Pol Ramsden (1969-cu ildə anadan olub) — britaniyalı alpinist və dağcıdır. O, yüksək səviyyəli alpinizmi ilə beynəlxalq miqyasda tanınır. Ramsden Himalaylarda ekstremal yüksəkliklərdə yerləşən marşrutların alp üslubunda ilk keçidlərinə görə beş dəfə Piolet d'Or mükafatına layiq görülüb.
O, 2003, 2013 və 2016-cı illərdə Mik Faulerlə birlikdə mükafata layiq görülüb və bununla onlar bu mükafatı qazanan ilk britaniyalı alpinistlər olublar. 2017-ci ildə mükafatı Nik Bullokla, 2023-cü ildə isə Tim Millerlə birlikdə qazanıb.
2023-cü ildə Financial Times onu “ən çox mükafat qazanmış alpinist (və niyə onun haqqında heç eşitməmisiniz)” ifadəsi ilə təqdim etmişdir.
Ramsdenin fəaliyyəti əsasən Himalayların mürəkkəb və az tədqiq olunmuş zirvələrində kiçik komanda ilə, yüngül avadanlıqla və əlavə düşərgələrdən minimum istifadə etməklə həyata keçirilən alp üslublu yüksəlişlərlə xarakterizə olunur.
Alpinist Karyerası
Ramsden yüngül və minimalistik alp üslubunda dırmanışın qəti tərəfdarıdır. O, sabit iplərdən və ekspedisiya alpinizmində istifadə olunan digər dəstək vasitələrindən, o cümlədən oksigen balonlarından və hündürlük daşıyıcılarından istifadəni qəbul etmir.2023-cü ildə Ramsden öz yanaşmasını belə ifadə edib: o, özünü alpinist hesab edir və başqa üsulla dırmanmağı düşünmədiyini, alp üslubunda qalxa bilməsəydi, dırmanmağı dayandıracağını bildirib. Onun fikrincə, böyük dağlara qalxmağın yeganə etik yolu alp üslubudur və digər üsullar bu yanaşma ilə müqayisədə “aldatma” sayılır. Ramsden Piolet d'Or mükafatının fəlsəfəsinin Britaniya alpinizm ənənəsinə uyğun olduğunu düşünür. Onun fikrincə, kiçik komandalar, kəşfiyyat və alp üslubu bu mükafatın təşviq etdiyi əsas prinsiplərdir və məhz bu yanaşma alpinistlərin inkişafına imkan verir.
Ramsden yüksək hündürlükdə ekstremal alpinizmin son dərəcə təhlükəli olduğunu yaxşı anlayır. O, uzunmüddətli karyerasını qismən gənc yaşlarında dırmanış tərəfdaşlarının ölümünün şahidi olması ilə əlaqələndirir. Bu hadisələrdən xüsusilə biri onun 17 yaşı olarkən baş verib.Bu erkən təcrübələrin onun dağlarda riskə münasibətini formalaşdırdığı və sonrakı karyerasında ehtiyatlı qərarverməyə, risklərin düzgün qiymətləndirilməsinə və dağ şəraitinin sərhədlərini qəbul etməyə təsir göstərdiyi bildirilir.
Görkəmli Qalxışlar və Nəticələr
Pol Ramsdenin alpinist karyerasında əsasən Himalay və Tibet bölgələrində həyata keçirilmiş, yüksək texniki çətinliyə malik ilk keçidlər xüsusi yer tutur.
• 2002 — Siqunyanq, şimal-qərb üzü (Sıçuan, Çin): 1 500 metr hündürlüyündə, ED+ (VII AI6 M6) çətinlik dərəcəli marşrut. Mik Faulerlə birlikdə ilk keçidi həyata keçirib. Bu qalxışa görə onlar 2003-cü il Piolet d'Or mükafatına və 2002-ci il Golden Piton Award mükafatına layiq görülüblər.
• 2007 — Manamço, şimal-qərb tirəsi (Tibet): 700 metrlik, TD, Scottish V dərəcəli marşrut. Faulerlə birlikdə ilk keçid. Nyençen Tanqla silsiləsinin “Matterhornu” kimi tanınır.
• 2010 — Sulamar, şimal üzü (Sincan, Çin): 1 600 metr yüksəklikdə, TD+ dərəcəli marşrut. İlk keçid Mik Faulerlə birlikdə həyata keçirilib.
