Durmuş xan Əbdi bəy oğlu Şamlı () — qızılbaş sərkərdəsi, Herat hakimi.

Əmir xan Mosullu tərəfindən Əmir Qiyasəddinin 11 iyun 1521-ci ildə i İxtiyarə qalasına həbs edilib, 16 iyunda isə edam edilməsi xəbəri Şah ismayıla çatdıqda şahın əmri ilə Təhmasib Mirzə və Əmir xan Təbrizə çağırıldı. Şahzadə Sam Mirzə və onun lələsi kimi Durmuş xan Şamlı yeni Xorasan hakimi təyin edildilər. Bu xəbər Durmuş xana çatdıqda o hələ də Xirqanda idi. Xəbəri eşidən kimi Herata doğru yola düşdü. Nəhayət 1521-ci ildə Durmuş xan Herat hakimi kimi vəzifəsinin icrasına başladı. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirdi. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşadı.

Həyatı Şamlı boyundan olan Durmuş xan məşhur təvaçıbaşı Əbdi bəy Şamlı ilə Şah İsmayılın bacısının oğlu idi. Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.

Çaldıran döyüşünə qədər fəaliyyəti “Tarixi aləmara-yi-Səfəvi” əsərində verilən məlumata görə hələ 20 iyun 1503-cü ildə baş vermiş Almaqulağı döyüşündə Şah İsmayılın rəhbərliyindəki Səfəvi ordusu Sultan Muradı məğlub etdikdə, Sultan Murad döyüş meydanını tərk etməli olur. Döyüşün rəhbərlərindən Mustafa paşa da onun ardınca geri çəkilmək istədikdə, şah ordusunun təqibindən yaxa qurtara bilmir. Şah İsmayıl ona yetişərək nizə ilə onu atdan yerə salır. Durmuş xan isə dərhal onun başını bədənindən ayırır. Bu döyüşdən sonra səfəvi qoşunu Həmədandan İsfahana gəlir və Şah İsmayılın əmri ilə Durmuş xan İsfahan bəylərbəyi təyin olunur. İsfahan bəylərbəyi təyin edildikdən sonra, Durmuş xan memar Mirzə-şah Hüseyn İsfahanini öz vəziri seçərək şəhərin yenidən qurulmasını vəzifəsini ona tapşırdı. Mənbələrdə Çaldıran döyüşünə qədər Durmuş xan tez-tez səfərlərdə iştirak etdiyi üçün İsfahanın idarəsini Mirzəşah Hüseynə həvalə etdiyi barədə məlumatlara rast gəlmək mümkündür.

İsgəndər bəy Münşi "Tarix-i aləmara-yi Abbasi" əsərində Məhəmməd Kərrənin itaətsizlik göstərməsi məsələsində Durmuş xan Şamlının adını çəkir. "Tarix-i aləmara-yi Abbasi" və "Aləmara-yi Səfəvi"nin məlumatına görə, Yəzdin mühasirəsi uzun çəkdikdə Nemətulla şah Yəzd əhlinə məktub göndərdi və onları Məhəmməd Kərrənin məkrlərinə uymamağa və qala darvazalarını qızılbaşların üzünə açmağa çağırdı. Bildirilir ki, bundan sonra şəhər əhalisi fürsət tapıb qala darvazalarını açdılar və Durmuş xanın rəhbərliyi altında olan qızılbaş dəstəsi qalaya daxil olaraq onu nəzarət altına götürdülər.

Yenə "Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində Mükri tayfası hakimi Sarom xan Mükrinin üsyanı zamanı tərəflər arasında baş verən döyüşdə Durmuş xan və atası Əbdi bəy Şamlı haqqında məlumatlara rast gəlmək mümkündür. Döyüşün ilk günü qızılbaş qoşunlarının qalibiyyəti ilə sona çatır. Buna baxmayaraq şahzadə İbrahim Mirzə yaralanır. Döyüşün gedişatı Şah İsmayıl tərəfindən izlənilirdi və Səlmas ətrafında nə baş verməsindən onun xəbəri var idi. Burada qızılbaş qoşunlarının mürəkkəb vəziyyətlə qarşılaşdığını bildiyindən Şah İsmayıl sonradan Əbdi bəy və oğlu Durmuş xan Şamlının rəhbərliyi altında 6 min nəfərlik bir qoşun dəstəsini də Sultan İbrahimin köməyinə yolladı.

İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə İbrahim Mirzə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır. Qarşılıqlı mübarizədə Əbdi bəy yaralanır. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan döyüş meydanına atılır. Qılınc zərbəsi ilə Ərduvan bəyi qətlə yetirir. Sarom xan oğlunun öldürüldüyünü gördükdə özünü Durmuş xanın üstünə atdı, bütün qəzəbini toplayaraq qılıncının zərbəsini Durmuş xanın üstünə yönəltdi. Bu zərbə o qədər ağır idi ki, Durmuş xanın müdafiə olunmağa çalışdığı qalxanını parçalayaraq onu yaraladı. Bununla belə, Durmuş xan döyüş meydanını tərk etmədi və bütün qızılbaşları da döyüşə ruhlandırmaq üçün yarasını sarıtdırıb özünü yenidən meydana atdı. Döyüş Sarom xanın rəhbərliyində kürd qoşunun məğlubiyyəti ilə nəticələndi.

1510-cu ildə Şeybani xanın Mərvə çəkilməsi haqqında məktubu Şah İsmayıla yetişəndə o, Durmuş xanı yanına çağırdı və Heratın hakimliyini ona həvalə etdi. Sonra da Şah İsmayıl ona tapırdı ki, qızılbaş dəstəsi ilə Herata yollansın, oradakı özbək qoşun dəstəsinə zərbə vurmaqla bu şəhəri ələ keçirsin, Canvəfa Mirzəni əsir götürsün, öz müavinini Heratda saxlayaraq Canvəfa Mirzə ilə qayıdıb yenidən qızılbaş qoşunlarına qatılsın. Durmuş xan isə Şah İsmayıldan icazə istədi ki, onun yanında qalsın, onunla birlikdə Mərv yürüşündə iştirak etsin və yalnız Mərvdən qayıtdıqdan sonra Herata yürüş etsin. Şah İsmayıl onun bu xahişini qəbul etdi və sonra da Can adlanan məntəqədən Mərvə doğru hərəkətə başlamaq haqqında göstəriş verdi.Mənbələrdə tərəflər arasında baş verən 3 saatlıq Mərv döyüşü haqqında ətraflı məlumatlar var. Özbək şahı Şeybani xan məğlub edildikdən sonra Şah İsmayıl tərəfindən təqib edilərək öldürülür (bəzi mənbələrə görə bataqlıda boğulur). Onun yaxın adamı Canvəfa Mirzə isə Durmuş xan tərəfindən təsadüfən qətlə yetirilir.

Hicri 918/ miladi 1512-1513-cü ildə Şahzadə Əhmədin oğlu. Murad, Nur Əli xəlifə ilə birlikdə Şah İsmayıla sığınır. Bu zaman şahın əmri ilə onları qarşılamaq və qonaq etmək vəzifəsi Durmuş xan Şamlıya tapşırılmışdı.

Çaldıran döyüşündə rolu Çaldıran döyüşü başlamazdan əvvəl Şah İsmayılın əmri ilə döyüşdən əvvəl şura toplantısı keçirilir. Bu haqqda Səfəvi qaynaqlarında verilən məlumatlar demək olar ki eyni məzmundadır. Qaynaqlarda Osmanlı ilə döyüş təcrübəsi olan komandanların hamısı düşmən ordusunun döyüş nizamı almadan hücum etməyi məsləhət gördüyü yazılmışdır. Bu təklif Şah İsmayıl və əsas Qızılbaş sərkərdələrindən olan Durmuş xan Şamlının narazılığına səbəb olur, onlar mərdyana döyüş olması üçün düşmənlərinin hazırlıqlarını bitirməsini gözləməyi təklif edirlər.

