Dövlətüstü qurum dövlətlərə məxsus olan bəzi səlahiyyət və funksiyaları birbaşa həyata keçirmək səlahiyyətinə malik olan beynəlxalq təşkilat və siyasi birlik növü. Dövlətüstü təşkilat digər beynəlxalq təşkilat növləri ilə müqayisədə dövlət suverenliyinin daha geniş şəkildə ötürülməsini və ya məhdudlaşdırılmasını nəzərdə tutur.

Avropa İttifaqı dövlətüstü təşkilatın nümunəvi modeli kimi təsvir edilmişdir. Bunun səbəbi onun ümumi bazar, birgə sərhəd nəzarəti, ali məhkəmə və müntəzəm xalq seçkiləri də daxil olmaqla, dərin siyasi, iqtisadi və sosial inteqrasiyaya malik olmasıdır.

Hüquqi konsepsiya kimi yaranması 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atom bombalarının atılmasından sonra Albert Eynşteyn 1940-cı illərin sonlarında bütün hərbi qüvvələrə, o cümlədən nüvə silahlarına nəzarət edəcək, yalnız yerli polis qüvvələrini öz səlahiyyətindən kənarda saxlayacaq "dövlətüstü" təşkilatın yaradılmasını dəstəkləyən çoxsaylı çıxışlar etmiş və məqalələr yazmışdı. O hesab edirdi ki, bu proses ABŞ, Sovet İttifaqı və Böyük Britaniyanın iştirakı ilə başlaya və sonradan digər dövlətlərin əksəriyyətini əhatə edə bilər. Eynşteyn bunu nüvə müharibəsindən qaçmağın yeganə yolu kimi təqdim edirdi.

O, 1945-ci ilin noyabrında və 1947-ci ilin noyabrında The Atlantic Monthly jurnalında dərc olunan məqalələrində belə bir təşkilatın konstitusiyasının necə hazırlana biləcəyini təsvir edərək bu ideyanı irəli sürdü. 1948-ci ilin aprelində Karnegi-Holl-da etdiyi çıxışda isə fikrini belə ifadə etdi: "Sülh və təhlükəsizliyə aparan yalnız bir yol var: dövlətüstü təşkilatlanma yolu."

Eynşteynin məşhurluğu sayəsində bu məsələ ilə bağlı fikirləri geniş müzakirələrə və mübahisələrə səbəb oldu. Lakin onun təklifi Qərbdə geniş dəstək qazanmadı, Sovet İttifaqı isə bu ideyaya düşmən münasibət bəslədi.

1949-cu ildə təsis sənədinin qəbul edilməsi və 1953-cü ildə qüvvəyə minən İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Konvensiya ilə Avropa Şurası insan hüquqları və hüququn aliliyi prinsiplərinə əsaslanan bir sistem yaratdı. Fransanın xarici işlər naziri Robert Şuman Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxışlarda, Avropa Şurasının Statutunun imzalanması zamanı və Avropa və Şimali Amerikada keçirdiyi bir sıra digər çıxışlarında dövlətüstü demokratiya ilə bağlı müzakirələrə start verdi.

"Dövlətüstü" termini beynəlxalq müqavilədə ilk dəfə (iki dəfə) 18 aprel 1951-ci ildə imzalanmış Paris müqaviləsində işlədilmişdir. Bu yeni hüquqi termin Avropa Kömür və Polad Birliyinin yaradılmasında icma metodunu (Community method) və Avropanın demokratik yenidən təşkilinin başlanmasını müəyyən edirdi. Termin Ali Hakimiyyət (High Authority) və ya Avropa Komissiyası ilə digər dörd institut arasındakı münasibətləri müəyyənləşdirirdi. Beləliklə, müqavilədə yeni demokratik və hüquqi konsepsiya formalaşdırılmışdı.

İstinadlar

Kateqoriya:Avropa İttifaqı hüququ Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:Federalizm Kateqoriya:İmperializm Kateqoriya:Nəzəriyyələr