Zahid xan Xoyski () — azərbaycanlı siyasətçi, mühəndis və siyasi mühacir.

İstanbul liseyini bitirdikdən sonra Polşada mühəndislik sahəsində ali təhsil alıb. İkinci Dünya müharibəsi dövründə almanlar tərəfindən əsir götürülmüş və Polşa xəstəxanalarında müalicə alan azərbaycanlılara yardım göstərən Yardım Komitəsində fəaliyyət göstərib. Berlində yaradılmış Milli Birlik Məclisinin üzvü olub. İkinci Dünya müharibəsinin başa çatmasından sonra əsir düşərgələrində saxlanılan azərbaycanlıların xilas edilməsi istiqamətində fəaliyyət göstərib. Misirə göndərilmiş azərbaycanlı əsirlərlə birlikdə Qahirəyə gedib və Azərbaycan Yardım Komitəsi adından Misir kralı Faruqa minnətdarlığını çatdırıb.

1951-ci ildə ailəsi ilə birlikdə Nyu-Yorka köçüb və mühəndis kimi fəaliyyət göstərib. 1952-ci ildə Nyu-Yorkda yaradılmış “Azərbaycan Birliyi”nin katibi olub. 1954-cü ildə ABŞ Konqresində Azərbaycan mədəniyyəti və Azərbaycanın istiqlal mübarizəsi mövzusunda çıxış edib. 1997-ci ildə Nyu-Yorkda vəfat edib.

Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı oğlu, Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, Cümhuriyyəti ordusunun podpolkovniki İsmayıl xan Ziyadxanlı və Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirin müavini və Cümhuriyyətin İrandakı səfiri Adil xan Ziyadxanovun isə bacısı oğludur.

Haqqında

İlk illəri Zahid xan Hüseynqulu xan oğlu Xoyski 1910-cu il sentyabrın 25-də Gəncə şəhərində anadan olub.

Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanı zamanı ailəsi ilə birlikdə şəhərdə olub. Üsyan yatırıldıqdan sonra Xoyskilər ailəsi Gürcüstana getməyə cəhd göstərsə də, Qazaxda həbs edilərək yenidən Gəncəyə gətirilib. Bir neçə gün həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Həbsdən azad edildikdən sonra ailə əvvəlcə öz evlərinin zirzəmisində, daha sonra isə Zahid xanın dayısı Şahverdi xan Ziyadxanovun evində yaşayıblar.

Mühacirətdə 1921-ci ildə Qacar dövlətinin səfiri tərəfindən verilmiş saxta pasportlar vasitəsilə Gəncəni tərk edib. Həmin ilin noyabr ayında əvvəlcə Batuma, oradan isə gəmi ilə İstanbula köçüblər. Zahid xan 1929-cu ildə İstanbul liseyini bitirib. 1930-cu ildə Polşanın Varşava şəhərinə gedərək mühəndislik məktəbində təhsil alıb.

İkinci Dünya müharibəsinin başlanmasından sonra, 1941-ci ildə bacısı Valiyə xanım almanlar tərəfindən əsir götürülmüş və Polşa xəstəxanalarında müalicə alan azərbaycanlılara yardım göstərmək məqsədilə Varşavada Yardım Komitəsi yaradıb. Zahid xan 1941–1944-cü illərdə komitənin fəaliyyətində yaxından iştirak edib. 1943-cü il 6–11 noyabr tarixlərində Berlində Milli Birlik Məclisinin təşəbbüsü ilə keçirilən Milli Azərbaycan Qurultayında iştirak edib. Qurultayda Almaniyada fəaliyyət göstərən müxtəlif Azərbaycan mühacir təşkilatlarının birləşdirilməsi məqsədilə Azərbaycan Milli Birlik Məclisi yaradılıb və Zahid xan bu qurumun üzvü seçilib. 1944-cü ildə Sovet qoşunlarının Varşavaya yaxınlaşmasından sonra ailəsi ilə birlikdə Almaniyaya, 1945-ci ildə isə Avstriyanın Tirol bölgəsinə köçüb. İkinci Dünya müharibəsinin başa çatmasından sonra Romada yaşayıb.

Romada fəaliyyət göstərdiyi dövrdə Cahangir bəy Kazımbəylinin yaratdığı Azərbaycan Yardım Komitəsinin işində iştirak edib. Komitə Roma yaxınlığındakı ingilis düşərgələrində saxlanılan və SSRİ-yə təhvil verilməsi nəzərdə tutulan 100-dən çox azərbaycanlı əsirin xilas edilməsi istiqamətində fəaliyyət göstərib. Komitənin Misir kralı Faruqa müraciətindən sonra 1947-ci ilin noyabrında şahzadə Əmir İbrahim Romaya gələrək Britaniya rəsmiləri ilə danışıqlar aparıb. Nəticədə azərbaycanlı əsirlər gizli şəkildə Neapol limanına aparılıb və Misirə göndəriliblər. Zahid xan da şahzadə Əmir İbrahimlə birlikdə Qahirəyə gedərək Azərbaycan Yardım Komitəsi adından kral Faruqa minnətdarlığını çatdırıb. O, bir müddət Misirdə qalaraq ölkəyə köçürülmüş azərbaycanlı mühacirlərin problemlərinin həlli ilə məşğul olub.

1951-ci ildə Zahid xan həyat yoldaşı və yeddi yaşlı qızı ilə birlikdə Neapol yaxınlığındakı Bagnoli düşərgəsində saxlanılıb. Həmin il ABŞ-yə mühacirət etmək icazəsi aldıqdan sonra, 7 noyabr 1951-ci ildə ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. İki il sonra hərbi təyyarə zavodunda mühəndis kimi işə başlayıb. 1952-ci il aprelin 20-də Nyu York şəhərində yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətini yaymaq və köməyə ehtiyacı olan azərbaycanlılara maddi və mənəvi yardım etmək məqsədilə “Azərbaycan Birliyi” adlı dərnək qurublar. Dərnəyin sədri Dr. Hacıağa İsmayılzadə, katibi isə Zahid xan Xoyski olub. 1954-cü ildə ABŞ Konqresində Azərbaycan mədəniyyəti və Azərbaycanın istiqlal mübarizəsi mövzusunda çıxış edib.

Zahid xan Xoyski 1997-ci ildə Nyu-Yorkda vəfat edib. Dəfn mərasimində Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Eldar Quliyev iştirak ediblər. Azərbaycan dövləti adından Zahid xan Xoyski üçün məzar daşı hazırlanıb. Həmçinin Azərbaycanın Prezidenti Heydər Əliyev Zahid xanın həyat yoldaşı Tereza xanıma rəsmi başsağlığı məktubu ünvanlayıb.

Ailəsi Zahid xanın atası Hüseynqulu xan Xoyskidir. O, Çar Rusiyası dövründə Gəncə qubernatorunun köməkçisi vəzifəsində çalışıb. Göstərdiyi xidmətlərə görə müxtəlif ordenlərlə təltif edilib. 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayının iştirakçılarından biri olub. O, Cavad xanın nəslindən olan Əbülfət xanın qızı Şirinbəyim xanım Ziyadxanova ilə ailə qurub. Bu nikahdan Zahid, İsgəndər, Sima və Valiyyə adlı dörd övladları dünyaya gəlib. Aprel işğalından sonra Hüseynqulu xan Türkiyəyə mühacirət edib. 1955-ci ildə İstanbulda vəfat edib və Feriköy məzarlığında dəfn olunub.

Zahid xanın bacısı Valiyyə xan Xoyski Azərbaycan Cümhuriyyəti ordusunun zabiti və Gəncə üsyanının rəhbərlərindən biri olan Cahangir bəy Kazımbəyli ilə ailə qurub. Cahangir bəy 1920-ci il Gəncə üsyanında iştirak etdikdən sonra Türkiyəyə mühacirət edib. 1943-cü ildə Berlində yaradılmış Azərbacyan Milli Birlik Məclisinin üzvü olub. 1947-ci ildə Milli Birlik təşkilatının tapşırığı ilə Romadan Türkiyəyə göndərilərək İkinci Dünya müharibəsindən sonra Türkiyədə gizlənən azərbaycanlı hərbçilərin təhlükəsiz şəkildə Romaya keçirilməsi əməliyyatını təşkil edib. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salınır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksəkrütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Təyyarədə olan hər kəs o cümlədən də Valiyə xanım bu qəzada vəfat edib. O, İstanbulun Feriköy məzarlığında dəfn edilib.

Qardaşı İsgəndər xan Xoyski Gəncədə anadan olub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1930-cu ildə Mahrux bəyim Ziyadxanla ailə qurub. 1989-cu ildə İstanbulda vəfat edib.

Bacısı Sima xanım Xoyskaya Türkiyəyə mühacirət etmiş gəncəli Hacıbaba Gəncəlinin oğlu Məhmətəli Məhmətzadə ilə ailə qurub. Onlar İstanbulda yaşayıblar.

Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri olmuş Fətəli xan Xoyski, Zahid xanın əmisi, Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, Cümhuriyyəti ordusunun podpolkovniki İsmayıl xan Ziyadxanlı və Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirin müavini və Cümhuriyyətin İrandakı səfiri Adil xan Ziyadxanov isə Zahid xanın dayılarıdır.

Zahid xan Xoyski əslən polşalı olan Tereza xanımla ailə qurub. Bu evlilikdən Yeganə adlı qızları dünyaya gəlib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Xoyskilər Kateqoriya:Milli Birlik Məclisinin üzvləri Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan memuarçıları