mədinədən çıxarılmamış, şəhərdə qalmış və yenə də İbn Uqbə tərəfindən cəzalandırılmışdır. Əbu Mixnəf isə iddia edir ki, Əmr Əməvilərlə birlikdə şəhərdən çıxarılmış, lakin İbn Uqbənin tələbinə baxmayaraq Mədinənin müdafiəsi haqqında məlumat verməkdən imtina etmişdir.
683-cü ildə Mədinədən qovulduqdan sonra, 684-cü ildə Suriyadakı Əməvi tərəfdarları tərəfindən xəlifə seçilən Mərvan Əmr tərəfindən xəlifə kimi tanınmadı. Bununla belə, görünür, Əmr ilə Mərvanın ailəsi arasında yaxın əlaqələr var idi. Əmr və ya Ömər Mərvanın qardaşı qızı Ümm Gülsüm bint əl-Haris ibn əl-Həkəmlə evlənmişdi. Bundan başqa, Əmr öz qızı Ümm Əyyubu Mərvanın oğlu və varisi xəlifə Əbdülməlik ilə evləndirmişdi.
Əmr ömrünün sonuna qədər Hicazda yaşadı və Mina şəhərində vəfat etdi.
Həmçinin bax Səid ibn Osman Əbən ibn Osman
Mənbə
İstinadlar
Ədəbiyyatlar