Əbu Ubeyd əl-Qasım ibn Səllam ibn Miskin əl-Hərəvi (; ) — Qiraət, fiqh, hədis, ərəb dili və ədəbiyyatı alimi.
Həyatı Hicri 154-cü (771) ildə Heratda doğulduğu təxmin edilir. Bizans (rum) əsilli olan babası Əzd qəbiləsindən bir şəxsin azad etdiyi kölə idi. İlk təhsilinə Heratdakı ibtidai məktəbində (küttab) başladı. Hicri 179-cu (795) ildə Heratdan ayrılaraq Kufə və Bəsrədəki fiqh, hədis, təfsir və dil alimlərinin dərslərində iştirak etdi. Uzun sürən təhsil həyatından sonra müxtəlif elmlərə dair əsərlər qələmə aldı və daha sonra Herata qayıtdı. Burada Harun ər-Rəşidin valilərindən olan Hərsəmə ibn Əyən onu övladlarının təlim və tərbiyəsi ilə vəzifələndirdi. Daha sonra Mərvə gedərək orada da bir müddət buna bənzər vəzifədə çalışdı.
Vəzir Tahir ibn Hüseyn Mərvə gəldikdə onunla tanış oldu və Əbu Ubeydi özü ilə Samərraya apardı. Əbu Ubeyd Samərrada bir müddət qaldıqdan sonra Bağdada getdi və vali Sabit ibn Nəsr ibn Malikin uşaqlarına müəllimlik etdi. Eyni zamanda əş-Şafiidən fiqh oxuyaraq onunla elmi mübahisələr apardı. Əhməd ibn Hənbəlin məclislərində iştirak etdi. Quran elmləri və qiraətlə məşğul olduğu müddətdə lüğət və nəhv alimlərindən də bəhrələndi. Hər biri fərqli metod və görüşləri mənimsəmiş qırxdan çox alimin dərslərində iştirak etdi.
Onlardan ərəb dili və ədəbiyyatı, ənsab (nəsəbşünaslıq) kimi elmləri öyrəndi. Müəllimləri arasında əl-Kisai, Hişam ibn əl-Kəlbi, Əbu Əmr əş-Şeybani, Yəhya ibn Ziyad əl-Fərra, Məmər ibn Müsənna və əl-Əsmai kimi məşhur alimlər vardır. Bundan başqa, Abdullah ibn Mübarək, Süfyan ibn Uyeynə, Yəhya ibn Səid əl-Qəttan və Əbdürrəhman ibn Mehdidən hədis öyrəndi. Tələbələrinin arasında isə Əhməd ibn Hənbəl, Əbu Hətim əs-Sicistani, Buxari, Tirmizi, İbn Əbid-Dünya və Bəlazuri kimi tanınmış şəxslərin adları çəkilir.
Sabit ibn Nəsr Tarsus valisi olduqda Əbu Ubeydi də özü ilə apararaq onu Tarsus qazılığına təyin etdi. Əbu Ubeyd on səkkiz il davam edən bu vəzifədən əsər yazma fəaliyyətinə mane olduğu üçün ayrıldı və hicri 213-cü (828) ildə Yəhya ibn Məinlə birlikdə Misirə getdi. Bu arada onun Şama getdiyi də rəvayət edilir. Daha sonra yenidən Bağdada qayıdaraq qəribül-hədis mövzusunda dərslər deməyə başladı. Böyük maraq doğuran bu dərslərin nəticəsində ən məşhur əsəri olan "Qəribül-hədis"i qələmə aldı.
Rəvayətə görə, hicri 219-cu (834) ildə həccə gedən Əbu Ubeyd yuxusunda Məhəmmədi gördüyü üçün geri qayıtmaqdan vaz keçərək Məkkədə yaşamağa qərar verdi. O, hicri 224-cü ilin Məhərrəm ayında (dekabr 838) burada vəfat etdi və Cəfər ibn Əbu Talibin evində dəfn edildi. Onun hicri 222-ci (836) və ya 223-cü (837) ildə vəfat etdiyi də qeyd olunur.
Əsərləri Əbu Ubeyd "əl-Qiraət", "Kitabül-Əmval", "Qəribül-hədis", "ən-Nəsix vəl-Mənsux" və başqa əsərlərin müəllifidir.
Həmçinin bax Bəsrə qrammatika məktəbi Kufə qrammatika məktəbi
İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb filoloqlar