Bican tərəfindən yazılmış "Cahanqoşai-ye Xaqan" əsərində müharibə şurası toplantısı daha ətraflı verilmişdir. Bu əsərdə Osmanlı ordusu barədə məlumat verməyə ilk öncə Xan Məhəmməd xanın başladığını, Osmanlı ordusunun arabalardan, toplardan və tüfəngçilərdən ibarət döyüş taktikasını izah etdiyi bildirilir. Nurəli Xəlifə və bəzi başqa sərkərdələr qələbə üçün Osmanlıya qəfil hücumu etməyi məsləhət bilirlər. Durmuş xan isə onlara "əmriniz [yalnız] Diyabəkirdə işləyir" deyə şiddətlə qarşı çıxmışdır.

Bu məclis haqqında Həsən bəy Rumlu tərəfindən qələmə alınan Əhsənət-Təvarix əsərində də məlumatlara rast gəlmək mümkündür. Rumlu yazır:

Xan Məhəmməd Ustaclu, Nurəli xəlifə və rumilərin vərdişlərini bilən bəzi digər şəxslər ərz etdilər:

- Düşmənlər Çaldıranda özlərini müdafiə etməyə hazır olmazdan öncə onların üzərinə gedək və o natamamların işini bitirək. Durmuş xan Şamlu bu sözü rədd edib, Xan Məhəmmədə xitabən:

- Sənin kətxudalığın (ağalığın) Diyarbəkrdə keçər, – dedi və əlavə etdi: - Onlar özlərini qorumaq üçün əllərindən gələni edənədək gözləyərik. Ondan sonra döyüş meydanına qədəm qoyub onların qoşununu darmadağın edərik. İsgəndər şanlı xaqan, Durmuş xanın sözünü qəbul etdi (bəyəndi). Sultan Səlim Çaldıran təpəsindən aşağı enib, öz qoşunlarının mövqeyini möhkəmləndirməyə çalışaraq öz ətrafını araba və zəncirlə bağladı.

"Naməlum hekayələr" əsərində isə hekayə bir qədər fərqlidir. Bu əsərdə əsas mübahisə indi və ya sonra hücum etmək ətrafında yox, geri çəkilmə ya da hücum etmə ətrafında cərəyan edir. Chester Beatty Librarydə saxlanılan əlyazmada isə bu toplantının təsviri qısadır. Burada bəzilərini geri çəkilməyi təklif etməsinə qarşı Durmuş xan Şamlının "Qeysar kimdir ki, qorxub ondan qaçaq? Allahın kimə [qələbə] verəcəyini görmək üçün çalışacağıq və vuruşacağıq!" deyə cavab verdiyi yazılmışdır.

"Aləmaray-i Səfəvi"nin sonrakı əlyazmalarında bu müzakirələr bir qədər fərqli təqdim edilmişdir. Burada da, Xan Məhəmməd xan birinci çıxış edir. Lakin bu əsərdə o, Osmanlı hərb taktikasından bəhs etmir, sadəcə düşmənin çoxlu döyüşçüsü olduğunu, yetəri qədər qızılbaşın toplanmadığını, cəmi 18 min döyüşçünün olduğunu bildirir. Şah İsmayıl bu məqamda başqalarının fikirlərini soruşur. Durmuş xan Şamlı bu sözləri deyir:

-Yüz min dəfələrlə absurd bir şəkildə dünyaya gətirdiyin bu ada ayıb olsun. Səni kişiyanə biri olduğunu düşününcə! Qeysar kimdir ki, biz ona arxamızı çevirəcəyik və oğrular kimi səssiz aradan çıxacağıq? Niyə kişilər kimi özümüzü onun ordusuna atmırıq? Əgər bəxt onundursa, [qələbə] onun olacaq və əgər – İnşallah – Uca Yaradan onu bizim Kamil Rəhbərimizə versə, bizim olacaq.

