Səməd Yunus oğlu Haqverdiyev () — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1989).
Həyatı və yaradıcılığı Səməd Yunus oğlu Haqverdiyev 1921-ci ildə Bakıda anadan olmuşdur. Şuşanın Haqverdiyevlər nəslinin nümayəndəsidir.
Səməd Haqverdiyev 1944-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş, 1945-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlamışdır. Həmin il keçirilən respublika rəssamlıq sərgisində "Ana" tablosu ilə iştirak etmişdir. 1946-cı ildə Azərbaycanın müxtəlif rayonlarına yaradıcılıq ezamiyyətinə getmiş, "Kolxoz sürüsü" tablosunu və bir sıra peyzaj əsərlərini yaratmışdır. Sonrakı illərdə, əsasən, peyzaj janrında fəaliyyət göstərmiş və respublika rəssamlıq sərgilərində müntəzəm iştirak etmişdir.
1954-cü ildə Səməd Haqverdiyev "Senej" Yaradıcılıq Evində olmuşdur. Səfərin yekununda Azərbaycan Rəssamlar İttifaqında onun əsərlərindən ibarət hesabat sərgisi təşkil edilmişdir. 1955-ci ildə keçirilən respublika sərgisində "At ilxısı" tablosu ilə iştirak etmişdir.
1957-ci ildə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş sərgi üçün Səməd Haqverdiyev bir sıra peyzajlar, o cümlədən "Xəzər dənizinin sahilləri" və "Dalğa" əsərlərini yaratmışdır. "Dalğa" əsəri həmin il keçirilən Ümumittifaq rəssamlıq sərgisində nümayiş etdirilmişdir. 1959-cu ildə Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə həsr olunmuş sərgi üçün isə "Vişnə meşəsi", "Fırtına", "Yay" və "Qaradağ" peyzajlarını hazırlamışdır.
Səməd Haqverdiyev yaradıcılıq məqsədilə Şuşa, Şamaxı, Qəbələ, İsmayıllı, Lənkəran, Zaqatala, Kəlbəcər və Abşeron bölgələrinə səfərlər etmiş, peyzajlarını, əsasən, naturadan çəkmişdir. Şuşaya həsr etdiyi əsərləri arasında "Şuşada küçə", "Üçmıx", "Qızıl qaya", "Daşaltı" və "Turşsu" peyzajları olmuşdur.
1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq sərgisində Səməd Haqverdiyevin "Şumlanmış torpaq", "Doğma meydanlarda" və "Sülh meydanlarında" peyzajlar silsiləsi nümayiş etdirilmişdir. 1972-ci ildə "SSRİ bizim vətənimizdir" sərgisində Azərbaycan təbiətinə həsr olunmuş yeni əsərlərlə iştirak etmişdir. Səməd Haqverdiyevin əsərləri xarici ölkələrdə, o cümlədən Almaniya Demokratik Respublikası və Rumıniyada da nümayiş etdirilmişdir.
Səməd Haqverdiyevin əsərləri Azərbaycan və xarici ölkələrin muzeylərində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Əsərlərinin bir hissəsi Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındadır.
Səməd Haqverdiyev 1991-ci ildə Bakıda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanın peyzajçı rəssamları