Qəlb çırpıntısı: Əbədi () — rejissoru Uoş Uestmorlend, ssenari müəllifi isə Elis Osman olan 2026-cı il istehsalı Britaniya romantik dram filmidir. Film, Osmanın yaratdığı Netflix serialı "Qəlb çırpıntısı"nın (2022–2024) davamı olmaqla yanaşı, serialın tammetrajlı finalıdır.
Filmdə Kit Konnor və Co Lok müvafiq olaraq Nik Nelson və Çarli Sprinq obrazlarını canlandırırlar. Onlarla yanaşı, Uilyam Qao, Yasmin Finni, Korinna Braun, Kizzi Edcell, Tobi Donovan, Cenni Volser, Ria Norvud, Leyla Xan və Eddi Marsan da serialdakı rollarına qayıtmışlar. Filmdə həmçinin Anna Maksvell Martin və Derek Cekobi də rol almışdır. Maksvell Martin Sara Nelson obrazında Oliviya Kolmanı əvəz etmişdir.
Filmin istehsalı 2025-ci ilin aprel ayında Netflix tərəfindən elan edilmişdir. Prodüser vəzifəsini Brett Tomas icra etmiş, Kit Konnor və Co Lok isə icraçı prodüser kimi fəaliyyət göstərmişlər. Elis Osman qrafik roman seriyasının altıncı və son cildi, həmçinin "Nick and Charlie" novellası əsasında ssenarini yazmaq üçün layihəyə qayıtmışdır. Əsas çəkilişlər 2025-ci ilin iyun–iyul aylarında İngiltərədə aparılmışdır.
"Qəlb çırpıntısı" filminin dünya premyerası 14 iyul 2026-cı ildə Londondakı Cineworld Leicester Square kinoteatrında keçirilmiş, film 17 iyul tarixində Netflix platformasında beynəlxalq nümayişə buraxılmışdır. Film tənqidçilərdən ümumilikdə müsbət rəylər almışdır.
Məzmun
Çarli məktəbdə zorakılığa qarşı kampaniyası sayəsində şagird rəhbəri seçilir. Sonradan o, Alfi adlı kiçik sinif şagirdinin təhqir edildiyini gördükdə ona kömək edir. Cənab Lenq məktəbdə Prayd klubunun yaradılmasını təsdiqləmir, lakin cənab Acayi klubun görüşləri üçün öz sinif otağından istifadə etməyə icazə verir. Əvvəlcə yalnız oğlanlar, Acayi və Faruk otaqda gözləsələr də, sonradan Alfi və digər şagirdlər də onlara qoşulurlar.
Nik universitet seçimi üçün ilk seçim kimi Lids Universitetini müəyyənləşdirir, lakin Çarlidən uzaqda yaşayacağı fikri onu narahat edir. O, universitetə müraciət zamanı təqdim edilməli olan motivasiya məktubunda özünü necə ifadə edəcəyini bilmir. Çarli ona məktubu yazmaqda kömək edir və məktəbdənkənar könüllü fəaliyyətlə məşğul olmağı tövsiyə edir. Nik bu məsləhətə əməl edərək it sığınacağında könüllü işləməyə başlayır. Bir gecə o, Çarlinin öldüyünü gördüyü kabusdan ayılır. Daha sonra pabda Çarliyə maraq göstərən bir şəxslə bağlı qısqanclıq hissi keçirərək sərxoş vəziyyətdə aqressiv davranır. Reqbi məşqi zamanı baş verən mübahisə nəticəsində isə xəsarət alır. Çarli ona birlikdə keçirdikləri günləri xatirə kimi Lidsə aparması üçün fotoaparat hədiyyə edir.
Ell məzun olduqdan sonra Berlinə köçmək qərarına gəldiyi üçün Tao ilə yollarını ayırır. Onlar əvvəllər də bir neçə dəfə ayrılıb barışdıqlarından dostları bu dəfə münasibətlərinin yenidən başlayacağına, yoxsa həmişəlik bitəcəyinə əmin ola bilmirlər. Yeniyetmə yaşlarında qurulan münasibətlərin uzunömürlü olmadığı düşüncəsi Niki getdikcə daha çox narahat edir. O, Çarlinin onsuz daha xoşbəxt olacağına inanmağa başlayır və nəticədə onlar ayrılırlar.