Farsdilli mənbə və ədəbiyyatda olan məlumata görə, Səfəvi qoşunlarının sağ cinahı Durmuş xanın rəhbərliyi altında idi. "Aləmaray-i Səfəvi" adlı mənbənin təsvirinə görə, döyüşdə Sultanəli Əfşar osmanlılar tərəfindən əsir götürüldükdən sonra Şah İsmayıl döyüşü davam etdirdi. Şah İsmayıl elə bu vaxtlarda Durmuş xanın osmanlıların mühasirəsində olduğunu müşahidə etdi və dərhal da onun köməyinə yollandı. Baxmayaraq ki, Durmuş xanın əhatəsində çoxlu sayda Osmanlı döyüşçüsü var idi, Şah İsmayıl onu bu mühasirədən azad edə bildi və həyatını təhlükədən uzaqlaşdırdı.

“Tarixi aləmara-yi-Səfəvi ”əsərində qeyd olunur ki, qızılbaş ordusunun məğlubiyyəti ilə nəticələnən döyüşdən sonra Şah İsmayılın əmri ilə Taclı Bəyimi tapmaq və ya haqqında bir xəbər gətirmək məqsədilə Durmuş xan 300 əsgər ilə onun ardınca göndərildi. Təsadüfən Durmuş xan Şamlının vəziri Mirzəşah Hüseyn İsfahani Taclı bəyimin əşyalarını daşıyırdı. Onlar Təbrizdən təqribən 2 mənzil uzaqlaşdıqdan sonra Taclı bəyim ilə qarşılaşmışdılar. Mirzəşah Hüseyn Taclı bəyimi Marağa yolu ilə şaha aparmaq üçün yola düşdükdə yolda Durmuş xan Şamlı ilə rastlaşırlar. Bu hadisədən sonra Şah İsmayıl ölən vəkili Mirzə Əbdül Bakinin əvəzinə Mirzəşah Hüseyn İsfahanini yeni vəzir, vəkil və divani ali naziri təyin edir.

Bəzi mənbələrdə Çaldıran döyüşündəki məğlubiyyətin səbəbkarı kimi Durmuş xanın adı çəkilir. Mahmud ibn Xandəmir Durmuş xan Şamlını düşmənin gücünü xor görməkdə, Şah İsmayılı isə onun sözlərini dinləməklə təkəbbürlülük etməkdə qınayır. "Təkmilat" əsərində Durmuş xan ilə digərlərinin özündənrazılığının qızılbaşları bədbəxtliyə düçar etdiyini yazır. Şah Təhmasib bu döyüşün şahidlərindən biri kimi taxta çıxdıqdan sonra Osmanlı sultanına yazdığı məktubda atası İsmayıl və sərkərdələrinin gecə sərxoş olduqlarını bu səbəbdən məğlub olduqlarını yazır. O vaxtdan bəri Çaldıran döyüşü haqqında söz açıldıqda atasını bu məntiqsiz döyüşə təşviq etdiyi üçün Durmuş xana lənət oxuyarmış.

1517-ci ilin sonlarında Şah İsmayıl qışlaq üçün Naxçıvana yollandı. Şah İsmayıl Naxçıvana doğru hərəkət edərkən bir həftənin ərzində üç oğlan övladı dünyaya gəldi və mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl bu övladlarının doğulmasını çox böyük sevinc və şadyanalıqla qarşıladı. Bu üç övladdan birincisi Şah İsmayıl Marağada olarkən, 1517-ci il sentyabr ayının 8-də dünyaya gəldi və onun adını Sam Mirzə qoydular. Şah İsmayıl, Sam Mirzənin anadan ol- masına görə böyük miqdarda nəzir-niyaz payladı və Durmuş xan onun lələsi təyin edildi.

1518-1519-cu ildə baş verən hadisələr Şah İsmayıl, h. 924/1518-19-cu illərdə Qumda olarkən Mazandaran hakimlərinin illik xərac vermədiyini öyrənib, Durmuş xan Şamlını digər görkəmli Şamlı əmirləri ilə birlikdə onlara qarşı göndərdi. Bu hadisə Əhsənət-Təvarix əsərində ətraflı təsvir edilmişdir. Həsən bəy Rumlu yazır: