Basqal hamamı — Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndinin Kələküçə məhəlləsində yerləşən XVI–XVII əsrlərə aid tarixi hamam.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2022-ci ildən hamam binasında Azərbaycan hamam mədəniyyətinə həsr olunmuş muzey fəaliyyət göstərir.
Tarixi Basqal hamamı XVI–XVII əsrlərdə Basqal kəndinin Kələküçə məhəlləsində tikilib. Hamam 1990-cı ilə qədər ilkin təyinatı üzrə fəaliyyət göstərib.
2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2021-ci ildə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində aparılan bərpa və yenidənqurma işləri çərçivəsində hamam əsaslı şəkildə bərpa edilib. Bərpa zamanı tarixi materiallardan və arxiv sənədlərindən istifadə olunub. Bərpa işlərindən sonra hamam binasında Azərbaycan ərazisində hamam mədəniyyətinin tarixinə həsr olunmuş muzey yaradılıb. Muzey 2022-ci ildən fəaliyyətə göstərir. Ekspozisiyada hamam mədəniyyətinin tarixi, hamama getmə və çimmə ənənələri, habelə bu ənənələrlə bağlı məişət əşyaları nümayiş etdirilir.
Memarlığı Basqal hamamı Şərq hamamlarına xas memarlıq xüsusiyyətlərini daşıyır. Tikilinin bir hissəsinin yer səviyyəsindən aşağıda, digər hissəsinin isə yer səviyyəsindən yuxarıda yerləşməsi daxili temperaturun tənzimlənməsinə imkan verirdi. Bu xüsusiyyət nəticəsində hamamın yay aylarında nisbətən sərin, qış aylarında isə isti olması təmin edilirdi.
Hamam giriş, soyunma və çimmə otaqlarından, hovuz və ocaqxanadan ibarət olub. Tikilidə suyun qızdırılması və isti havanın yayılması üçün divarların və döşəmənin altından keçirilən keramika və saxsı borulardan istifadə edilib.
Giriş otağı düzbucaqlı formaya malikdir. Hamamın interyerində müxtəlif formalı tağ və qübbələrdən istifadə olunub. Üstü tağ bəndlərlə saxlanan 2 günbəzlə örtülüb. Hamam ümumilikdə iç-içə olan 2 salon və yardımçı otaqlardan ibarətdir. Memarlıq elementlərində ornamentlərə də rast gəlinir. Sütun elementlərinin simmetrik quruluşu tikilinin memarlıq xüsusiyyətlərindən biridir.
Hamamın mərkəzi hissəsində su hovuzu yerləşir. Döşəmə daş plitələrlə örtülüb. Döşəmənin altında yerləşən saxsı borular vasitəsilə ocaqxanada qızdırılan hava hamamın müxtəlif hissələrinə ötürülürdü.
İstinadlar
Kateqoriya:Azərbaycan hamamları Kateqoriya:XVI əsrdə yarananlar Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:İsmayıllı rayonunun abidələri Kateqoriya:Basqal abidələri