• 2012 — Şiva, şimal-şərq dayağı (“Prow”), Hindistan: 700 metrlik, ED+ dərəcəli marşrut. Faulerlə birlikdə ilk keçid. Bu uğura görə onlar 2013-cü il Piolet d'Or mükafatını qazanıblar — Ramsden üçün ikinci belə mükafat.
• 2013 — Kiştvar Kailaş, cənub-qərb üzü, Hindistan: 1 500 metrlik, ED, Scottish VI dərəcəli marşrutun ilk keçidi Mik Faulerlə birlikdə həyata keçirilib.
• 2014 — Haqşu, şimal-şərq üzü, Hindistan: 1 300 metrlik, ED dərəcəli marşrut. İlk keçid Mik Faulerlə birlikdə.
• 2015 — Qave Din, şimal üzü, Nepal: 1 600 metrlik, ED+ dərəcəli marşrutun ilk keçidi Faulerlə birlikdə həyata keçirilib. Bu qalxışa görə onlar 2016-cı il Piolet d'Or mükafatını qazanıblar. Bu, Ramsden və Faulerin birlikdə qazandığı üçüncü Piolet d'Or olub.
• 2016 — Nyainqentangla Cənub-Şərqi, şimal dayağı, Tibet: 1 600 metr hündürlüyündə, ED+ dərəcəli marşrut. Nik Bullokla birlikdə ilk keçidi həyata keçirib. Bu qalxış Ramsdenə dördüncü Piolet d'Or mükafatını qazandırıb.
• 2022 — Cuqal Spire, şimal üzü (“Phantom Line”), Nepal: Cuqal Himalında yerləşən 1 300 metrlik, ED dərəcəli marşrut beş gün ərzində keçilib. İlk keçid Tim Millerlə birlikdə həyata keçirilib. Bu uğura görə Ramsden 2023-cü il Piolet d'Or mükafatını qazanaraq beşinci dəfə bu mükafata layiq görülüb.
• 2023 — Surma-Sarovar, şimal üzü, Nepal: 6 574 metr yüksəklikdə yerləşən zirvənin Salimor Khola vadisindəki şimal üzü Tim Millerlə birlikdə keçilib. Bu qalxış Ramsdenin sonrakı Himalay fəaliyyətinin mühüm nailiyyətlərindən biri hesab olunur.
Şəxsi Həyatı
Uzunmüddətli dırmanış tərəfdaşı Mik Fauler kimi, Pol Ramsden də peşəkar alpinist deyil. O, əsas peşə fəaliyyətini əməyin mühafizəsi və gigiyenası üzrə mütəxəssis kimi davam etdirir. Ramsden “Integral HSE” adlı xidmət şirkəti vasitəsilə özünüməşğul şəxs kimi tam iş vaxtı fəaliyyət göstərir. Alpinizm onun əsas gəlir mənbəyi deyil; yüksək səviyyəli dağçılıq fəaliyyəti peşəkar işindən kənarda həyata keçirdiyi məşğuliyyətdir.
Biblioqrafiya
• Ramsden, Paul (2023). “The Jugal Project: The First Ascent of a Striking Spire in Nepal” — Nepalda yerləşən Cuqal Spire zirvəsinə ilk qalxışdan bəhs edir. American Alpine Journal, cild 65, № 97. American Alpine Club.
• Ramsden, Paul (2017). “The Wrong Valley: Climbing a Hidden Wall on a 7,000-Meter Peak in Tibet” — Tibetdə 7 000 metrlik zirvənin gizli divarına qalxışın təsviri. American Alpine Journal, cild 59, № 91, s. 10–18. American Alpine Club.
• Ramsden, Paul (2016). “Positive Vibes: The First Ascent of Gave Ding in Western Nepal” — Nepalın qərbində yerləşən Qave Din zirvəsinə ilk qalxış haqqında. American Alpine Journal, cild 58, № 90, s. 56–65. American Alpine Club.
• Ramsden, Paul (2015). “Hagshu, Northeast Face and Traverse” — Hindistanda Haqşunun şimal-şərq üzü və traversi haqqında. American Alpine Journal, cild 57, № 89, s. 320–325. American Alpine Club.
• Ramsden, Paul (2014). “Kishtwar Kailash, Southwest Face” — Hindistanda Kiştvar Kailaşın cənub-qərb üzü üzrə qalxışın təsviri. American Alpine Journal, cild 56, № 88, s. 337. American Alpine Club.
İstinadlar