Bu ayrılıq Çarlini dərin sarsıdır. O, evdən çıxmır, yemək yeməyi dayandırır və yalnız dostları onu ziyarət etməyə başlayandan sonra tədricən özünə gəlir. Transgender hüquqlarının tez-tez hücumlara məruz qaldığını deyən Ell ondan mənəvi dəstək istəyir. Onlar birlikdə Pride yürüşündə iştirak edir və daha sonra gey-kluba gedirlər. Burada Çarli Nikin başqa bir qızla söhbət etdiyini görərək oranı tərk edir. Hər ikisi görüşüb danışmaq üçün bir-birlərinə mesaj yazsalar da, heç biri həmin mesajları göndərməyə cəsarət etmir.
Nik qardaşı Deviddən atasının yanında işləmək üçün Parisdə işə qəbul olunduğunu öyrənir. Devid onu ayrılıqla bağlı təsəlli etməyə çalışır. Taranın dəvəti ilə Nik gey-kluba gedir və burada Tara, Darsi, Sahar və özünü lezbiyan kimi tanıyan İmojenlə görüşür. Orada Tao ilə söhbət edir, daha sonra İmojenin dostlarından biri ilə tanış olur və sonda Çarlini görür.
Kafedə işlədiyi günlərin birində Çarli yaşlı homoseksual cütlüyə xidmət göstərir və onların bir-birlərinə qayğı göstərmələri haqqında söhbətini eşidir. Bu hadisə ona münasibətlərin zaman keçdikcə necə dəyişdiyini düşündürür. Nik isə anası ilə atasının onun həyatına göstərdiyi mənfi təsirlər barədə danışır. Anası ona münasibətindən vaz keçməməyi tövsiyə edir.
Çarli bacısı Tori ilə Mayklı heteroseksual cütlük adlandırdıqda, Tori aseksual olduğunu açıqlayır və fərqli xarakterlərə malik olsalar da, niyə birlikdə olduqlarını izah edir.
Bir gün Çarli yenidən Nikin hədiyyə etdiyi fotoaparatı tapır. Nikin çəkdiyi fotoları çap etdirir və onları Nikin evinə apararaq çimərlikdə görüşmək üçün ona qeyd qoyur. Çimərlikdə baş tutan görüş zamanı onlar səmimi söhbət edir, hisslərini etiraf edir və yenidən barışırlar. Məktəbin buraxılış gecəsindən sonra isə ilk öpüşlərini paylaşdıqları otağa qayıdırlar.
Filmin sonunda Tara və Darsi birlikdə Avropa üzrə interrail səyahətinə çıxırlar. Sahar solo musiqiçi kimi fəaliyyət göstərməyə başlayır. Maykl Qış Olimpiya Oyunları üçün fiqurlu konkisürmə komandasına qəbul olunur. Tao Berlində Elli ziyarət edir, Çarli isə Lidsdə Nikin yanına gedərək onu ziyarət edir.
Rollarda
Kit Konnor — Nik Nelson Co Lok — Çarli Sprinq Uilyam Qao — Tao Xu Yasmin Finni — Ell Argent Korinna Braun — Tara Cons Kizzi Edcell — Darci Olsson Tobi Donovan — Ayzek Henderson Cenni Uolser — Tori Sprinq Ri Norvud — İmocen Hini Leyla Xan — Sahar Zahid Fisayo Akinade — Cənab Acayi Nima Taleqani — Cənab Faruk Cek Barton — Devid Nelson Darra Hend — Maykl Holden * Anna Maksvell Martin — Sara Nelson. Martin bu rolda Oliviya Kolmanı əvəz edir. Eddi Marsan — Ceff Yanq * Derek Cekobi — Pit
Serialdakı rollarını ikinci dərəcəli və ya epizodik obrazlar kimi yenidən canlandıran aktyorlar arasında Ceyms Makİuen adlı şagird rolunda Bredli Riçes; Nikin reqbi komandasındakı Say Verma, Kristian MakBrayd, Otis Smit və Harri Qrin obrazlarında isə müvafiq olaraq Aşvin Vişvanat, Evan Ovenell, Araloyin Oşunremi və Kormak Hayd-Korrin yer alırlar. Çetna Pandya və Alan Törkinqton məktəb müəllimləri məşqçi Sinq və cənab Lenq rollarına qayıdırlar. Corcina Riç və Cozef Balderrama Çarlinin valideynləri Ceyn və Xulio Sprinqi, Tibo de Montalamber isə Nikin atası Stefan Nelsonu yenidən canlandırır. Bel Pristli, Aş Self və Rebekka Rut isə Lambert məktəbinin şagirdləri Naomi Rassel və Feliks Britten, həmçinin məktəbin direktoru Edvards rollarında yenidən ekrana qayıdırlar.
Yeni obrazlar arasında Kaleb Evers Çarlinin məktəbdə zorakılığa qarşı müdafiə etdiyi kiçik yaşlı şagird Alfi, Oliver Moltman isə Nikin işlədiyi it sığınacağının rəhbəri Kennet rolunu canlandırır. Derek Cekobinin real həyatda həyat yoldaşı olan Riçard Klifford filmdə onun canlandırdığı Pit obrazının partnyoru rolunda çıxış edir.
Serialın yaradıcısı və ssenari müəllifi Elis Osman Lidsə gedən qatarda sərnişin rolunda qısa epizodik görünüş edir. İcraçı prodüser Patrik Uolters isə Çarlinin işlədiyi kafeyə gələn müştəri kimi epizodik rolda çəkilmişdir.
İstehsalı
İnkişaf Serialın yaradıcısı Elis Osman əvvəlcə bildirmişdi ki, eyniadlı qrafik romanlar seriyasını tam şəkildə ekranlaşdırmaq üçün "Qəlb çırpıntısı" serialının dörd mövsümdən ibarət olacağını gözləyir. Lakin üçüncü mövsümdən sonra serialın gələcəyi qeyri-müəyyən olaraq qalırdı. Məlumatlara görə, bunun səbəbi əvvəlki mövsümlə müqayisədə baxış sayının təxminən 30% azalması və aktyor heyətinin müqavilələri ilə bağlı yarana biləcək çətinliklər idi. Elis Osman və icraçı prodüser Patrik Uolters serialın davamı üçün təsdiq almaq istiqamətində çalışdıqlarını bildirmişdilər.
22 aprel 2025-ci ildə məlum oldu ki, Netflix dördüncü mövsüm əvəzinə serialı yekunlaşdıracaq tammetrajlı bədii filmin istehsalına qərar verib. Filmin ssenarisini Elis Osman qrafik roman seriyasının altıncı və son cildi, həmçinin "Nick and Charlie" novellası əsasında yazmışdır. Serialın baş rollarını canlandıran Kit Konnor və Co Lok da filmin icraçı prodüserləri kimi fəaliyyət göstərmişlər. 2025-ci ilin iyul ayında filmin adının "Qəlb çırpıntısı: Əbədi" olacağı açıqlanmışdır.
Aktyor seçimi Filmin istehsalına rəsmi şəkildə yaşıl işıq verilməzdən əvvəl həm Kit Konnor, həm də Co Lok "Qəlb çırpıntısı" serialının dördüncü mövsümündə yenidən çəkilmək istədiklərini bildirmişdilər. Filmin istehsalı təsdiqləndikdən sonra onların müvafiq olaraq Nik Nelson və Çarli Sprinq rollarını yenidən canlandıracaqları açıqlanmışdır.
2026-cı ilin aprel ayında Oliviya Kolmanın Sara Nelson roluna qayıtmayacağı və obrazın Anna Maksvell Martin tərəfindən canlandırılacağı elan edildi. Yasmin Finni, Uilyam Qao, Korinna Braun, Kizzi Edcell, Tobi Donovan və Ria Norvud da daxil olmaqla əsas aktyor heyətinin böyük hissəsinin serialdakı rollarına qayıdacağı təsdiqləndi. Bundan əlavə, Derek Cekobinin hələ açıqlanmayan bir obrazı canlandıracağı da bildirildi.
Çəkilişlər Filmin rejissoru Uoş Uestmorlenddir. Əsas çəkilişlər 9 iyun 2025-ci ildə başlamışdır. Elis Osman 2 iyul tarixində çəkilişlərin artıq yarıdan çoxunun tamamlandığını bildirmişdir. Aktyor heyəti isə 27 iyul tarixində sosial media vasitəsilə çəkilişlərin başa çatdığını elan etmişdir.
Çıxarılması "Qəlb çırpıntısı: Əbədi" filminin dünya premyerası 14 iyul 2026-cı ildə London şəhərində yerləşən "Cineworld Leicester Square" kinoteatrında keçirilmişdir. Film 17 iyul 2026-cı ildə Netflix platformasında bütün dünya üzrə nümayişə buraxılmışdır.
Qəbulu
Tənqidçilərin mövqeyi Rəy aqqreqatoru "Rotten Tomatoes" 27 tənqidçinin rəyinə əsasən film, 93% bəyənilmə reytinqi əldə etmiş, orta qiyməti isə 10 üzərindən 7,3 olmuşdur. Saytın ümumi rəyi belədir: ""Qəlb çırpıntısı" yeni formatda təqdim olunsa da, öz kimliyinə, personajlarına və sevginin bütün formalarını nümayiş etdirmək məqsədinə sadiq qalaraq, səmimi sonluğu ilə yetkinləşməyə imkan verən, rahat və təsirli sevgi hekayəsi olaraq qalır və "Əbədi" adı ilə izləyicilərinə gözəl vida edir." "Metacritic" isə 10 tənqidçinin rəyləri əsasında filmə 100 üzərindən 67 bal vermiş və onu ümumilikdə müsbət rəylər almış film kimi qiymətləndirmişdir.
"Variety" jurnalından Aramid Tinubu filmi "yetkin və daha yüksək səviyyəyə çatdırılmış möhtəşəm vida" adlandıraraq yazmışdır ki, "Qəlb çırpıntısı: Əbədi" serialı layiqli şəkildə yekunlaşdırır və pərəstişkarlarına personajların həyatının ideal epiloqunu göstərir.
"The Guardian" qəzetində dərc olunmuş beş ulduzdan üç ulduzlu resenziyada mədəniyyət şöbəsinin redaktor müavini Ouen Mayers yazmışdır ki, "yumşaldılmış seks səhnələri Netflixin bu aşiq cütlüyünün həqiqətən böyüməsinə imkan vermir". O əlavə etmişdir ki, Kit Konnorun fikrincə serial tamamilə fərqli sonluqla başa çata bilərdi. Aktyor bu barədə "The Guardian" qəzetinə verdiyi müsahibədə demişdir: "Mənim istəyimlə olsaydı, Niklə Çarli bir-birini aldadardı və gənclərin etdiyi bütün o ağılsız hərəkətləri edərdilər. Çünki gənclər belə şeylər edirlər və buna görə mütləq mənfi obraz kimi təqdim olunmamalıdırlar." Mayers daha sonra qeyd edir ki, "Qəlb çırpıntısı: Əbədi" filminin ortalarında Konnorun bu fikrini daha yaxşı anlamağa başlamışdır. Onun sözlərinə görə, Elis Osmanın böyük uğur qazanmış əsərinin mərkəzində duran Nik və Çarli artıq müvafiq olaraq 18 və 17 yaşındadırlar. Əksər yeniyetmələr kimi onlar da cinsi münasibət yaşayır, spirtli içki qəbul edir və bacı-qardaşları ilə mübahisə edirlər. Lakin yaşıdlarının əksəriyyətindən fərqli olaraq elektron siqaretdən istifadə etmir, tanışlıq tətbiqlərinə qoşulmur və bir-birlərinə xəyanət etmirlər.
İstinadlar
Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:Qəlb çırpıntısı Kateqoriya:2026-cı ilin Böyük Britaniya filmləri Kateqoriya:2026-cı ilin LGBTQ-əlaqəli filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Böyük Britaniya komikslərinə əsaslanan filmlər Kateqoriya:İngilis yazıçılarının əsərlərinə əsaslanan filmlər Kateqoriya:Komikslərə əsaslanan bədii filmlər