Kolluqda qoç (, ) — qədim Ur şəhərində (müasir İraqın cənubunda) aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş və təxminən e.ə. 2600–2400-cü illərə aid edilən bir cüt fiqur. Fiqurlardan biri Londondakı Britaniya Muzeyinin 56-cı zalında yerləşən Mesopotamiya qalereyasında, digəri isə ABŞ-nin Filadelfiya şəhərindəki Pensilvaniya Universiteti Muzeyində saxlanılır.

Aşkarlanması Əslində, qoç kimi təsvir edilən bu cüt fiqurun keçiləri əks etdirdiyini söyləmək daha düzgün olardı. Fiqurlar 1928–1929-cu illərdə arxeoloq Leonard Vulli tərəfindən Urdakı hökmdar qəbiristanlığında yerləşən qəbirlərdən biri — "Böyük Ölüm Çuxuru"nda (PG 1237) bir-birinə yaxın vəziyyətdə aşkar edilmişdir. Vulli 1922-ci ildə başlanmış Britaniya Muzeyi ilə Pensilvaniya Universitetinin birgə arxeoloji layihəsinə rəhbərlik edirdi. Fiqurıardan biri Filadelfiyadakı Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyində saxlanılır.

Vulli fiquru "Kolluqda qoç" adlandırmışdır. Bu ad Yaradılış kitabının 22:13 ayəsində bəhs edilən İshaqın qurban verilməsi hekayəsindən götürülmüşdür. Hekayəyə görə, Tanrı İbrahimə oğlu İshaqı qurban verməyi əmr edir, lakin son anda bir mələk İbrahimi dayandırır və ona buynuzları kolluğa ilişmiş bir qoçu göstərir; İbrahim də oğlunun əvəzinə həmin qoçu qurban verir.

Fiqur Aşkar edildiyi zaman hündürlüyü 45,7 sm olan fiqur üzərini örtən torpaq qatının ağırlığı nəticəsində tamamilə yastılanmış, daxili taxta nüvəsi isə çürüyərək demək olar ki, yox olmuşdu. Bu taxta nüvə üz və ayaq hissələrində incə şəkildə yonulmuş, bədən hissəsi isə daha kobud formada hazırlanmışdı. Leonard Vulli qazıntı zamanı ayrı-ayrı hissələri bir yerdə saxlamaq üçün mumdan istifadə etmiş, daha sonra isə fiquru ehtiyatla ilkin formasına qaytarmışdır. Qoçun başı və ayaqları taxtanın üzərinə çəkiclə döyülərək yerləşdirilmiş və nazik bitum qatı vasitəsilə yapışdırılmış qızıl yarpaq ilə örtülmüşdür. Qulaqları misdən hazırlanmış və bu gün verdigris nəticəsində yaşıl rəng almışdır. Buynuzları və çiyinlərindəki yun örtüyü lacivərddən, bədənindəki yun isə daha qalın bitum təbəqəsinə bərkidilmiş sədəfdən hazırlanmışdır. Fiqurun cinsiyyət orqanı qızıldandır, qarnı isə gümüş lövhə ilə örtülmüşdü; həmin gümüş təbəqə oksidləşərək bərpası mümkün olmayan vəziyyətə düşmüşdür. Digər fiqurun cinsiyyət orqanının da gümüşdən hazırlandığı, lakin korroziyaya uğrayaraq tamamilə itdiyi ehtimal edilir. Ağac da qızıl yarpaqla örtülmüş və üzərində qızıldan hazırlanmış çiçəklər yerləşdirilmişdir.

Fiqur sədəf, qırmızı əhəngdaşı və lacivərddən hazırlanmış mozaika ilə bəzədilmiş kiçik düzbucaqlı əsas üzərində dayanır. Əvvəllər fiqur ayaq biləkləri ətrafından keçirilmiş gümüş zəncirlər vasitəsilə çiçəklənən kola birləşdirilmişdi, lakin bu zəncirlər tamamilə korroziyaya uğrayaraq yox olmuşdur. Ehtimal edilir ki, hər iki fiqur ilkin olaraq qarşı-qarşıya yerləşdirilmiş heyvanlar kompozisiyası şəklində bir-birinə baxırdı. Çiyinlərindən yuxarı qalxan boruların isə ehtimal ki, kasa və ya buna bənzər bir əşyanı daşımaq üçün dayaq funksiyası daşıdığı düşünülür.

Vullinin təsviri

İstinadlar

Ədəbiyyat Leonard Woolley, Ur: the First Phases, Penguin Books, London and New York (1946) C. L. Woolley and P. R. S. Moorey, Ur of the Chaldees, revised edition, Ithaca, New York, Cornell University Press, (1982) H. W. F. Saggs, Babylonians, The British Museum Press, London (1995) D. Collon, Ancient Near Eastern Art, The British Museum Press, London (1995) C. L. Woolley and others, Ur Excavations, Vol. II: The Royal Cemetery, The British Museum Press, London (1934)

Xarici keçidlər

The Ram in a Thicket on the British Museum website Penn Museum's Ram in the Thicket Collection highlight Ram in the Thicket: A 4,500-year-old gold statue from the royal cemetery at Ur — LiveScience — Kristina Killgrove — 26 may 2025

Kateqoriya:Şumer incəsənəti və memarlığı Kateqoriya:Britaniya Muzeyinin kolleksiyasındakı Yaxın Şərq heykəlləri Kateqoriya:Qızıl heykəllər Kateqoriya:İndividual qliptika nümunələri Kateqoriya:Keçi heykəlləri Kateqoriya:Qədim Yaxın Şərq heykəltaraşlığı Kateqoriya:Ur Kateqoriya:Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyi Kateqoriya:Qədim metalişləmə Kateqoriya:İraqdakı arxeoloji kəşflər